Rusiyanın Suriyadakı səfirliyi atəşə tutuldu

Rusiyanın Suriyadakı səfirliyi minomyotlardan atəşə tutulub.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Suriyalı həmkarı - ölkənin xarici işlər naziri Valid Muallem ilə görüşündə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Rusiyanın Suriyadakı nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsinə olan ehtiyac getdikcə artır. Bu günlərdə Rusiyanın Dəməşqdəki səfirliyi yenidən minomyotlardan atəşə tutulmuşdu", - deyə o bildirib.

Rusiyanın Suriyadakı səfirliyi hələ noyabrın 23-də minomyotdan atəşə tutulsa da, Sergey Lavrov bu haqda yalnız bu gün - noyabrın 27-də danışıb.

Bundan əvvəl Rusiya səfirliyi oktyabr ayında silahlı atəşə məruz qalıb. Birinci raket diplomatik nümayəndəliyin binasına tuş gəlib.

Hücum zamanı Rusiyanın Suriyadakı əməliyyatlarını dəstəkləmək üçün səfirliyin ətrafına xeyli insan toplaşmışdı.

Rusiyanın diplomatik missiyasının birinci katibi Eldar Qurbanov bildirib ki, saat 10:15-də səfirliyə 2 mina düşüb. O, həlak olan və ya xəsarət alanların olmadığını bildirib.

Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Kremlin rəsmi məlumatına görə, Rusiya İŞİD-in Suriyadakı mövqelərini atəşə tutublar.

Lakin Qərb bununla razılaşmayaraq bildirir ki, Rusiya Suriya prezidenti Bəşər Əsədə qarşı çıxan ölkə müxalifətinə zərbələr endirir.