Prezident İlham Əliyev siyasi sistemdə islahatlara YAP-dan başladı- TƏHLİL

Qarabağda tarixi zəfər iç siyasətdə də yeni tendensiyalar yaradır

Partiyalar bir ölkədə siyasi iradənin formalaşmasına, inkişafına və təsir vasitəsinə çevrilməsinə yol açan ən mühüm instututlardır. Elə bu səbəbdən də demokratik cəmiyyətlərin əsas atributlarından sayılan partiyalar siyasi iştirakçılıq, qərarların çıxarılması prosesi və iqtidar səlahiyyətinin həyata keçirilməsi üçün xüsusi rola və əhəmiyyyətə malikdir.

Cəmiyyət onu qoruyan və inkişaf etdirən institutlar olaraq siyasi partiyaları meydana çıxarır, yeniləyir, iqtidara və müxalifətə daşıyaraq tərəqqinin yönünü müəyyən edir. Odur ki, siyasi partiyaların olmaması və ya öz rolunu oynamaq imkanlarından məhrum vəziyyətdə qalması xalqları demokratik inkişafdan geridə qoyur, tərəqqinin istiqaməti müəyyən olunmur, siyasi iradə və iştirakçılığın minimuma düşməsi dövlət idarəçiliyində çox sayda problem ortaya çıxarır.

Bir ölkədəki siyasi sistemin gerçək qəliblərini müəyyənləşdirmək üçün konstitutsiyada nəzərdə tutulan müddəalardan savayı, siyasi partiyaların sayı, tipləri, sosial bazası və daxili həyatı kimi kriteriyalar da böyük önəm daşıyır. Moris Düverje (1917-2014) məhz bunu nəzərdə tutaraq yazırdı:

“Klassik konstitusiya hüququnu bilən, lakin partiyaların rolunu bilməyən bir kəs çağdaş siyasi sistemlər haqqında yanlış fikirdə olacaq, partiyaların rolunu bilən, zira klassik ana yasa hüququnu bilməyənlər isə müasir siyasi sistemlər haqqında əskik də olsa, ümumən doğru fikir yürüdəcək”.

Bəli, modern dövlətləri siyasi partiyalarsız təsəvvür etmək mümkün deyil. Bu baxımdan alman siyasi nəzəriyyəçisi və sosiloqu Ziqmund Neymann (1904-1962) siyasi partiyaları “çağdaş siyasi həyatın kanalları” adlandıranda tam haqlıydı. Çox təəssüflər olsun ki, Azərbaycanda sayca 50-dən yuxarı partiya rəsmən qeydə alınsa da, - hələ qeydə alınmayanlar da var- onların hər birini çağdaş siyasi həyatın kanalları adlandırmaq bir qədər müşkül məsələdir.

Bu partiyaların böyük əksəriyyəti siyasi həyatda faktiki olaraq iştirak etmir, onlara tərəf kimi nəinki seçkidə, ictimai-siyasi müzakirələrdə rast gəlmək mümkünsüzdür, hətta bir çoxunun ismini, yaranma tarixini, sədrini tapmaq üçün arxivdə xeyli vaxt itirmək lazımdır. Məsələn, Azərbaycanda Milli Demokratik İdrak Partiyasi (sədr: Osman Əfəndiyev), Birlik Partyasi (Sədr: Xudu Xuduyev), Respublikaçılar Partiyası (sədr: Sübut Əsədov), Mübarizlər Partiyası (sədr: Ağadur Müslümov) kimi təşkilatların varlığından ancaq və ancaq statistik məlumatlardan xəbər tutmaq olar.

İlk baxışdan nə qədər təəccüblü olsa da, adı var, özü olmayan siyasi təşkilatlar Azərbaycanda siyasi sistemin təkmilləşməsi üçün aparılacaq islahatlar üçün riskli vəziyyətlər yarada bilər. Belə ki, dövlət qeydiyyatı olan bu cür partiyalar siyasi açılış şəraitində daxili mafioz qruplar, yaxud xarici güclər tərəfindən satın alınaraq ölkədə sabitliyin pozulmasına çalışan sistemdənkənar qruplarının siyasi proseslərə qatılmasına rəvac verə bilərlər. Siyasi açılış, başqa sözlə, siyasi sistemin təkmilləşdirilməsi isə artıq başlanmış prosesdir.

