Redaksiyadan: "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlıya cavab yazısını olduğu kimi və şərhsiz yayımlayırıq. Redaksiyadan: "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlıya cavab yazısını olduğu kimi və şərhsiz yayımlayırıq.

Həcviyyə, şərəf və ləyaqət haqqında- ​ - Taleh Şahsuvarlıya cavab yazısı

Redaksiyadan: "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlıya cavab yazısını olduğu kimi və şərhsiz yayımlayırıq.

Mənə özünü müxtəlif politoloqların və filosovların kitablarını yaxşı bilən biri kimi qələmə verən Taleh Şahsuvarlının həcviyyəsinin linkini göndəriblər:

https://www.aznews.az/news/editorsdesk/203855.html.

Amma, göründüyü qədər, peşə-etika normaları çərçivəsində mübahisəyə girməyi öyrənə bilməyibsə, kitab oxumağın ona faydası olmayıb. O, hələ də sadə Tezis-Arqument-Dəlil sxemini mənimsəməyib. Tezislər var, uydurmalar istisna olmaqla, arqument və dəlil isə yoxdur. Belələrinə "Yalançı" deyirlər.Aznews.az-ın nə olduğunu öyrənmyə qərar verdim, belə ki, onun haqqında heç bir məlumatım yox idi. "Haqqımızda" bölməsinə daxil oldum - heç nə yoxdur, "Əlaqələr"də bir vatsap nömrəsi var. KİV-dir, ya hansısa troll?!Beləliklə, hörmətli oxucu, Şahsuvarlının öz həcviyyəsində toxunduğu bəzi aspektləri təkrarlamalı olacağam. Bir-bir.

***

Turan-ın tarixi

MDU-nun jurnalistika fakultəsini bitirdikdən sonra rusdilli "Azərbaycan gəncliyi" ("Молодежь Азербайджана") qəzetində işə başladım. Qəzetə əfsanəvi redaktoru Nəcəf Nəcəfov rəhbərlik edirdi. Bu, şüurlu redaksiya seçimi idi - həmin qəzet ölkədə azad düşünən yeganə nəşr idi. Təsadüfi deyil ki, 1988-ci ildə Ermənistanın Qarabağa qarşı qəsdinə cavab olaraq xalqımız ərazi bütövlüyünün müdafiəsi üçün "Azadlıq" meydanına çıxdıqda jurnalistlər arasında ilk dəfə məhz Nəcəf Nəcəfov meydan və xalqın tələbləri haqqında məqalə yazdı. Məhz "Azərbaycan gəncliyi" Qarabağ mövzusu ətrafındakı informasiya qadağasını aşdı. Buna görə o, vəzifəsindən azad edildi. Onun ardınca tərəfdarları - Arif Əliyev, Şahin Hacıyev, Gündüz Şabanov, Nazim Rəhimov və başqaları redaksiyanı tərk etdilər.

1989-cu ildə Nəcəfov Xalq Cəbhəsinin təsisçilərindən biri və təsis edilmiş "Azadlıq" qəzetinin ilk redaktoru olur.

