Tarixi zəfər paşinyanizmin Azərbaycana idxalına “stop” qoyub Tarixi zəfər paşinyanizmin Azərbaycana idxalına “stop” qoyub

Paşinyanın halayı, məğlubların alayı, Əli Kərimlinin “dalay-dalay”ı

Tarixi zəfər paşinyanizmin Azərbaycana idxalına “stop” qoyub

Son iki gündə ordumuzun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Eyni zamanda, ermənilər təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıblar. Qarşı tərəfə cavab atəşi açılmayıb, itkimiz yoxdur.

Bu barədə Azərbaycan Müdafiə nazirliyinin son açıqlamasında məlumat verilir.

Gözlənilməz deyil.

Bir də sosial şəbəkələrin erməni seqmentində yayılan və Ermənistan trolları tərəfindən müxtəlif vasitələrlə Azərbaycan ictimai rəyinə ötürülən bir video var.

Həmin görüntülərə görə, bir dəstə erməni hərbiçisi əsgərimizi təkləyərək döyürlər.

Bu da təxribatdır.

Sərhəddə baş verən təxtibatlara “Real”-ın liderlərindən Natiq Cəfərlinin və AXCP sədri Əli Kərimlinin münasibəti ilə tanış oldum.

Mən iqtidar-müxalifət bölgüsünün son həddinin MƏMLƏKƏT MƏSƏLƏLƏRİnin başlanğıcı olmasının coşqun tərəfdarlarındanam.

Qarşımızda xarici bir düşmən və ya düşmənlər varsa, mənim üçün iqtidar və müxalifət yox, xalq, dövlət, milli müqəddərat anlayışları var.

Natiq Cəfərlinin rəyini bu anlayışlar çərçivəsində gördüm, onun mövqeyini sosial şəbəkələrdə bəyənmə işarələrinin ən üstün dərəcəsini bildirən “ürək” işarəsi ilə dəstəklədim.

Eyni reaksiyanı AXCP sədri Əli Kərimliyə də göstərmək istəyərdim.

Zira mümkün deyil.

Əli Kərimlinin cümləbəcümlə sitat gətirmək istəmədiyim açıqlamasının nə gerçəkliklə, nə hərblə, nə də ordu təəssübkeşliyi və qələbə ruhu ilə yaxından-uzaqdan bir əlaqəsi var.

Əli Kərimlinin mövqeyi gerçəkçi deyil ona görə ki, baş verən təxribatın arxasındakı erməni niyyətini, Ermənistandakı gedən prosesləri görə bilmir, daha doğrusu, görmək istəmir.

Əli Kərimlinin mövqeyi ona görə hərbi baxımdan naşılıqdır ki, Azərbaycan əsgərlərinin cari mövqelərində hansı sayda durduğunu, düşmənlə hansı məsafədə dayandığını belə bilmədən işdən az-çox agah olanları güldürəcək yozumlar təqdim edir.

Əli Kərimlinin mövqeyi ordu təəsübkeşliyinə və qələbə ruhuna ayqırıdır ona görə ki, AXCP sədri o görüntülərdən sonra düşmənə necə cavab verildiyini Ermənistan mediasında dünən yayılan məlumatlardan fərq etməyəcək bir siyasi fəhm daşıyıcısı deyil.

Sadəcə, Milli Şura yenə sınıq-salxaq ordusuna söz keçirə bilməyən Nikol Paşinyanın halayına qoşulub.

Paşinyanın məşhur halayı, yəqin ki, yadınızdadır.

Ermənistanın baş naziri Şuşada “Yallı” gedir, parlamenti Xankəndindən Qalaya köçürür, məsti-xumar olub torpaqlarımızda dəm tuturdu.

Paşinyanın çəkdiyi halay Bakıda Milli Şuradakı məşhur “siyasi rəqqas” və “siyasi rəqqasələr”in də sümüyünə düşmüş, Cəmil Həsənlinin və Gültəkin Hacıbəylinin çiçəyini çırtlatmışdı. Azərbaycan neftinin qiymətinin dünya bazarında enməsinin ölkəmizin hərbi qüdrətinə də ziyan verə biləcəyinə aldırmayıb çırtıq çalanlar virtual şəkildə Paşinyanın halayına qoşularaq Azərbaycan cəmiyyətini ermənilərin məkrinə hazırlayırdılar. Həmin olaydan sonra Azərbaycanın Ali Baş Komandanının masasında hərbi əməliyyatlar planı vardı. Bu planın mövcudluğunu və gerçəkləşəcəyini kim bilməsə də Əli Kərimli ən azı prezident İlham Əliyevin bəyanatlarını təhlil edərək bilməli idi. Bir daha deyirəm, “ən azı” və niyə “ən azı” deyirəm, bu məqamı, AXCP sədri özü biləcək. Bəs, Ali Baş Komandan İlham Əliyevin işğal altında olan torpaqlarımızı azad etmək üçün qəti addımlar atacağını bildiyi halda, Milli Şura və Əli Kərimli hansı mövqe tutdu?

