PA-nın üç yüksək ranqlı yeni məmuru ilə üç “yeni ziyalı” arasındakı kəskin yaş fərqi nələrdən xəbər verir? PA-nın üç yüksək ranqlı yeni məmuru ilə üç “yeni ziyalı” arasındakı kəskin yaş fərqi nələrdən xəbər verir?

Hikmət Hacıyevin qarşısındakı ən böyük əngəl- favoritizm! -TƏHLİL

PA-nın üç yüksək ranqlı yeni məmuru ilə üç “yeni ziyalı” arasındakı kəskin yaş fərqi nələrdən xəbər verir?

29 noyabr 2019-cu ildə Azərbaycan prezidenti İlham Əliyev ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu vəzifəsindən azad etdi. Dövlət başçısının bu sərəncamı daha öncə elan edilmiş sosial- siyasi islahatlar kontekstində şərh olundu, idarəçilik institutunda meydanın gənclərə verilməsinin zərurliyindən irəli gəlməsi, hakimiyyətin öz media siyasətinə yenidən baxmaq planı kimi təqdim edildi. Bir müddət sonra- 4 aprel 2020-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Yardımı Fondunun (KİVDF) rəhbərinin də dəyişdirilməsi bu yanaşmaları ictimai rəydə daha da qabartdı. Media cameəsində, yumşaq desək, o qədər də sevilən sima olmayan Vüqar Səfərlini Yeni Azərbaycan Partiyasının “Dənizçilər” İlk Ərazi Təşkilatının sədri, Dövlət Dəniz Administrasiyasında aparat rəhbəri olmuş Əhməd İsmayılov əvəzlədi. Mətbuatdan tamamilə uzaq isim olan Əhməd İsayevin KİVDF-nin icraçı direktoru təyin olunmasını ekspertlər gələcəkdə daha fərqli bir dövlət qurumunun yaradılmasına hazırlıq kimi dəyərləndirdilər. Hazırda Əli Həsənov səhhətindəki problemlərlə bağlı qardaş Türkiyə Cümhuriyyətində müayinə və müalicə olunur, bəzi ənənəvi əleyhdarlarının zaman-zaman nəbz yoxlamaq məqsədi ilə dövriyyəyə buraxdıqları şayiələrə rəğmən, heç bir revanşist fəaliyyətlə məşğul deyil, Prezident Administrasiyasındakı mövqeyini bərpa, yaxud yaradılıb-yaradılmayacağı məlum olmayan xəyali quruma rəhbərlik etmək niyyətinə düşməyəcək, belə bir niyyətin uzun illər ərzində sədaqətlə xidmət etdiyi dövlət başçısı tərəfindən də xoş qarşılanmayacağını asanlıqla təxmin edəcək qədər təcrübəlidir. Bu yaxınlarda kurasiyasına xarici siyasət məsələləri ilə yanaşı qeyri-rəsmi şəkildə media ilə əlaqələrin tənzimlənməsi də daxil edilmiş prezidentin köməkçisi Hikmət Hacıyev isə Əli Həsənov qədər təcrübəli isim olmamasına və ierarxiyada açıq ictimai-siyasi mübarizə yolu keçərək yüksəlməməsinə rəğmən, media cameəsinə doğma fiqurdur. Açıq-aydın müşahidə olunur ki, Prezident İlham Əliyevin öz yeni köməkçisinə böyük etimadı var, üstəlik, bu etimad cəmiyyətin və III sektorun Hikmət Hacıyevə olan ümidləri ilə ahəng təşkil edir.