Mən qəzetdən Azərinform dövlət informasiya agentliyinə - TASS-ın Azərbaycan şöbəsinə keçdim, burada hərbi hüquq şöbəsinin müxbiri vəzifəsində işləyirdim. Tez-tez Qarabağa və Ermənistanla sərhədə ezam olunurdum. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıdan daxil olduqdan sonra etiraz əlaməti olaraq agentliyi tərk etdim - və mən bu addımı atan yeganə insan oldum. Arif Əliyevin rəhbərlik etdiyi "Xəzər" maarif jurnalında işə başladım və nəşrin məsul katibi oldum. Jurnal SSRİ-də və onun hüdudlarından kənarda məşhur olan türkoloq və sözün əsl mənasında insan olan Aydın Məmmədovun rəhbərlik etdiyi Bədii Tərcümələr Mərkəzi nəzdində fəaliyyət göstərirdi. Bu, azad düşünən insanların mərkəzi və türk ideyalarının birləşdiyi yer idi. Bir müddət sonra biz Arif Əliyevin rəhbərliyi ilə "Turan" informasiya-nəşriyyat müəssisəsini təsis etdik. Mən nəşriyyatın fəaliyyətinə görə cavabdeh idim. Azərbaycanın informasiya blokadasından çıxarılması zərurəti ilə əlaqədar 1990-cı il mayın 5-də müəssisə mənim rəhbərlik etdiyim Turan İnformasiya Agentliyini yaratdı. Əvvəllər mən tək işləyirdim - xəbərləri əl ilə yazır, telefonla onları dünya KİV-lərinin Moskvada yerləşən xarici bürolarına oxuyurdum. 1991-ci ilin sonlarında maliyyələşmə məhdudlaşdırıldı və agentlik bağlanma həddinə gəldi. Amma həmin vaxta qədər dünya KİV-lərinin təqdirini qazanmağa müvəffəq olmuşduq və qonorar axınları gəlməyə başladı. Aylıq gəlir bir neçə min dollar, funt-sterlinq, alman markı, fransız frankı, rus rublu təşkil edirdi. Həmin vaxt yüksək əmək haqqı 50 dollara bərabər idi. 1992-ci ildə agentlikdə beş nəfər işləyirdi. Müstəqillik əldə etdikdən sonra səfirliklər, xarici şirkətlərin nümayəndəlikləri açılmağa başladı. Gəlir dəfələrlə artdı və gəlirlə birlikdə agentlik də genişləndi. Bütün vəsait inkişafa yatırılırdı. 1997-ci ildə əməkdaşların sayı 45-ə çatmışdı. Biz bütün sahələri əhatə edirdik və demək olar ki, KİV üçün yeganə əsas mətn və foto-informasiya mənbəyi idik. Onlarla qəzet və bütün telekanallar abunəmiz idi. Hələ internet yox idi və biz 90-cı illərin sonlarında intranet - müştərilərimizi əsas kompüterimizlə birləşdirən və abunələrimizin onlayn rejimdə xəbərləri oxumasına imkan verən sistemi yaradan yeganə qurum biz idik. Biz hər şeydə birinci idik. Böyük planlarımız var idi. Amma 1998-ci ildən Azərbaycanda KİV-in boğulması siyasəti başlayır, bu da mətbuatın ciddi böhranına gətirib çıxarır. Böhranın ilk illərində Turan əməkdaşları işdən çıxarmayan və vaxtlı-vaxtında əmək haqqı verən, hətta əmək haqqını artıran yeganə sabit nəşr idi. 2006-cı ildə, bir çox KİV-lər hakimiyyətin nəzarəti altına keçdikdə onlara Turan-a abunə olmağı və bizim xəbərlərimizdən istifadə etməyi qadağan etdilər. Bu, agentliyə maliyyə zərbəsi və onun informasiya mühasirəsinə alınması idi. Xəbərlərimiz yalnız abunəlik əsasında yayılır, bu, bizim yeganə gəlir mənbəyimizdir. Və adi vətəndaşlar bizim xəbərlərimizi onları yayan KİV-dən oxuyur, dinləyirdilər. Sonradan alternativlərin və dövlət tərəfindən maliyyələşdirilən çoxsaylı KİV-lərin yaranması fonunda bizim maliyyə vəziyyətimiz pisləşməyə başladı. Əməkdaşlarımızın sayı azalmağa başladı, onlar daha yüksək əmək haqqın üçün başqa KİV-lərə keçirdilər. Turan 2014-cü ilə qədər pulsuz xəbərlərin yayılması üçün SOROS fondundan və adi oxucular üçün açıq olan Contact.az saytının yaradılması üçün NED-dən dəstək alırdı. Bir nümunə göstərim. 2001-ci ildə KİV nümayəndələri mətbuatın maliyyə-iqtisadi böhranı ilə əlaqədar Heydər Əliyevlə görüşdülər. Bu görüşdə mən açıq şəkildə bildirdim ki, KİV-in informasiya xidmətinə görə agentliyə borcu 40 min dollar təşkil edib. Redaktorlar agentliyə olan borclarını ödəməyi təklif etdilər. Fond nümayəndələri bunu edə bilməyəcəklərini, amma agentliyin qəzet və jurnallara gələcək xidmətlərinin haqqını ödəyə biləcəklərini bildirdilər. Belə də oldu. Biz iki il mətbuatı informasiya məshulları ilə təchiz etdik.

KİV-lər arasında agentliyin fərqləndirici xüsusiyyəti o idi ki, Turan ardıcıl olaraq söz azadlığının, insan hüquqlarının, ictimai maraqların müdafiəsi məsələlərində vətəndaş mövqeyi tuturdu. Bu, həm də hakimiyyətin agentliyə hücumlarının səbəbi idi.

