Tanınmış jurnalistlərin bu barədə yenə də kifayət qədər ciddi təklifləri səslənir Tanınmış jurnalistlərin bu barədə yenə də kifayət qədər ciddi təklifləri səslənir

Tovuz döyüşlərinin media səngəri

Tanınmış jurnalistlərin bu barədə yenə də kifayət qədər ciddi təklifləri səslənir

Tovuz rayonunda Ermənistanla sərhəd ərazilərdə yaşananlardan sonra izlədiyim yazı və rəylərdə cəbhə və ordu ilə bağlı informasiyaların necə verilməsi haqda xeyli maraqlı təkliflər var. Bu mənə 2014-cü ilin avqustunda səslənən təklifləri xatırlatdı. Hərçənd indiki hadisələrin miqyası daha böyükdür, əlbəttə.

Xatırladım ki, 2014-cü il avqustunda cəbhə xəttində atəşkəsin intensiv pozulması zamanı da xoşagəlməz hallar müşahidə edilirdi. Belə ki, sosial şəbəkələr və bəzi yeni internet resursları yanlış dezinformasiyalar və ya Azərbaycan qanunvericiliyi ilə hərbi sirr kimi tövsif edilə bilən, eləcə də əhali arasında təşviş yaradan məlumatlar tirajlayırdılar.

Bunun bir neçə səbəbləri vari idi:
1)Yeni media alətləri cəbhə xəbərlərinə İP, reytinq mənbəyi kimi yanaşır, xüsusən yeni təsis edilmiş KİV-lər arasında İP yarışı bütün əndazələri aşırdı. Məsələn, o zaman saytların biri Azərbaycan qırıcılarının Ermənistanın sərhəd rayonların bombardman etməsi kimi həqiqətə söykənməyən və təbii ki, əleyhimizə işləyən yalan yaymışdı;
2)Mövcud qanunvericiliyə bələdsizlik, ixtisaslaşmış jurnalistlərin olmaması, yeni media reallığını yaratdığı xəbəri mümkün qədər tez çatdırma tələbi bir çox hallarda ümumən qanunvericiliyin gözardı edilməsinə səbəb olurdu;
3) Cəbhə xəttində baş verənlərlə bağlı məlumatları yaymağa məsul qurumların ləng, astagəl işləmək şakəri belə günlərdə jurnalistləri alternativ xəbər mənbəyi axtarmağa sövq edirdi ;
4) Düşmən tərəfinin ilk baxışdan neytral kimi görünən (dez)informasiyaları dəqiqləşdirilmədən yayılırdı və s.

Təəssüf ki, bu durumu jurnalistlərin sevmədiyi metodla-yuxarıdan müdaxilə ilə aradan qaldırmaq mümkünsüzləşmişdi. Durumla bağlı aparılmış monitorinq haqda məruzə edildikdən sonra ölkə rəhbərliyini göstərişinə əsasən, medianın ozamankı bütün seqmentinin iştirakı ilə geniş müşavirə keçirilmişdi. Müşavirədə durumla bağlı PA rəsmilərinin, jurnalistlərin, media ilə bağlı jurnalist təşkilatları rəhbərlərinin çıxışları, təklifləri dinlənilmişdi. Müşavirəyə dezinformasiyaların mənbəyi kimi çıxış edən və ənənəvi KİV-lər tərəfindən haqlı olaraq ciddi qəbul edilməyən bəzi saytlar da dəvət olunmuşdu.

Müzakirələrin yekunları, təkliflər ölkə rəhbərliyinə məruzə olunmuşdu. Cənab Prezident mövcud problemlərin həlli məqsədilə aşağıda linki təqdim edilən sərəncam imzalamış, qurumlar qarşısında konkret vəzifə və tapşırıqlar müəyyən etmiş, o cümlədən qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində addımlar atılması zərurəti vurğulanmışdı.