Prezident Əliyevin Azərbaycanın milli və strateji maraqları, islahatlar və ictimai nəzarətin güclənməsininin zəruruliyi ilə bağlı çoxsaylı çıxışlarının kontent-analizi göstərir ki, dövlət başçısı yeni media siyasətinin icraçılarının qarşısına ciddi tapşırıqlar qoyub. Detallara varmadan bu tapşırıqların ümumi mahiyyətini belə xarakterizə etmək olar ki, prezident medianın institutlaşması və plüralizmə söykənən ictimai nəzarətin genişlənməsində maraqlıdır, çoxqaynaqlı informasiya cəmiyyətində milli maraqların müdafiəçisi olan quruluş və peşəkar ictimai rəy yaradıcılarına dövlət dəstəyinin verilməsini vacib hesab edir. Bu məqsədlərə isə mövcud resursları, Əli Həsənovun prezidentin media siyasətinin əsas icraçısı olduğu dövrlərdə xarici qrantlardan asılılığı aradan qaldırılaraq qurulmuş milli-ideoloji sistemi dağıtmaqla, dövlət və ictimai maraqların müdafiəçisi olan, prezident İlham Əliyevin siyasətini prinsipiallıqla dəstəkləmiş populyar imzaları kənara itələmək, incitmək və küsdürməklə yox, peşəkarlığa və ləyaqətə əsaslanan rasional, kreativ və çevik siyasətlə çatmaq mümkündür. Siyasət-Media Kompleksi (SMK) öz ağuşuna beynəlxalq qurumları, hüquq və azadlıqları, dövləti, hökumətləri, çeşidli maraq qruplarını və xəbər istehsalı sənayesini alan geniş fəaliyyət platformasıdır. Bu platformanı təkmilləşdirmək, gücləndirmək əvəzinə sıradan çıxarmağın, ana axın medianı sosial şəbəkələrin aktuallığını gündən-günə itirən əlavəsinə çevirməyin, kütləvi psixoz dalğalarında “layk” tutmaqla məşhurlaşmış populistlərin əli və dili ilə cəmiyyəti “ağlar”a, “qara”lara bölməyin, ağ, qızılı, qara alaçıqlar qurub cırıq şalvarlıları birinciyə, mövsümçüləri ikinciyə, “alaçıq” sözünün mənasını bilən, onu cümlədə düzgün istifadə etməyi bacaranları isə üçüncüyə göndərməyin adı “mediada islahatlar” deyil. Bu, artıq nepotizm və nepotizmin də üzərində olan favoritizm, - bir daha “Dədə Qorqud” deyimlərinə istinad etsək, “iç oğuz”, “dış oğuz” bölgüsü aparmaq, qələminin haqqına güvənən oğuz bəylərini dışlamaqdır. Onları qohumluq və tanışlıq əlaqələrindən savayı heç bir ictimai məzmunu və statusu olmayanlar qarşısında deroqasiyaya məruz qoymaqdır. Bu isə istər-istəməz yersiz konfliktlər, ittihamlar doğurmaqla və ictimai rəyi çaş-baş salmaqla yanaşı, hakimiyyətin yeni şəraitdə daha çox ehtiyac duyduğu yüksək siyasi hazırlığa malik təcrübəli isimlərlə kontaktlarına ziyan vurur. Əli Həsənovun vəzifəsindən getməsindən sonra formalaşan bu tendensiya prezident İlham Əliyevi ictimai rəy qarşısında ardıcıl dəstəkləyən şəxslərin böyük əksəriyyətini məğdur vəziyyətə salıb, Azərbaycanın milli maraqlarının müdafiə istehkamını sarsıdıb, o cümlədən dövlət başçısına, I vitse-prezıdentə qarşı daxildən və xaricdən edilən ən müxtəlif həmlələri əsasən cavabsız qoyub. Azərbaycanın media sektoruna az-çox bələd olan hər kəs asanlıqla fərqinə vara bilər ki, yeni media siyasətinə cavabdeh qurumlar, o cümlədən Prezident Administrasiyasının müvafiq bölmələri nəinki prosesləri yönləndirir, hətta ona çevik reaksiya verməyi də bacarmır. Nəticədə sosial şəbəkələrin kirlətdiyi xaotik informasiya məkanında həm dövlətin, həm də dövlət başçısının strateji və taktiki maraqları prioritetliyini əməlli-başlı itirib.

