Kreml 44 günlük savaşda Azərbaycana nədə mane oldu, nədə maneə ola bilmədi? Kreml 44 günlük savaşda Azərbaycana nədə mane oldu, nədə maneə ola bilmədi?

Skakovun “Armenpress”ə müsahibəsi: Azərbaycanın qələbəsinə Rusiyadan yanlış baxış - TƏHLİL

Kreml 44 günlük savaşda Azərbaycana nədə mane oldu, nədə maneə ola bilmədi?

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Aleksandr Skakov Ermənistanda fəaliyyət göstərən “Armenpress” agentliyinə müsahibə verib. “Dağlıq Qarabağ məsələsi çözülməyib. Dağlıq Qarabağ ya erməni olacaq, ya da ümumiyyətlə olmayacaq” başlığı ilə yayımlanan müsahibədə Rusiya alimi açıq-aşkar ermənpərəst mövqe tutur. Bununla belə söhbətdə bir sıra maraqlı məqamlar, dəyərləndirmələr və etiraflar da var.

Skakov qeyd edir ki, 44 günlük savaşdan öncə “İlham Əliyev daxili auditoriyaya hesablanmış bəyanatlar verir, heç zaman müharibəyə başlamayacaq” deyə onu inandırmaq istəyən ermənilərdən fərqli olaraq, Azərbaycanın ilk münasib məqamda hərbi əməliyyatlara başlayacağına şübhə etməyib. Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara start vermək üçün çox uğurlu məqam seçib. Həmin ərəfədə ATƏT-in Minsk Qrupu həmsədr dövlətləri olan ABŞ və Fransanın başı öz problemlərinə qarışıbmış, yalnızca Rusiya mümkün qədər rəsmi Bakıya mane olmağa çalışıb. Şərqşünas 44 günlük savaşın sonunda həm Rusiyanın, həm də Türkiyənin Qafqazda mövqelərinin gücləndiyini qəbul edir, ATƏT-in Minsk Qrupunu “ölü qurum” adlandırır, öz dövlətinin Azərbaycana təzyiq etmək üçün rıçaqlara malik olduğunu vurğulayaraq sülhməramlıların 5 ildən sonra bölgədən çıxmayacağını proqnozlaşdırır.

Bu müsahibəni Azərbaycanın 44 günlük savaşdakı tarixi zəfərinə Rusiyanın təkcə intellektual və ekspert cameəsinin yox, bütövlükdə, Rusiya elitasının yanaşması, həm də qısqanc yanaşması kimi dəyərləndirmək mümkündür. Bu yanlış yanaşmanın təməli məlumdur. Rusiya elitası Osmanlılarla Romanovlar arasında əsrlər öncə baş vermiş savaşların kompleksindən çıxa, məhz bu mübarizədə istifadə olunmaq üçün Qafqaza köçürülmüş ermənilərin yeni geopolitik dəngələrdə faktor kimi əhəmiyyətsizləşdiyini tam görə bilmirlər. Şimal ekspertləri üçün Rusiyanın hərbi qüdrəti ilə müqayisədə Azərbaycan əliyalındır və heç vəchlə qavraya bilmədikləri məhz budur ki, əliyalın Azərbaycan əsgəri rus silahları ilə təchiz edilmiş ermənilərə necə qalib gəldi, sıldırım qayalıqları aşıb Şuşaya necə girdi?

Həm Azərbaycanda, həm də Ermənistanda müəyyən çevrələr iddia edir ki, Rusiya prezidenti Vladimir Putin qərbpərəst Nikol Paşinyanın cəzalandırmaq üçün Azərbaycanın Qarabağ münaqişəsini çözmək üçün “Dəmir yumruğ”unu işə salmasına razılıq verib. Hər nə qədər qəribə olsa da, bu, həm Ermənistandakı hakimiyyətə, həm müxalifətə, həm də elə Rusiyanın özünə lazım olan, Azərbaycanda isə prezident İlham Əliyevin əleyhdarlarının işinə yarayan əsilsiz bir iddiadır. Bu cür rəylərin ortaya atılması ilə Rusiya Ermənistan cəmiyyətinə, “baxın, biz sizin yanınızdayıq, amma Nikol dinc oturmur, Qərbə üz tutur, yoxsa İlham Əliyevə macal tanımazdıq” mesajı verir; Paşinyan “mən Ermənistanı Kremldən uzaqlaşdırıram, amma Putin məni devirmək istəyir” deyə Avropadan dəstək alır, onun müxalifləri isə, “biz olsaq, Rusiya ilə anlaşıb Qarabağı saxlayardıq” anlamına gələn açıqlamalarla hava atmaq üçün bəhanə tapırlar.

