Qələbənin carçısı da, bayraqdarı da, sərkərdəsi də İlham Əliyevdir! Qələbənin carçısı da, bayraqdarı da, sərkərdəsi də İlham Əliyevdir!

Şeyxin dilinin altındakı paxla: Qarabağı fətva ilə aldıqmı?

Qələbənin carçısı da, bayraqdarı da, sərkərdəsi də İlham Əliyevdir!

Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam “Təzəpir” məscidində bayram namazı qıldı və törəndə verdiyi açıqlama ilə hər kəsi təəccübləndirdi.

Şeyx demişdi: “Ayətullah Xamneyinin fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Görəsən, savaşda, konfliktdə molla rejiminin fətvası belə işə yarayandırsa, onda ABŞ niyə hələ də mövcuddur?

Bəli, bu açıqlama bir neçə gündür ki, sosial şəbəkələrdə haqlı olaraq etiraz doğurur, bu etirazı isə, hiddətə məhz o çevirir ki, İranın Qum şəhərindən idarə olunan trollar Azərbaycanın 44 günlük savaşda qazandığı qələbənin üstündən yekə bir xətt çəkirlər.

Mən 44 günlük savaşda zabit kimi iştirak etmişəm, yəni birbaşa cəng meydanlarında olmuşam, orada cərəyan edən proseslərdən Xamneyinin öz fətvası ilə hər hansı bir formada iştirak etməsinə, nəyəsə nail olmasına şahid deyiləm.

Azərbaycan əsgəri, giziri, zabiti, generalı 44 günlük savaşda Vətən sevgisi ilə, dövlət və bayraq uğrunda canını belə əsirgəməyəcək fədakarlıqla və Ali Baş Komandan İlham Əliyevə bəzən irrasional səciyyə daşıyan böyük inamla irəli şığıyıb.

Azərbaycan Silahlı Qüvvələrinə “Vur” əmrini məhz Ali Baş Komandan İlham Əliyev verib və bu əmr müharibənin ilk həftəsindəcə düşmənin belini böyük ölçüdə qırmaqla 44 gün ərzində bayrağımızın Şuşaya sancılması, ardınca Ermənistanın təslimçilik bəyanatı imzalaması ilə nəticələnib.

Azərbaycan Silahlı Qüvvələrinin nə müharibəyə qədər, nə də ondan sonra maddi-texniki təchizatında İran iştirak etməyib.

Savaş günlərində “İranın duasından İsrailin PUA-sı faydalıdır” qəbilindən olan sarkazmlar cənub qonşumuzun Azərbaycan ictimai rəyindən aldığı ən yaxşı qiymət idi.

Heç kimə sirr deyil ki, Azərbaycan torpaqları işğal altında düşəndən Qarabağın talan edilməsində İran İslam Respublikası ermənilər qədər “fəal” iştirak edib. Dövlətimiz işğal faktını aradan qaldırmaq üçün bütün mümkün vasitələrlə Ermənistana qarşı mücadilə aparanda, hayların dadına məhz Tehran mollaları yetişir, onlara hər cür maddi və siyasi dəstək verir, Azərbaycana qarşı sözün əsl mənasında fitnəkarlıq edirdilər. 44 günlük savaş zamanı erməni ordusunun müqavimət gücünü artırmaq üçün İran İslam Respublikası öz ərazisindən işğalçılara təminat göndərirdi. Ermənistan öz ordusunun acizliyini və səriştəsizliyini ört-basdır etmək üçün Azərbaycana qarşı “qara PR” aparır, Qarabağdakı döyüşlərdə Suriyadan gətirilmiş muzdluların iştirak etməsi barədə qəlp məlumatlar yayır, İran propaqandası bu ağ yalana dəstək verirdi. Düzdür, savaşın aqibəti artıq bəlli olandan sonra, Azərbaycana “dua” göndərdilər, onu da səmimi eləmədilər, Güney Azərbaycandakı soydaşlarımızın nümayişlərindən, yolları bağlamasından çəkindilər.

Azərbaycanın 44 günlük savaşda gerçək müttəfiqi Türkiyə olub, Ərdoğan olub.

Azərbaycan dövləti qardaş cümhuriyyəti və onun liderini səmimi və qətiyyətli bir şəkildə öz yanında görüb.

Bu səmimi qardaş həmrəyliyini saman altdan su yeridən İran mollalarının ermənipərəst mövqeyi ilə eyniləşdirməkdən böyük günah ola bilməz nə bu, nə də o biri dünyada.

İran molla rejiminin Azərbaycan üzrə koordinatoru, dini cameələrdə “Ocaqnejat ağa” kimi tanınan və yumşaq desək, olduqca qaranlıq bir fiquru Hülusi Akarla, Mevlud Çavuşoğlu ilə müqayisə etmək olarmı, Allah xatirinə?

Azərbaycan dünyəvi dövlətdir, bu məmləkətdə dinin yeri və rolu bəllidir- heç bir inanc idarəçiliyə, daxili və xarici siyasətə qarışmayacaq.

Azərbaycanla İranla, yaxud başqa bir dövlətlə münasibətləri yaxşıdır, pisdir, daha yaxşı olacaq, daha pis olacaq, bu bir dini icma liderini ilgiləndirən sual ola bilməz.

Bu məmləkətdə və bölgədə Şeyxin statusu da bəllidir- rəsmiyyətə görə, o, Qafqaz müsəlmanlarının ruhani lideridir.

Amma məsələ burasındadır ki, Qafqaz müsəlmanları Hacı Allahşükür Paşazadəni biznesmen kimi, oliqarx kimi, şimalda və cənubda bəzi dairələrlə isti təmasları olan şəxs kimi qəbul edir, ancaq məhz ruhani müstəvidə ona xeyli dərəcədə şübhə ilə yanaşır.

Neçə vaxtdır ki, COVİD-19 pandemiyası ilə əlaqədər təmtəraqlı yas məclisləri keçirilmir və mərasim evlərindən gəlir gəlmir.

Əcəba, Xamneyinin fətvası ilə qələbə qazandığımızı iddia edəndə, özünün sözlərinə görə, vicdanın nə olduğunu hələ də bilməyən mübarək şeyximiz İran şirkətlərini Qarabağa yerləşdirmək və bu minvalla pandemiyanın büdcəsinə vurduğu zərərləri dəf etməyi düşünə bilərmi?

Bütün hallarda, mən Şeyxin “dil sürüşməsi” ilə bu cür müəmmalı bəyanatlar verə biləcəyinə inanmıram.

Bəlkə də qabardıram, amma fəhmim mənə deyir ki, bu bəyanat, əslində, bir təhdiddir.

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı tarixi Bəyannaməyə qarşı!

Hətta məhz bu cür olmasa belə, artıq vaxtdır, Azərbaycanda inancın, etiqadın siması yenilənməlidir.

Azərbaycanda 44 günlük savaşda formalaşan milli həmrəyliyin dövlətimiz və cəmiyyətimiz üçün davamlı resursa çevrilməsi üçün bu, olduqca, böyük zərurətdir.

Taleh ŞAHSUVARLI