Məsələ o acınacaqlı həddə qədər çatıb ki, son dərəcə təzadlı keçmişə, müəmmalı əlaqələrə və mənfi reputasiyaya malik olan, intellektinə, xarakterinə və səmimiyyətinə kimsənin ciddi yanaşmadığı keçmiş vəkil Aslan İsmayılov, Feysbukdakı izləyicilərinin təbirincə desək, gah nala, gah da mıxa vura-vura “yeni komanda” adlandırılan hakim elita nümayəndələrinin sosial şəbəkə sözçüsünə çevrilib. 2003-cü ildə prezident seçildikdən sonra İlham Əliyevin Azərbaycanı 15 il müddətində idarə etmədiyini bəyan edərək son iki il istisna olmaqla dövlətin və hakimiyyətin qazandığı bütün uğurları Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin balansına yazan, bununla dövlət başçısının yüksək intellektinə, siyasi məharətinə, idarəçilik bacarığına, xarizmasına və liderlik keyfiyyətlərinə açıq böhtan atan İsmayılovdan savayı “ziyalı”, “peşəkar”, “yaradıcı”, “elitar” və s. bu kimi epitetlərlə yüksək ranqlı məmurların müşavirə-görüşlərinə dəvət alanlar da burunlarına əlavə mənbədən para qoxusu dəyər-dəyməz- Qulu Məhərrəmlinin keçmiş baş prokuror Eldar Həsənovun həbsi ilə bağlı yazıb-sildiyi statusu yadınıza salın- Azərbaycan hakimiyyətinə qarşı əks səngərlərdə yer alırlar. Maraqlıdır ki, Aslan İsmayılovun (1958), Qulu Məhərrəmlinin (1954) və elektoratda xüsusi seqmentə çevrilmiş “Z” nəslinin yaddaşında AMEA-nın yeni prezidentinə “qayıt, sahmana sal bu kainatı” mədhiyyə-şantajı ilə qalmış Elçin Şıxlının (1957) toplam yaşı 191 il olduğu halda, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin (1975), prezidentin köməkçiləri Anar Ələkbərovun (1977) və Hikmət Hacıyevin (1979) birgə yaşı 129 ildir. “Yeni ictimai rəy liderləri”nin artıq heç naftalin qoxusu da verməyən sovet təfəkkürü və fürsətcillik təcrübəsinin ifadəsi olan bu 62 illik fərq müstəqillik dövründə formalaşmış meritokratların ictimai rəylə bütünləşməsi və prezidentin yaxın çevrəsindəki vitrin dəyişikliyinin viziya formalaşdırmaq potensialına ən ciddi zərbədir. Bütün hallarda hakimiyyətin üst qatlarında mütləq nəzərə alınmalıdır ki, nə Sumqayıt hadisələri ilə bağlı “Qriqoryan işi”ndə imperiya ittihamçısı olaraq soydaşlarımıza ən ağır cəzalar tələb edən Aslan İsmayılova, nə terror çətəsi lideri Fətullah Güləni “xəstə dünyanın təbibi” adlandırmış Qulu Məhərrəmliyə, nə də Leyla Yunusla birgə həyata keçirdiyi qrant proyektində iştirakı zamanı MTN tərəfindən “vətənə xəyanət” ittihamı ilə müavini həbs olunmuş Elçin Şıxlıya qarşı dövlətin qoruyucu refleksləri təsadüfən, keçmiş məmurların şəxsi münasibətinə əsasən işə düşmüşdü. Nə onlar, nə də İctimai Televiziyanın “digital qaqulik”i Dadaş Dadaşlinski Azərbaycanda islahatların elmi-siyasi konsepsiyadan xalq dilinə tərcümanı və ictimai maraqların gerçək təmsilçisi ola bilməzlər.

Odur ki, hər bir siyasi qüvvənin, xüsusilə də hakimiyyətin uğrunda mübarizə aparmalı olduğu ictimai rəydəki tendensiyaları ətraflı saf-çürük edəndə prezidentin köməkçisi Hikmət Hacıyevin üzərində çox böyük məsuliyyət olması da, səlahiyyətləndirilmiş məmur olaraq media sektorunda həllini gözləyən çox ciddi problemlərlə üz-üzə dayanması da çox aydın görsənir. Deyilən və deyilməyən problemlərin bir çoxunu isə qısa zamanda həll etmək imkanları mövcuddur. Lakin bu, o halda mümkün olacaq ki, Hikmət Hacıyev dövlət başçısından aldığı kart-blanşda favoritizmə və nepotizmə yer verməsin, öz fəaliyyətində özfaəliyyətə qapılmadan sırf dövlətin və prezidentin maraqlarından çıxış etsin, meritokrat kadr olaraq yalnızca meritokratik meyarları və prinsipləri əsas götürsün. Bu halda həm Azərbaycan cəmiyyəti, həm də cəmiyyətin bir parçası olan hakim komanda onun timsalında yeni bir dövlət xadimi qazanmış olacaq.

AzNews.az