Sərəncamın icrası istiqamətində müvafiq qurumlar tərəfindən aparılan işlərin yekunu olaraq 2016-cı il aprel hadisələri zamanı həm internet media, həm də sosial şəbəkələrdə düşmən təbliğatının qarşısı əsasən alındı. Lakin o zaman cəmiyyət olaraq başqa bir halla üzləşdik. Bəlli oldu ki, vətənpərvərliklə urapatriotizm arasında nazik cizginin çox asanlıqla keçilməsinin yarada biləcəyi fəsadlar erməni mənbələrinə istinadən (dez)informasiya yaymaq qədər təhlükəlidir. Gənclərin spontan fləşmoblarında Ermənistanla yanaşı az qala bütün qonşu dövlətlərə qarşı şüarlar səsləndirir, sosial şəbəkələrdə də bu istiqamətdə çağırışlar edilirdi. Halbuki savaş aparan cəmiyyət və onu təmsil edən dövlət aqressor istisna digər bütün ölkələrlə mümkün qədər komplimentar davranmalı, əlavə bəhanələr yaratmamalıdır. Urapatriotlar Azərbaycan əsgərinin öz müsəlman və türk babalarından miras aldığı və beynəlxalq konvensiyaların ruhuna uyğun olan yüksək döyüş əxlaqına zidd görüntülər yayır, guya bu yolla düşmənin gözünün oduna alırdılar. Bizim döyüş əxlaqımızsa qaçanı qovmamamağı, aman istəyənə rəhm etməyi, basdığını kəsməməyi, müasir leksikonla ifadə etsək, dinc sakinlərə toxunmamağı, hərbi əsirlə qeyri-humanitar davranışa yol verməməyi, dini tarixi abidələrə qarşı vandalizm aktlarından yayınmağı tələb edir. Bilirik ki, bu prinsiplər Azərbaycan əsgərinin az qala genetik kodlarla qəbul etdiyi davranış normalarıdır. Bəhs etdiyimiz görüntülərsə bizim orduya aid deyildi və ola da bilməzdi. Araşdırmalar həmin görüntülərin Yaxın Şərqdə qeydə alındığını, Azərbaycan əsgərinə dəxli olmadığını təsdiqləyirdi.

Sosial şəbəkələrlə təşkil edilən belə fləşmobların spontan, idarə olunmaz kütləvi aksiyalara çevrilmə ehtimalı da yüksək idi.

Üstəlik, bu ultrapatriotik sərsəmlik ikinci ifrat qütbün-aşırı pasifizmin, aşırı liberalların fəallaşmasına da səbəb olurdu.
Mübariz İbrahimova dil uzatmağı müasirlik bilən Nərmin Şahmarzadələrin son zamanlar “bollaşması”, mənasız terminoloji mübahisələr(“ düşmən” yox, “qarşı tərəf” deməli imişik ) , “erməni əsgərinin də valideynləri var” kimi ucuz pasifist çağırışlar bu günlər həmin əks qütbün müəyyən tərəfdar toplaya bildiyinin göstəricisidir. Təəssüf ki, bəzən peşəkarlarımız da bu yalançı pasifist tələyə düşə bilir. Məsələn, Paşinyanın həyat yoldaşını Ermənistan tərəfini sülhpərvər, zərər çəkən kimi göstərməyə hesablanmış müraciətinin Azərbaycan dilli auditoriya üçün neytral bir xəbər kimi belə geniş tirajlanmasının nə kimi informasiya yükü, faydalılığı var?

2014-ün avqustundan artıq 6 il keçib. O zaman müşavirənin keçirilməsini zəruri etmiş yanlışların səbəbkarı olan yeni cuppulu saytların içərisində böyüyüb gilayaqlı meqa layihəyə çevriləni də var. “Bir xəbər də guppuldadım, görək, nə qədər İP gələr” deyib rəqib KİV-lə “börkaldıqaç” oynayan gənc admin redaktorlar isə ən azı yaşlarını artırıblar. Pərvazlanıb müxtəlif məqamlara yetişənləri də var. Ümid edək ki, belə böyümə və yaş üstünə yaş gətirmə onlar üçün əlavə təcrübə demək olub. Lakin digər, daha gənc, daha cuppulu KİV-lər üçün bu keçərlidirmi? İzlədiyim qədər yenə də Buzbulaq kəndindəki Piri baba öz Fatmanisə qarısı ilə bahəm ciddi, daşdan keçən mənbə kimi çıxış etmədədirlər. Halbuki belə halların yolverilməzliyi haqda xüsusi tələblər adını çəkdiyimi sərəncamda xatırlanırdı.