Qeyd etmək lazımdır ki, son 4 ildə əməkdaşların sayı 15 nəfərə qədər azalıb, onların 8 nəfəri jurnalist, digərləri texniki işçilərdir. Amma biz yenə də hakimiyyətin 2017-ci ildə agentliyə qarşı cinayət işi saxtalaşdıraraq, qarşısını almağa çalışdığı işimizi davam etdirməyə müvəffəq olduq. Turan yerli və beynəlxalq ictimaiyyətin geniş dəstəyi sayəsində sağ qaldı. Sayca kiçik olan agentliyin rolunun və təsirinin əhəmiyyət dərəcəsini ölkənin, hətta postsovet məkanının tarixi boyunca heç bir təşkilatın, heç bir şəxsin belə güclü dəstək almaması faktı sübut edir. Və nəhayət, KİV-in boğulması siyasəti olmasaydı, Turan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanın informasiya flaqmanı olaraq qalardı.

MTN casusu

Mən həqiqətən Nəcəf Nəcəfovun dostu olan və ilk redaktorumun məni tanış etdiyi biznesmen Babək Muradovu tanıyıram. O, ləyaqətli şəxs və vətəndaşdır. Amma, məlumat üçün deyim ki, MTN-ə işləmək təklifi Mahmudovun vaxtında deyil, 1995-ci ildə gəlib. Bu, ölkə rəhbərliyinə Heydər Əliyevə qarşı hazırlanan sui-qəsd haqqında məlumat verməyimdən sonra baş verib. Həmin vaxt mənə MTN-in analitika idarəsinə rəhbərlik etməyi təklif etdilər. Amma mən bu təklifdən imtina etdim.

Bundan əvvəl, 1994-cü ildə mən H.Əliyevə ölkə üçün taleyüklü layihə olan "Əsrin müqaviləsi"nin imzalanmasını pozmaq cəhdləri haqqında məlumat vermişdim. Bundan sonra o, müşavirə keçirmiş və müqaviləni qısa müddət ərzində təqdim etməyi tələb etmişdi, belə də etdilər. Bu müqavilənin 1994-cü ilin oktyabr hadisələrində və sonrakı dövrdə oynadığı rol haqqında danışmağa dəyməz. Bundan sonra mənə imtina etməyin qeyri-mümkün olduğu yüksək vəzifələr təklif edildi, amma mən yenə də imtina etdim.

Turan-ın milli təhlükəsizlik maraqlarına uyğun şəkildə həll etdiyi digər mühüm məsələlərdə olub, amma onlar haqqında açıq danışmaq lazım gəlmir.

Sahib Məmmədov

Sahib Məmmədovun Sumqayıt haqqında film çəkilməsinə vəsait almaq üçün onun kabinetinin kandarını çıxartdığımı deyə biləcəyini düşünmürəm. Biz həmin vaxt onunla tanış deyildik, baxmayaraq ki, mən prezidentin mətbuat katibinin müavini və İctimai Əlaqələr Sektorunun müdiri idim. Qarabağ istiqaməti də mənim nəzarətim altında idi. Düşünürəm ki, həmin vaxt Elçibəy administrasiyasında işləyən hamı bilir ki, biz həmin vaxt hansı səviyyədə iş həyata keçirdik və Ermənistanın dezinformasiya maşınının zərərsizləşdirilməsinə nail olduq. Bu işlər təkcə Bakıda deyil, Yerevanda da yüksək qiymətləndirilirdi. 1993-cü ilin aprelində Ermənistan prezidentinin mətbuat katibi prezident Elçibəyin mətbuat katibi Arif Əliyevə zəng edib və informasiya müharibəsində moratorium elan etməyi təklif edib. Biz cavab olaraq informasiya müharibəsi aparmadığımızı, sadəcə olaraq öz işimizi yerinə yetirdiyimizi - həqiqəti söylədiyimizi bildirdik.

Bu iş H.Əliyev tərəfindən də yüksək qiymətləndirildi, o, 1993-cü ilin iyununda artıq hakimiyyət dəyişdikdən sonra parlamentin sədri olarkən öz nümayəndəsi vasitəsilə mənə prezidentin mətbuat xidmətinə rəhbərlik etməyi təklif etdi. Mən bu təklifdən imtina etdim və hətta işə çıxmadım. Mənə 2 il boş saxladıqları Azərtac-ın direktoru vəzifəsini də təklif etdilər. Yenə də imtina etdim. Bunun səbəbləri haqqında danışmayacağam. Bütün bu mövzular daha geniş açıqlama tələb edir.

Soros Fondu

Mən 2009-cu ildə Açıq Cəmiyyət İnstitutu - Azərbaycanın (Soros Fondu) idarə heyətinin sonuncu sədri oldum. Bu, Sorosun Azərbaycandakı nümayəndəliyini bağlamaq qərarı qəbul etdiyi vaxt idi.