Bəli, Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyana daxilən sayğı duyması mümkün deyil. Kremldəki əsas kreslonun sahibinin xarakteri Paşinyan kimi küçə adamını ciddiyə almağa imkan verməz. Ancaq bu ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, Vladimir Putin, necə deyərlər, emosiyalarını siyasətə qatmayacaq qədər peşəkar politik, təcrübəli dövlət adamıdır, üstəlik, Rusiyanın əlində Nikolu elə Ermənistanın daxili sistemində cəzalandırmaq üçün saysız-hesabsız alətlər var. Ancaq iş ondadır ki, prezidenti “Dağlıq Qarabağ Azərbaycan ərazisidir” söyləsə belə, Rusiya müharibənin gedişində Azərbaycana, Skakovun təbirincə desək, mümkün qədər mane olmağa çalışdı. Bu barədə dövlətimizin başçısı İlham Əliyev bəzən açıq, bəzən də üstüörtülü mesajlar verib, Ermənistan ordusuna savaş günlərində Rusiyanın silah yardımı etməsinə etiraz edib. Zənnimcə, Rusiya Azərbaycan ordusunun bu qədər güclü və çevik, Ermənistan ordusunun isə zəif və qeyri peşəkar olduğunu güman etmirdi. Kreml savaşın ilk həftəsində Ermənistan ordusunun əsas sütunlarının darmadağın ediləcəyinə inanmır, Azərbaycan ordusunun qat-qat çox itki verəcəyini, qoşunlarımızın qısa müddətdə Xankəndinə çıxacağını düşünmürdü.

Qara dəniz uğrunda gedən geopolitik savaşda Rusiya Türkiyəni özünə qarşı neytrallaşdırmağa məhkumdur və bu məhkumiyyət qarşısında Ermənistan Kreml üçün öz aktuallığını xeyli dərəcədə itirib. Odur ki, Ermənistanın işğalçılıq siyasətinə tərəf olaraq Rusiya Türkiyəni cəng meydanında qarşısına almadı, amma tam olaraq seyirçi mövqe də tutmadı. Əgər savaşın gedişinə yenidən nəzər salsanız görəcəksiniz ki, Hadrutun qoşunlarımız tərəfindən azad edilməsindən dərhal sonra Rusiya hərəkətə keçir, Şuşanın qaytarılmasından və üçrəngli bayrağımızın Xankəndində dalğalanması an məsələsinə çevriləndən sonra “helikopterin vurulması məsələsi”ni qabardaraq meydana atılır. Azərbaycan məhz bu məqamda dayandı və bütün analtiklərin fikrincə, dayanmalı olduğu vaxtda dayandı. Əks halda, ordumuz Xankəndini götürsəydi belə, Laçın və Kəlbəcərin keçilməz dağlarında qışa düşəcək, o qışdan minimum itkilərlə çıxsaq da, enində-sonunda Kollektiv Təhlükəsizlik Müqaviləsinin qarant dövləti kimi Rusiya ilə qarşılaşacaqdıq. Nəzərə alanda ki, Xankəndinin və ardınca Ağdərənin azad edilməsi dünyaya “etnik təmizləmə” kimi təqdim ediləcək və Azərbaycanın apardığı haqq mübarizəsinə qərəzlə yanaşan ABŞ, Fransa, onların nüfuz dairəsində olan dövlətlər də üstümüzə gələcəkdi, o zaman yaranacaq mənzərəni təsəvvür etmək çətin deyil.

Yada salmaq yerinə düşər, Ermənistanın baş naziri 44 günlük savaş boyunca telefonlardan asılı qalmış, amma Üçtərəfli bəyanatın mətni masasına gələndə yoxa çıxmışdı. Prezident Əliyev demiş, bu gün də həmin təslimçilik aktını hansı zirzəmidə imzaladığı bilinmir. Məncə, bu olaya fərqli yanaşmaq və Paşinyanın sənədi imzalamamaq üçün itməkliyini öz xalqının qəzəbindən çəkinməsi ilə əlaqələndirməmək lazımdır. Paşinyan Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq üçün yoxa çıxmış, çox güman, rəsmi Bakının sülhməramlıların bölgədə yerləşməsinə razılıq verə biləcəyini hesaba qatmamışdı. Prezident Əliyev 44 günlük savaşın emosional gərginliyinə rəğmən, son dərəcə soyuq məntiqlə davrandı və birbaşa Dağlıq Qarabağ münaqişəsinə aidiyyatı olmayan “Zəngəzur dəhlizi” ilə bağlı maddəni bəyanata salaraq strateji həmlə etdi. Bu həmlə qarşısında rus sülhməramlılarının Qarabağda 5 il, yoxsa 10 il qalması Azərbaycan üçün başlıca sorun deyil. Sülhməramlılarla bağlı Rusiyanın Azərbaycana təzyiq rıçaqları varsa, Azərbaycanın da bu təzyiqləri dəf etmək imkanları, o cümlədən “Şuşa Bəyannaməsi”nə əsasən Türkiyənin üzərinə götürdüyü ciddi öhdəliklər var.