Yenə də “Azərbaycan Hüseynçilər yurdudur!” kimi dini ya da buna bənzər irqçi şüarlar FB-ni başına alıb. Yenə də fləşmobla Qarabağı alan “qoçaqlar “ sosial medianın gücündən istifadə edib kütləni küçəyə səsləyə bilir. Yenə də vandalizm aktları əks etdirən montaj görüntüləri vətənpərvərlik aktı sayanlar var. Yenə də...

İzlədiyim, FB dostlarımın yazdıqlarından öyrəndiyim qədər erməni təxribatı yalnız cəbhə xəttində atəşkəsin pozulması ilə bitməyib, yüzlərlə saxta profil Azərbaycandilli auditoriyanın istehlakı üçün tam yalan fabrikinə çevriliblər. Və bizim auditoriya o yalanı istehlak edir. Yalnız indi deyil, yalnız saxta profillər də deyil. Artıq 5 aya yaxındır ki, FB Azərbaycan seqmenti Ermənistan İctimai Radiosunun və İctimai Televiziyasının sosial şəbəkə səhifələrinin reklamını qarşımıza çıxarır. Ermənistan ictimai yayımı öz saytlarında və sosial şəbəkədə Azərbaycan, rus, ingilis, türk, ərəb, aysor, kürd(kurmanci), yezidi (əslində kurmancinin bir dialektidir, amma Ermənistanda ayrı dil kimi qəbul olunur) dillərində açdığı hesablarla bütün günü Qərb, postsovet və Şərq ölkələrinin auditoriyasında Azərbaycan maraqları əleyhinə erməni agitpropunun ən idbar ənənələrinə uyğun təbliğatla məşğuldurlar. Olduqca məkrli işdir, amma, məsələn, Hafiz Hacıyevi dəzgaha çıxararaq məzələnib mırt tutmaqdan daha ciddi nəticələrə malikdir. Mən, əlbəttə, mediaya etimadın artırılması üçün təşəbbüsləri təqdir edirəm, amma bu təşəbbüslər kosmetik dəyişikliklərlə, şounu bol eləməklə, xoxan istehsalı ilə yekunlaşmamalıdır. Qarşımızda ən azı erməni ictimai yayımının nümunəsi var, axı.

Yəni mülki və hərbi informasiya ilə işləyən həm rəsmi instansiyalar , həm media qurumları, eləcə də sosial şəbəkələrin Azərbaycan seqmentində fəal olan hər kəs mümkün qədər diqqətli olmalıdır. Bir çox təəssübkeş imzaların son günlər dayanmadan yalan axınına qarşı, sözün tam mənasında, döyüşçü sayıqlığı ilə mübarizə aparması ümidvericidir. O şəxslərə minnətdar olmaq lazımdır, amma bu, yetərli deyil. Ya informasiyanı sən idarə edirsən, ya da mənşəyi bəlli olmayan (dez)informasiyalar kütləni.
2014-cü ildə cənab Prezidentin imzaladığı sərəncam isə işin düzgün əlaqələndirilməsi üçün hüquqi baza rolu oynayır, konkret məsuliyyət və fəaliyyət istiqamətləri müəyyən edir.

Sərəncamdan çıxarışlar:
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi:
4.1. cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görsün;
...5. Azərbaycan Mətbuat Şurasına tövsiyə olunsun ki, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkil etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2014-cü il”
https://president.az/articles/12963

P.S. Yazı dünən səhər yazılıb, 2016 aprel döyüşlərinin qazisi olan qəhrəman general Polad Həşimovun və döyüş yoldaşlarının şəhid olması xəbəri gəldiyindən dərc etməyi təxirə salmışdım. Lakin bu gün gecə paytaxda baş verənlər göstərdi ki, 2014-cü ilin avqustunda sonra informasiya siyasətinin həyata keçirilməsində müşahidə olunan boşluqlar hər halda tam aradan qalxmayıb. Tanınmış jurnalistlərin, ictimaiyyət nümayəndələrinin bu barədə yenə də kifayət qədər ciddi təklifləri səslənir. Nəzərə alınmasında fayda var.

Cəmaləddin Quliyev