Soros Fondu Azərbaycana 90-cı illərin ikinci yarısında gəlib və ölkənin vətəndaş cəmiyyətinin, QHT-lərinin formalaşmasına böyük töhfə verib. Mahiyyətcə, qeyri-hökumət təşkilatlarının əksəriyyəti, məşhur xadimlər fondun dəstəyi sayəsində öz sahələrində yüksək səviyyəli mütəxəssislərə çevrildilər. O, vətəndaş cəmiyyətinin inkişafının əsasını qoydu. Fond tətbiqi elmin, təhsilin, tibbin, hüququn, qanunvericiliyin, KİV-in və s. inkişafına böyük töhfə verdi. Və heç kim fondun Azərbaycanda inqilab hazırlamasına dəlil göstərə bilməz. Sorosun elan etdiyi açıq cəmiyyət ideyası inqilabi ideyadırsa, bu, artıq qeyri-sağlam fantaziyadan irəli gəlir.

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün onun Rusiya vətəndaşlığından məhrum edilməsi xahişi ilə Putinə məktubu mən yazmışdım, amma Milli Şuranın tapşırığı ilə. Bu, doğru qərar idi, çünki tarixdə vətəndaşlıqdan çıxmağın başqa yolu yoxdur. Mən Milli Şuranı və İbrahimbəyovu dəstəklədim və bundan peşman deyiləm. Yeri gəlmişkən, Milli Şuranın informasiya maşını minimum resursla hökumətin təbliğat informasiya sistemini məğlub etdi. Hökumət təbliğat komandasının aparıcı mütəxəssislərindən biri mənimlə söhbət zamanı bunu etiraf edib.

Prezident vəzifəsinə iddialarıma gəlincə, belə bir iddiam heç vaxt olmayıb. İbrahimbəyovun iştirakı qeyri-mümkün olduqda qruplar və ayrı-ayrı şəxslər prezidentliyə namizədliyimi irəli sürmək çağırışı ilə yanıma gəlirdilər. Amma mən bütün bunları şövqsüz qəbul edirdim, belə ki, heç vaxt özümü siyasətçi, hələ də prezident rolunda görməmişəm. Mənimlə bağlı belə təkliflər və istəklər dəfələrlə olub, amma, təkrar edirəm, mənim belə bir istəyim olmayıb.

İlham Əliyev

Müəllif özünü prezident İlham Əliyevin müdafiəçisi rolunda təqdim edir. Əslində o, Əliyevin müdafiəçisi rolu arxasında gizlənərək, mənə və Turan-a hücum etmək üçün ondan istifadə etməyə çalışır. Əliyevin öz prezidentini nüfuzdan salmaq üçün çox şey edən Şahsuvarlı kimi şübhəli şəxslərin dəstəyinə ehtiyacı olduğunu düşünmürəm. Əliyev və yaxınları heç vaxt sosial-şəbəkələrdə son zamanlar olduğu qədər təhqirlərə məruz qalmayıblar. Bu mədəniyyəti informasiya məkanına Şahsuvarlı və onun "himayədarları" kimi qara trollar gətirib. Şahsuvarlının şübhəli olduğunu onun yazdığı həcviyyə göstərir. Bu həcviyyə Turan-ın və bir jurnalist kimi öz tariximə aydınlıq gətirmək məqsədilə mənim cavabımın səbəbi oldu. Onun hər bir abzası CM-in 147 və 148-ci maddələridir.

Bəli, mən həmişə İlham Əliyevin tənqidçisi olmuşam, amma əsassız deyil. Dəfələrlə müxtəlif sahələrdə müxtəlif təkliflər və təşəbbüslərlə çıxış etmişəm. O, bəzilərini nəzərə alıb və hətta dəstəkləyib, digərlərini diqqətsiz və cavabsız qoyub.

Və bu, mənim təkcə jurnalist kimi deyil, həm də konstitusiyaya əsasən hüquq və öhdəlikləri olan vətəndaş kimi mövqeyimdir. Bundan sonra da bu mövqeyimə sadiq olacağam.

Bir dəfə məndən soruşdular ki, Əliyevə qarşı sui-qəsd haqqında məlumatım olsaydı, nə edərdim. Cavab verdim ki, 1995-ci ildə etdiyimi. Amma Şahsuvarlının belə edəcəyindən əmin deyiləm. Çünki bunun üçün cəsarət, şərəf və ləyaqət lazımdır.

Mehman Əliyev,

"Turan" İnformasiya Agentliyinin direktoru

Qaynaq: http://www.turan.az/ext/news/2019/1/free/Want%20to%20Say/az/77806.htm