Ermənistan Azərbaycanın digər torpaqlarını da işğal etmək istəyirdi Ermənistan Azərbaycanın digər torpaqlarını da işğal etmək istəyirdi

Azərbaycan Prezidenti BMT tribunasından Ermənistanı bir daha ifşa etdi

Ermənistan Azərbaycanın digər torpaqlarını da işğal etmək istəyirdi

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb. Sessiyada BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır, BMT Baş katibi Antonio Quterreş, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və digərləri çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış nitqində hər zaman olduğu kimi ölkəmiz üçün prioritet məsələlərə toxunub, sessiya iştirakçılarını postmüharibə dövründə Cənubi Qafqazda baş verməkdə olan reallıqlar haqqında məlumatlandırıb.

Ermənistan Azərbaycanın digər torpaqlarını da işğal etmək istəyirdi

Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi, yeni işğala hazırlaşmasını qeyd edib. O bildirib ki, “Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir”.

Prezidentin Sessiya iştirakçılarını 30 il davam edən işğala baxmayaraq, Ermənistanın bununla kifayətlənmədiyini və digər torpaqlarımızı da işğal etmək niyyətində olduğunu qeyd etməsi olduqca vacib amildir. Çünki Ermənistanın Azərbaycana ərazi iddiası bir çoxlarının düşündüyü kimi təkcə Dağlıq Qarabağ ilə məhdudlaşmır, bu dövlət “Dənizdən dənizə böyük Ermənistan” konsepsiyası əsasında ölkəmizin bir çox ərazilərinə iddialar edir. Ən son David Tonoyan və Nikol Paşinyanın sülh danışıqları vaxtı Azərbaycana qarşı “yeni müharibə, yeni ərazilər” strategiyasını irəli sürmələri də, Prezidentin bu ölkənin məkrli planları haqqında dediklərini təsdiqləyir. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında ərazi münaqişəsi heç də təkcə Qarabağın dağlıq hissəsi ilə bağlı deyil. Bu coğrafiya dəfələrlə daha genişdir. 30 il ərzində İrəvanın təkcə Dağlıq Qarabağı deyil, həm də Zəngəzurun şərqini işğal etməsi dediklərimizin bariz sübutudur.

Xocalı soyqırımı

Bu gün dünyanın bəzi ölkələrində qondarma “erməni soyqırımı” haqqında saxta qərarların qəbul edildiyi bir vaxtda Azərbaycan Prezidentinin Xocalı soyqırımı məsələsini sessiya iştirakçılarının yadına salması vaxt etibarilə çox uğurlu seçilmişdi. Dövlət başçısı qeyd edib ki, “ötən il Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmışdır. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirmişdir. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınmışdır”.

Bununla da Prezident “soyqırımı” iddiaları irəli sürən və bunun bütün dünya tərəfindən qəbul edilməsinə çalışan Ermənistanın əslində özünün Azərbaycan xalqına qarşı hərbi cinayətlər və Xocalı soyqırımını törədən ölkə olmasını bəyan etdi. Prezident İlham Əliyev BMT platformasında bu həqiqəti dünya ictimaiyyətinə çatdırdı və erməni faşizminin simasını növbəti dəfə ifşa etdi.

Ermənistanın 44 günlük döyüşlər zamanı müharibə cinayətləri

Prezident İlham Əliyev çıxışı zamanı həm də Ermənistanın 44 günlük vətən müharibəsi dövründə yaşayış məntəqələrini, dinc vətəndaşları hədəfə götürməsini, işğaldan azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması, Azərbaycan xalqının mədəni irsinin məhv edilməsi məsələlərinə toxunaraq bu dövlətin dinc əhaliyə, onun tarixinə, mədəniyyətinə, abidələrinə qarşı həyata keçirdiyi cinayətləri sadalayıb.