Milli Şuranın üzvləri Azərbaycan hakimiyyətindən Şuşanı bombalamağı tələb edir, eynilə Əli Kərimlinin indi etdiyi kimi, Ali Baş Komandanı cəsarətsizlikdə suçlayırdılar. Bununla Azərbaycan komandanlığını tələsdirməyə, tələsik əməliyyatla Ağdam-Şuşa istiqamətində irəliləyəcək Azərbaycan ordusunun ciddi tələfatlar verməsinə yol açmaq, daha sonra yaranacaq situasiyadan bəhrələnmək istəyirdilər. Bu, birəbir Şuşada “Yallı” gedən Nikol Paşinyanın planı və gözləntisi idi. Ancaq İlham Əliyev səbrlə, təmkinlə davrandı, “Vur” əmrini tam öz vədəsində verdi. Nəticədə Şuşa Milli Şura üzvlərinin israrla tələb etdiyi kimi, bombalanmadı. Müqəddəs şəhərimiz məhz İlham Əliyevin dövründə hazırlanan peşəkar və yenilməz xüsusi təyinatlı qüvvələrin rəşadəti ilə süngü-bıçaqla alındı.

Ali Baş Komandan İlham Əliyev “Vur” əmri verməzdən öncə AXCP sədri Əli Kərimli Sevinc Osmanqızının, Qənimət Zahidin, öz ifadə tərzi ilə desək, “yütub” kanallarına çıxır və eynilə bunları deyirdi: “Əgər biz hakimiyyətə gəlsək, müharibə etməyəcəyik. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlar aparmağa gücü yoxdur”.

Yenə də təəccüblü deyil ki, Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlar aparmaq iqtidarında olmaması, prezident İlham Əliyevin hərbi ritorikasının arxasında qüdrətli Azərbaycan ordusunun dayanmaması barədə öz cəmiyyətlərinin başının altına yastıq qoymaq üçün Ermənistan hökumətləri təbliğat aparırdı. Bu təbliğat Altay Göyüşov kimi Azərbaycan ordusunun qələbə xəbərləri qarşısında göyərənlərin dili və əli ilə də cəmiyyətimizə aşılanırdı.

Bəs, nə oldu, Paşinyan?

Bəs, nə oldu, Kərimli?

Bəs, nə oldu, Göyüşov?

Azərbaycan ordusunun 44 günlük savaşda qazandığı tarixi zəfəri 10 moyabrdan bəri Milli Şura üzvləri Ali Baş Komandansız, İlham Əliyevsiz təqdim edir. Sanki 44 günlük savaşda nizami, döyüş tapşırıqlarını yüksək dəqiqlik və şücaətlə yerinə yetirən Azərbaycan ordusu deyil, əmr-komanda zənciri olmayan, başıpozuq, Əli Kərimlinin hakimiyyətdə olduğu günlərdəki kimi Ali Baş Komandana tabe olmayan, qarşı çıxan müdafiə nazirliyini belə saymayan silahlı çətələr qovub düşməni torpaqlarımızdan. Azərbaycan əsgəri, zabiti, generalı bir anın içində gələcək şəhadət gülləsinin, düşmən tərəfindən snayper dəqiqliyi ilə atılan minomyot mərmilərinin qarşısına İlham Əliyevə şüurlu inamla, emosional bağlılıqla çıxıb. 10 noyabrdan sonra Əli Kərimlinin, Tofiq Yaqublunun, Fuad Qəhrəmanlının bütün cəhdləri bu inamı, bu bağlılığı sarsıtmağa yönəlib. Xalq-Ordu-Komandanlıq vəhdəti Xankəndində qalmış hərbi xunta tör-töküntülərini qandallamaq üçün Azərbaycanın aparacığı son anti-terror əməliyyatının uğuruna qarantdır. Bu ehtimalı önləmək üçün ermənilər hər cür provakasiyaya, təxribata əl atırlar və atacaqlar, bu, məlumdur. O da məlumdur ki, 10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya Azərbaycana paşinyanizmin ixrac edilməsi ehtimalını sıfıra endirib. Elə bu səbəbdən Nikol Paşinyan kimi, Əli Kərimli də məğlubiyyət alayında təmsil olunur. Paşinyanizm artıq bir kompleksdir: NATAMAMLIQ VƏ MƏĞLUBİYYƏT KOMPLEKSİ.

Bu kompleksin daşıyıcılarının İlham Əliyevə deyə biləcək bir sözləri yoxdur.

Milli Şura, AXCP və AXCP sədri Əli Kərimli də İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazanılan tarixi Qarabağ zəfərindən sonra sözü tükənən qeyri-haqq aşıqları kimi, ancaq “dalay-dalay” deyir.

Taleh ŞAHSUVARLI