Ölkəmizdə həm hakim, həm də hegemon siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının VII qurultayında prezident İlham Əliyev siyasi partiyalar sistemində aparılacaq islahatların anonsunu verdi: “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Dövlət başçısının həmin çıxışında da vurğuladığı kimi, Azərbaycanda hələ II Qarabağ savaşından öncə çeşidli siyasi partiyalarla dialoq platforması qurulub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev həm fərdi, həm də qruplar şəklində siyasi partiya təmsilçiləri ilə görüşlər keçirib, pandemiya şəraitində müasir internet texnologiyalarından istifadə olunmaqla müxtəlif mövzularda müzakirələr aparılıb. Bununla da, Azərbaycanda ATƏT kimi beynəlxalq, yaxud xarici vasitəçilərinin iştirakı olmadan siyasi hakimiyyət öz opponentləri ilə dialoq, əməkdaşlıq və ümummili məsələlərdə birgə hərəkət üçün əlverişli mühit yaranmasında maraqlı olduğunu nümayiş etdirib. Eyni zamanda, YAP-ın son qurultayında 6 siyasi partiyanın hakim təşkilata birləşməsi ona dəlalət edir ki, siyasi sistemdə yeni təmərküzləşmə prosesi başlayıb. Artıq bu yöndə fərqli siyasi partiyalardan da mesajlar səslənməkdədir.

Parlamentdə təmsil olunan və dəfələrlə prezident seçkilərində iştirak edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bu barədə açıq danışan siyasi liderlərdəndir. O, mətbuata deyib:

“YAP iqtidar partiyası kimi fəallaşacaqsa, bu, öz növbəsində siyasi sistemin canlanmasına yol açacaq. Bu məqsədlə nöbəti parlament seçkilərinə qədər mojaritar seçki sistemi ləğv edilməli, proporsional seçki sistemi bərpa olunmalı, topladığı səsdən asılı olmayaraq hər hansı pariyanın, yaxud siyasi blokun parlamentdə yerlərin 2/3 (üçdə ikisindən) çoxuna sahib olmasına qanunvericiliklə qadağa qoyulmalıdır. Yalnız bu cür qəti addımlarla cəmiyyətdə müsbət və ciddi dəyişikliklərə nail ola bilərik”.

Partiya sədri həmçinin vurğulayıb ki, Azərbaycanda bütün siyasi cərəyanlara bağlı, onları əhatə edən 4-5, maksimum 6 güclü siyasi partiya olmalıdır.

Əhatə və fəallıq dərəcindən asılı olmayaraq, ölkədə mövcud olan siyasi partiyaların böyük əksəriyyəti 1989-95-ci illərdə yaranıb. Azərbaycanda xalq hərəkatının vüsət alması, SSRİ-nin dağılması və dövlət müstəqilliyinin qazanılması iddialı siyasətçilər nəsli meydana çıxarıb. O dövrün az və ya çox dərəcədə populyar olan isimlərinin ətrafında siyasi təşkilatlar formalaşıb. 1995-ci ildən sonra isə həmin partiyaların daxilində gedən proseslər nəticəsində qopmalar baş verib və nəticədə yeni təşkilatlar yaranaraq siyasi sistemi daha da mürəkkəbləşdirib. Bircə onu yada salmaq kifayətdir ki, eks prezident Əbülfəz Elçibəyin vəfatından sonra onun rəhbərlik etdiyi partiyanın sosial bazası dəfələrlə parçalanıb və AXCP-nin keçmiş funksionerləri tərəfindən ondan çox siyasi partiya elan edilib. Bu isə, heç şübhəsiz, lap yuxarıda dediyimiz kimi, ölkədə siyasi iradənin formalaşmasına, inkişafına və təsir vasitəsinə çevrilməsinə yol açmaq əvəzinə, cəmiyyətin siyasi iştirakçılıq əmsalına neqativ təsir göstərib. İşin ən pis tərəfi isə odur ki, eyni sosial-siyasi mənşəyə malik olan partiyalar arasında münasibətlər rəqabət çərçivəsini aşaraq düşmənçilik səciyyəsi daşıyır. Bu, bütövlükdə post-sovet məkanına xas olan bir tendensiyadır. Keçmiş sovet respublikalarında siyasi partiyaların təşəkkül prosesini və dinamikasını izləyən ABŞ politoloqu Riçard Payps təəccüblə yazır:

“Partiyaların sayı həddindən artıq çoxdur və onlar başlıca olaraq öz liderlərinin eqoist istəklərinə xidmət edirlər. Belə partiyalar rəqib deyil, bir-birinə düşməndir. Qərbdə isə partiyalar bir-biri ilə düşmənçilik etmir, onlar rəqabət aparırlar”