Kimlərinsə qəbul edib-etməməsindən asılı olmayaraq, Qarabağ münaqişəsi bitib: artıq nə “Dağlıq Qarabağ” adlı bir ərazi vahidi var, nə də ermənilərə Azərbaycanın verə biləcəyi bir status. Xoşu çəkən Azərbaycan vətəndaşlığını qəbul edər və yaşayar, unitar dövlətimizi bəyənməyənlər isə, dünyanın istənilən nöqtəsinə köçməkdə sərbəstdir. Azərbaycan 44 günlük savaşda elə nəticələr əldə edib ki, bütün revanşist bəyanatlara rəğmən, Qarabağ uğrunda yeni savaşa başlamağa heç bir ağlı başında olan erməni siyasətçisi risk etməz.

Səbəb çox sadədir:

1) Azərbaycan “bufer zona”nı darmadağın edərək Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla, Qubadlıya sahibdir;

2) İranla sərhəd tamamilə sərhədçilərimizin nəzarətindədir;

3) Ermənistandan Xankəndinə gələn Kəlbəcər yolu bağlıdır, Laçın dəhlizi isə yalnız mülki əlaqələr üçün açıqdır- yeni savaş şəraitində oradan quş belə bəri keçə bilməz;

4) Ordumuzun mövqeləri Kəlbəcər və Laçında- Ermənistanla sərhədlər dəqiqləşməsə belə, Azərbaycan SSR-nin sərhədlərindədir;

5) Laçın, Kəlbəcər və Naxçıvandakı yüksəkliklərdən Ermənistan paytaxtı İrəvan da daxil olmaqla atəş nəzarəti altındadır;

6) Hadrut və Suqovuşan istiqamətindən Ağdərəyə giriş imkanları əldə olunub;

7) Azad edilmiş Şuşa Xankəndinin başının üstündədir və Azərbaycan ordusunun şəhərə daxil olması üçün rus sülhməramlılarının bircə gecə sərxoş olması yetərlidir.

Odur ki, ATƏT-in Minsk qrupunu dirçəltmək kimi, İrəvandan səslənən “Sülh sazişinin imzalanmasından öncə Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır” kimi bəyanatlar da ermənilərin özünü aldatmasından başqa bir şey deyil. Gorbagor olanlar geri qayıtmır!

Azərbaycan işğaldan azad olunan ərazilərdə yenidən məskunlaşma həyata keçirəcək. Buna heç bir maneə yoxdur. Xankəndi və ətrafından darmadağın edilmiş erməni qoşunları çıxmaq zorundadır. Əks halda, Azərbaycan anti-terror əməliyyatları da daxil olmaqla, bütün növ tədbirləri görməyə hazır və qadirdir. Sərhədlərin dəqiqləşməməsi və “Sülh sazişi”nin imzalanmaması da Azərbaycana təhdid deyil, son nəticədə zaman Ermənistanın özünün varlığını bir dövlət kimi sual altında qoyur. Əsas məsələ “Zəngəzur dəhlizi”nin- Türkiyə-Ermənistan- Azərbaycan-Rusiya marşrutunun açılmasıdır. Ermənistan həm ayrı-ayrılıqda, həm də birlikdə nə Azərbaycana, nə Türkiyəyə, nə də Rusiyaya bu sarıdan müqavimət göstərmək iqtidarındadır. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi güc tətbiqi üçün əsasdır. İrəvan dəhlizi açmaqdan imtina edərsə, həm Azərbaycanın, həm də Rusiyanın artıq hüququ var ki, hərbi güc tətbiq edərək Ermənistanı öhdəliyini gerçəkləşdirməyə məcbur etsin.

Zənnimcə, bütün bunlar Rusiya EA-nın Şərqşünaslıq institutunun direktoru üçün də aydın olmalıdır. Əgər aydın deyilsə, o zaman prosesləri ya yaxşı izləməyib, ya da gedişat ürəyincə deyil. Əks halda, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya son səfərində Rusiya lideri Vladimir Putinin bir dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməməsini diplomatik dildən sadə dilə rahatlıqla tərcümə edə, bunu yeni reallığı qəbul etməyən ermənilərə də başa sala bilərdi.

Taleh ŞAHSUVARLI