Xatırlatmaq yerinə düşər ki, postmüharibə dövründə Ermənistan və havadarlarının Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası istiqamətində 2 ən aktual mövzulardan birini guya ki, Azərbaycanın erməni dini və tarixi abidələrini dağıtması tutur. Belə bir vaxtda Ermənistanın və erməni dəyirmanına su tökənlərin ölkəmizə qarşı apardıqları kampaniyaya əks olaraq cənab Prezident regionda əsl barbarın kim olduğunu və kimin XXI əsr olmasına baxmayaraq, bəşəriyyətə qarşı cinayət törətdiyini bəyan etdi. Onun Ağdam şəhərinin “Qafqazın Xirosiması” adlandırıldığını bildirməsi, Ermənistanın bizim mədəni və dini abidələrimizi bilərəkdən dağıtmasını və təhqir etməsini, 60 məscidin dağıdılmasını və digər məscidlərdə isə inək və donuz saxlamasını qeyd etməsi bu ölkənin ifşa olunması üçün önəmli çıxış idi.

Ermənistan-Azərbaycan münaqişəsi sona çatıb

Prezident İlham Əliyev sessiyada çıxışı zamanı növbəti dəfə bütün dünyaya münaqişənin artıq tarixdə qaldığını xatırladıb. O qeyd edib ki, “44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır”.

Dövlət başçısının “münaqişə artıq tarixdə qalmışdır” cümləsi Ermənistana və Minsk qrupunun həmsədrləri üçün çox ciddi ismarıcdır. O, bununla demək istəyir ki, münaqişənin hələ də davam etdiyi kimi absurd bəyanatlar verən Ermənistan və ayrı – ayrı dövlətlərin rəsmiləri yaxşı olardı ki, tarixdə qalan Dağlıq Qarabağ məsələsinə baxmaqdansa gələcəyə baxsınlar. Bu, həm də Minsk qrupunun bu yaxınlarda verdiyi son bəyanata bir cavabdır. Xatırlatmaq yerinə düşər ki, aprelin əvvəllərində Minsk qrupu tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıb. Həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə edib və tərəfləri bu səylərə dəstək göstərməyə çağırıblar.

Göründüyü kimi, münaqişənin davam etdiyi 30 il ərzində problemin kökündən həll edilməsi üçün heç bir iş görməyən, bu illər ərzində münaqişənin dondurulmuş vəziyyətində qalmasının tərəfdarı olan həmsədrlər 44 günlük müharibədən sonra Ermənistanın Azərbaycan qarşısında təslim olmasını həzm edə bilmir, cığallıq yollarına əl ataraq münaqişə ətrafında danışıqların davam etdirilməsi kimi absurd təklif irəli sürürlər.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə postmüharibə dövründə bəyan edib ki, münaqişə artıq keçmişdədir, Dağlıq Qarabağ artıq yoxdur. Bu isə o deməkdir ki, ATƏT-in Minsk qrupu və Ermənistanın digər havadarları, o cümlədən ümumdünya erməni diasporu və rəsmi İrəvan yaxşı olar kı, bölgədə yaranmış yeni geosiyasi vəziyyətlə barışarlar. Hazırda bölgədə münaqişənin keçmişdə qalması və gələcək əməkdaşlıq üçün mühüm işlərin görüldüyü bir vaxtda bu kimi revanşist düşüncələr əslində ilk növbədə Ermənistanın özü üçün olduqca təhlükəlidir.

Zəngəzur dəhlizi və qarşıdakı 10 il üçün prioritetlər

Dövlət başçısı BMT kimi qlobal tribuna vasitəsilə bir daha bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi imkanlar haqqında məlumat verib, Avrasiyada Böyük İpək Yolu nəqliyyat layihəsinin Orta xəttində xüsusi yer tutan Azərbaycanın işğal faktoruna son qoyulması ilə imkanlarının genişləndiyini iştirakçıların diqqətinə çatdırıb. O, Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələrə Azərbaycan üzərindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi”ni potensialını bir daha yada salıb: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Beləliklə, bizlər postmüharibə dövründə Azərbaycan və Ermənistan, bu dövlətin havadarları arasında informasiya müharibəsinin getdiyi bir dövrdə Prezident İlham Əliyevin müntəzəm olaraq dövlətimizin maraqlarının qəti və prinsipial şəkildə qoruduğunun, beynəlxalq kürsülərdən Ermənistanın ifşa etdiyinin şahidiyik.

Zaur Məmmədov