R.Paypsın bu sözləri həm də ona görə aktualdır ki, Azərbaycanın bəzi siyasi qrupları II Vətən Savaşı günlərində milli həmrəylik nümayişindən, yumşaq desək, kənarda qalıblar. Prezident Əliyev hakim partiyanın son qurultayında onları “milli satqınlar” adlandırıb və heç şübhəsiz, bu cür kəskin ifadələrin arxasında dövlət başçısının malik olduğu ciddi informasiyalar dayanır. Bu qəbildən olan məlumatlar cəmiyyətə tam açıqlanmasa da, 2013-cü ildə Rusiyanın Azərbaycana təzyiq maşası kimi yaradılan Milli Şuranın əsasən internet televiziyaları üzərindən Azərbaycanda hakimiyyət uğrunda mübarizədən daha çox, dövlətin avtoritetini sarsıtmağa yənəlmiş təbliğat aparması, aparılan təbliğatın isə, bütün ciddi analitiklər tərəfindən proqnozlaşdırılan hərbi əməliyyatlara mane olmaq üçün rəsmi İrəvanın işinə yaraması heç kimə sirr deyil. Təsadüfi deyil ki, Milli Şuranın liderləri xaricdə fəaliyyət göstərən internet kanallarına verdikləri müsahibələrdə davamlı olaraq Azərbaycan ordusunun Qarabağda uğurlu hərbi əməliyyatlar keçirməyə hazır olmadığını vurğulayır və hakimiyyətə gələcəkləri təqdirdə müharibəyə başlamayacaqlarını bildirməklə Azərbaycanda “Paşinyanizm” tərəfdarları kimi çıxış edirdilər. Çox şükürlər olsun ki, Azərbaycan “Dəmir yumruq” əməliyyatını uğurla başa çatdıraraq tarixi zəfər qazandı və bu da ölkədə həm sosial-iqtisadi, həm də siyasi islahatlar üçün böyük impulsa çevrildi.Siyasətə keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun "yenidənqurma" dalğasında və Qarabağ münaqişəsinin başlanğıc mərhələsində gələnlər üçün ən doğru addım Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin əlini sıxıb, meydandan çəkilmək ola bilər.

Ötən əsrin əvvəllərində qardaş Türkiyə təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçdi. Bu keçidin əsasında, yerli amillərdən daha çox xarici faktorlar dayanmışdı. II Dünya müharibəsində diktatura rejimləri və avtotitar dövlətlər məğlub olmuş, SSRİ istisna olmaqla, savaşı demokratik sayılan ölkələr qazanmışdı. Müharibədən sonra ABŞ dünyaya açılır, güclənən Sovet İttifaqı isə ilk növbədə sərhədə malik olduğu ölkələr üçün təhdid yaradır, konkret olaraq Türkiyədən torpaq tələb edir, Bosfor boğazına iddia edir, bunun qarşılığında Ankara gözünü və maliyyə baxımından aşağı olan əlini Qərbə dikirdi.

Osmanlı ənənəsinə söykənən Türkiyədən fərqli olaraq fərqli inkişaf yolu keçmiş Azərbaycanda isə, bu gün tam fərqli situasiya və reallıq mövcuddur. Başqa sözlə, Azərbaycan çoxpartiyalı sistemə keçid etmir, çoxpartiyalı cəmiyyət modelini təkmilləşdirir və bu prosesi tamamilə daxili tələbatlar, müstəqil iradə və regional liderliyini genişləndirmək üçün model dövlət olmaq üçün aparır.

Kölgə iqtisadiyyatının aradan qalxmasını, bazarın sərbəstləşməsini, idarəçiliyin şəffaflaşmasını, oliqarxlaşmış məmurların hakim elitadan kənarlaşdırılmasını hədəfləyən islahatların siyasi sistemə də tətbiq edilməsi Azərbaycanın həm müstəqil dövlətçilik ənənələrinin möhkəmlənməsi, həm də rasional inkişaf modelinin yeni mərhələyə keçməsi baxımından önəmlidir. Bu mərhələdə YAP-ın siyasi durğunluqdan çıxarılması, digər siyasi təşkilatların təmərküzləşərək “divan partiyaları” statusundan imtina etməsi, nəhayət, yeni siyasi partiyaların meydana çıxması gözləniləndir. Ancaq bu proses bütövlükdə o zaman arzulanan effekti verə bilər ki, ölkədə yeni konstitusiya, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilsin, “Seçki Məcəlləsi” kökündən dəyişdirilsin, bələdiyyələrdə və parlamentdə səssizlik yox, çoxsəslilik mühiti formalaşsın. Azərbaycan prezidentin YAP-ın qurultayındakı çıxışından, ardınca Prezident Administrasiyasının siyasi partiyaların qadın fəalları ilə keçirdiyi ictimai dinləmədən, nəhayət BAXCP-nin timsalında digər partiyaların reaksiyalarından və müstəqil ekspertlərin şərhlərindən məlum olur ki, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində konkret addımların atılması üçün uzun müddət gözləməyə ehtiyac qalmayacaq. Prezident Əliyev bu prosesə elə öz rəhbərlik etdiyi partiyadan başlayıb.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru