- Redaktor masası
- 4 Aprel 2022 08:43
- 15 147
Azərbaycan arxeologiya elmi islahatlar ərəfəsində
Ramız Mehdiyevin prezident olduğu son iki ildə AMEA dərin bataqlığa sürüklənmişdı
Zəngin tarixə malik Azərbaycan elminin hazırda acınacaqlı durumda olması son vaxtlar bu mövzuda nəşr edilmiş yazılarda dəfələrlə qeyd edilmişdir. Əsas elmi mərkəz olan Azərbaycan Milli Elmlər Akademiyasında R.Mehdiyevin prezident olduğu son iki ildə bu qurum dərin bataqlığa sürüklənmiş, elmi idarəetmə iflic vəziyyətə düşmüş, həyatını elmə sərf etmiş müstəqil fikirli bir çox alimlər təzyiqlərlə üzləşmişlər. Təəssüflər olsun ki, onun qanunsuz olaraq “baş direktor” təyin etdiyi bəzi institutlarda bu proseslər indi də davam etməkdədir.
İlk növbədə qeyd edilməlidir ki, son vaxtlar mətbuatda Azərbaycan alimlərinin guya heç bir sanballı fəaliyyətinin olmaması barədə yazılanların heç bir əsası yoxdur. Bununla bağlı sovet dövrünə aid faktları yenidən xatırlatmağa ehtiyac yoxdur. Müstəqilliyimizin ilk on ilində ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qurmuş, gələcək inkişaf üçün möhkəm baza yaratmışdır. Son iyirmi ilə yaxın müddətdə cənab Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Respublikamız sürətlə inkişaf edərək dünya dövlətləri sırasında layiqli yerini tutmuşdur. Bu müddət ərzində alimlərin fədakarlığının nəticəsi olaraq elm sahələrinin də xeyli uğurları olmuşdur. Bu barədə lazımi informasiya almaq istəməyənlər yanlış olaraq sadəcə elmin, AMEA-nın üzərindən birdəfəlik xətt çəkməyi təklif edirlər.
Əlbəttə, digər sahələrdə olduğu kimi AMEA-nın idarə edilməsində, elmi tədqiqatların təşkilində də neqativ hallar kifayət qədərdir. Belə hallar ilk növbədə rəhbər kadrların düzgün seçilməməsinin nəticəsidir. Elmi müəssisələrdə bu neqativ hallardan əziyyət çəkənlər də ilk növbədə bütün ömrünü, fəaliyyətini elmə sərf etmiş alimlərdir.
İndi R.Mehdiyevin istefasından sonra AMEA-nın xilas edilməsi, elmin yenidən təşkilatlanması üçün bəlkə də son otuz ildə ilk dəfə olaraq nadir şans yaranmışdır.
Yaxın günlərdə hörmətli akademiklər Dilqəm Tağıyev, İbrahim Quliyev, Asəf Hacıyev və digər dəyərli alimlər Elmlər Akademiyasının və ümumiyyətlə Azərbaycan elminin hazırkı çətin durumu və çıxış yolları barədə sanballı məqalələr dərc etmişlər. Başlıca olaraq dəqiq elmlər barədə bəhs edən bu yazılardakı fikirlərlə razılaşaraq bir qədər də ictimai elmlər, daha konkret olaraq arxeologiya elminin vəziyyətindən bəhs etməyi lazım bilirəm. Eyni zamanda həmin məqalələrdə yer almış elmin idarə edilməsinə dair müddəalar həm də ictimai və humanitar elm sahələrinə də aiddir.
Azərbaycan tarixinin yazıya qədərki milyon ildən artıq dövrü əhatə edən qədim mərhələsi yalnız arxeoloji qazıntılarla tədqiq edilir. Antik və Orta Əsrlər dövrlərinin də böyük bir qismi məhz arxeoloji araşdırmalarla öyrənilir. Eyni zamanda tarixi-arxeoloji abidələrimizin tədqiqi və təbliği birbaşa milli ideologiya ilə bağlı olduğundan bu sahə daim diqqət, düzgün təşkilatçılıq və idarəçilik tələb edir.
İlk növbədə arxeologiya elminin yenidən təşkilatlanmasına böyük ehtiyac var. Dünyanın bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində arxeologiya ayrıca elmi qurum halında fəaliyyət göstərir. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında iki tədqiqat institutunun yaradılması zəruridir. AMEA-da “Arxeologiya İnstitutu”nun yaradılması günün tələbidir. Arxeologiya və etnoqrafiya (əslində etnologiya və ya mədəni antropologiya) elmləri bir institutda yalnız keçmiş SSRİ-nin Tacikistan, Qırğızıstan, Türkmənistan və Ermənistan kimi ölkələrində saxlanmışdır.
Arxeologiya və etnoqrafiya elmləri arasında həm xronoloji, həm də tədqiqat istiqamətləri, tədqiqat üsulları baxımından heç bir bağlılıq yoxdur və bunlar tam fərqli sahələrdir. Məsələn, hazırda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda araşdırılan yüz min illər öncə paleolit dövrü ibtidai insanlarının hazırladığı daş alətlərin texniki-tipoloji xüsusiyyətlərinin tədqiqi ilə XIX-XX əsrlərin məişəti və ya 4-5 min il bundan əvvəlki tunc dövrünün kurqanlarının qazıntıları ilə XIX-XX əsrlərin şəhər sənətkarlığı mövzuları arasında hansı əlaqədən söhbət gedə bilər? Bütün bunlar azmış kimi keçən il institutun adına Rəyasət Heyəti tərəfindən yersiz olaraq “Antropologiya” sözünün də əlavə edilməsi bu məsələni daha da qəlizləşdirmişdir.
AMEA-nın nəzdində hazırda beynəlxalq ictimai elmlər istiqamətində aktual sahələrdən birini əhatə edən “Antropologiya və Etnologiya İnstitutu”nun yaradılmasının vaxtı çoxdan çatmışdır.
Beynəlxalq əlaqələr Azərbaycan arxeologiya elminin əsas prioritet istiqamətlərindən biri olmalıdır. Bütün ictimai elm sahələrindən yalnız arxeologiya bir sıra dəqiq, təbiət elm sahələri ilə – kimya, botanika, zoologiya, geologiya və s. elmlərlə sıx əlaqədə fəaliyyət göstərir. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir sıra üzvi və qeyri-üzvi tapıntılar məhz bu təbiət elmləri laboratoriyalarında analiz edilirlər. Belə multidissiplinar tədqiqatlar aparmadan lazımi elmi nəticələrə nail olmaq mümkün deyil. Respublikamızda belə tədqiqatlar üçün şərait olmadığından xarici ölkələrin müvafiq elmi qurumları ilə əlaqələri genişləndirmək vacibdir.
Beynəlxalq elmi əlaqələrin mühüm istiqamətlərindən biri də konfranslarda iştirak və impakt faktorlu jurnallarda məqalələr nəşr etdirməklə bağlıdır. Bu fəaliyyət əlbəttə, dəqiq elmlərdən fərqli olaraq ictimai və humanitar elmlər sahəsində müqayisə edilməyəcək dərəcədə aşağı səviyyədədir. Məsələn, bizim institutumuzda elə elmlər doktorları var ki, son 15 ildə xarici ölkələrdə keçirilən hər hansı beynəlxalq elmi konfransda iştirak etməmişlər. Belələri nəinki impakt faktorlu, heç ümumiyyətlə xaricdə çap olunan orta səviyyəli hər hansı elmi jurnalda məqalə nəşr etdirməmişlər.
Yeri gəlmişkən, xarici ölkələrdə elmi kitabların çap etdirilməsi də vacib məsələlərdən biridir. Bunun üçün kitab xarici ölkənin müvafiq elmi qurumunda müzakirə edilməli və ona həmin elmi təşkilat tərəfindən rəy verilməlidir. Və yaxud ölkəmizdə xarici ölkə alimləri ilə birgə aparılan tədqiqatların nəticələri həmin alimlərlə müştərək olaraq həmin ölkələrdə nəşr edilir və bu da uğurlu addımlardandır. Lakin Naxçıvandakı məşhur I Kültəpə arxeoloji abidəsinin qazıntılarının 1959-cu ildə Azərbaycan dilində, 1982-ci ildə isə rus dilində nəşr edilmiş nəticələrini sonralar bir başqasının köçürərək və təhrif edərək Voronej Texniki Universitetinin mətbəəsində çap etdirməsi xaricdə elmi kitab nəşri hesab edilə bilməz.
Qarşıda duran əsas vəzifələrdən biri də cavan tədqiqatçıların müxtəlif sahələr, xüsusilə də fiziki antropologiya və sualtı arxeologiya üzrə inkişaf etmiş ölkələrin müvafiq elmi qurumlarında təcrübə keçməsidir. Yalnız beynəlxalq təcrübəni öyrənməklə lazımi səviyyədə tədqiqatlar aparmaq mümkündür.
Digər mühüm bir məsələni - sualtı arxeoloji araşdırmaları qeyd etmək lazımdır. Azərbaycanda bu sahədə son tədqiqatlar sovet dövründə aparılmışdır. Sonralar bu işlər kadr və avadanlıq çatışmazlığı səbəbindən tamamilə dayanmışdır. Çünki sualtı arxeoloji işlərin aparılması ilk növbədə müvafiq kadr hazırlığı və lazımi səviyyədə maliyyə vəsaiti tələb edir. Bütün Xəzəryanı ölkələrdən Azərbaycan Respublikasının sahil suları zolağı sualtı arxeoloji tədqiqatlar baxımından daha zəngin və daha əlverişlidir. Bundan əlavə, Mingəçevir və Şəmkir su anbarlarının altında yüzlərlə arxeoloji abidələr tədqiq edilməmiş qalmaqdadır. Sualtı arxeoloji tədqiqatları bərpa etmək üçün ilk növbədə xarici ölkələrin qabaqcıl elmi təcrübəsinin öyrənilməsi vacibdir.
İctimai elmlərin üzləşdiyi problemlərdən biri də plagiatçılıqdır. Son illər bu neqativ fəaliyyət demək olar ki, intensiv hal almışdır. Əgər elmlər doktoru Ensiklopediyadan bütöv bir məqaləni köçürərək öz adından çap edirsə burada hansı elmi fəaliyyətdən söhbət gedə bilər? Başqa birisi 12 il əvvəl AAK-da plagiat səbəbindən imtina edilmiş doktorluq dissertasiyasını adını dəyişməklə yenidən müdafiəyə təqdim edirsə və ona hərtərəfli şərait yaradılırsa ona necə alim demək olar? Belə işlərə şərait yaradanlar görəsən nə düşünür? Buna görə də elmi çap işlərinə, dissertasiyaların müdafiələrinə nəzarət sistemi dəyişilməlidir. Eyni zamanda plagiatçılıqla bağlı qanunvericiliyin şərtləri sərtləşdirilməlidir.
Eyni zamanda, gənclərin arxeologiya elminə gəlməsi üçün universitetlərin tarix fakültələrində “Arxeologiya” ixtisasının lazımi səviyyədə tədrisi üçün Təhsil Nazirliyi ilə əməkdaşlığa böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, arxeologiya tarix elminin olduqca spesifik bir sahəsidir və bu elm sahəsinə gələn gənclərin tarix fakültəsinin məzunu olması və yaxud tarixi abidələrlə əlaqəli ixtisaslara sahib olmaları vacibdir. Bu amil gələcəkdə arxeoloq olacaq alimin arxeoloji qazıntıların nəticələrinin tarixi dövrlərin xüsusiyyətləri kontekstində düzgün interpretasiya etməsi üçün zəruridir.
Bəzən elə düşünürlər ki, ictimai elmlərlə, o cümlədən arxeologiya ilə istənilən fakültənin məzunu məşğul ola bilər. Amma təcrübə göstərir ki, uzun illər bu sahədə çalışmağa baxmayaraq belə məşğulluq həvəskar səviyyəsindən yuxarı qalxmır. Çünki peşəkar arxeoloqlar üçün adi görünən və yaxşı məlum olan faktları bəzən belələri yenilik kimi təqdim edirlər. Şəkidə aşkar edilmiş bir arxeoloji abidə Qafqaz və Yaxın Şərq arxeologiyasında ilk dəfə kəşf edilmiş yeni növ abidə kimi təqdim edilmiş, bu təqdimat AMEA Rəyasət Heyətində ilin elmi yeniliyi kimi təsdiq edilmişdir. Halbuki belə növ abidələr Qafqaz arxeologiyasında hələ keçən əsrin 70-ci illərindən məlumdur. Belə misalların sayı kifayət qədərdir.
Mühüm məsələlərdən biri də arxeoloji ekspedisiyaların hüquqi bazasının təkmilləşdirilməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2016-cı il 2 avqust tarixində 289 №-li “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar qəbul etmişdir.
Qərarda ayrı-ayrı elm sahələrinin müxtəlif tədqiqat üsulları və obyektləri, spesifik xüsusiyyətləri nəzərə alınmadan bütün elm sahələri üzrə vahid, standart qaydalar təsdiq olunmuşdur. Bu da öz növbəsində arxeoloji ekspedisiyaların fəaliyyətinə aşağıda qeyd edilən mənfi təsirləri göstərmişdir:
1. Qərarın 2.3. maddəsinə əsasən respublika üzrə ekspedisiyaların fəaliyyət müddəti 30 günlə məhdudlaşır. Bu rəqəm heç bir fərq qoyulmadan bütün elm sahələrinə şamil edilmişdir. Halbuki müxtəlif elm sahələri üzrə ekspedisiyaların iş prinsipləri tam fərqlidir. Belə ki, arxeoloji ekspedisiyalar bölgələrdə qazıntı işləri aparır, yerli vətəndaşları fəhlə və ya sürücü qismində işə cəlb edir və s. təşkilati işləri yerinə yetirir. Eyni zamanda, ekspedisiya üzvlərinin qalması üçün kirayə ev tapmaq, əvvəlki ildə qazıntı aparılmış sahədə işləri bərpa etmək (qazıntı sahəsinin üstünün müvəqqəti örtüyünü açmaq, sahəni təmizləmək və s.), müvafiq sənədləri qeydə almaq və s. işlər üçün müəyyən vaxt tələb olunur. Bütövlükdə arxeoloji qazıntılara başlamaq üçün belə təşkilati işlərə bəzən 4-5 gün sərf edilir.
Mövcud Qərara əsasən hər 30 günün tamamında ekspedisiyaların sənədləri yenilənməli və faktiki olaraq yeni ekspedisiya yaradılmalıdır. Bunun üçün bölgələrə ezam edilmiş ekspedisiya heyətləri qazıntıları yarıda saxlayıb İnstituta geri qayıtmalıdırlar. Yeni ekspedisiya sənədlərinin hazırlanması (əvvəlki 30 günün maliyyə hesabatının verilməsi, yeni sənədlərin hazırlanaraq təsdiq edilməsi və s.) isə yenə də 5-7 gün ərzində baş verir. Bütün bunlar arxeoloji ekspedisiyaların fəaliyyətinə öz mənfi təsirini göstərir. Əslində arxeoloji ekspedisiyaların bir dəfəlik müddətinin 3 aya qədər uzadılması məqsədəuyğundur.
2. Qərarın 2.9.3. maddəsinə əsasən müqavilə üzrə ekspedisiyanın işinə cəlb edilən işçilərin sayı 3-dən artıq ola bilməz. Halbuki arxeoloji qazıntı aparan ekspedisiyanın işinə fəhlə qismində 10-12 nəfərə qədər işçi cəlb edilir.
3. Qərarın Əlavə hissəsində ekspedisiyanın işində fəhlə kimi işləyən şəxslərin gündəlik əmək haqqı 8 manat miqdarında müəyyən edilmişdir. Bu rəqəmdən vergi tutulmalarını da nəzərə alsaq məbləğin həddindən artıq aşağı (6 manat 40 qəpik) olması səbəbindən belə işçilərin ekspedisiyaya cəlb edilməsi problemli bir məsələdir. Eyni zamanda, Qərarda ekspedisiya üçün yerlərdə mənzil icarəsi üçün bir günlük ödəniş 5 manat həcmində müəyyən edilmişdir. Bu rəqəmlərin reallıqdan çox uzaq olduğu məlumdur.
Əlbəttə, sual yaranır: bəs arxeoloqlar bu qazıntıları necə aparmış, fəhlələrin, sürücülərin, kirayə evlərin real qiymətlərini, ekspedisiyalar üçün tələb edilən avadanlıqların xərclərini necə ödəmişlər? Bütün bu ödənişlər ekspedisiya üzvlərinin hər birinə ayrılan gündəlik çöl təminatı (ezamiyyə) xərcləri hesabına həyata keçirilmişdir. Faktiki olaraq ekspedisiyaların fəaliyyəti üzvlərin ezamiyyə xərcləri hesabına baş tutmuşdur. Buna baxmayaraq bəzi müdirlər arxeoloqları vəsaitləri düzgün sərf etməməkdə günahlandırırlar. Əslində arxeoloqların çətinlikləri bunlarla bitmir. Ümumiyyətlə, AMEA-da arxeoloqlardan daha çox çətinliklərlə üzləşən ikinci bir elm sahəsi nümayəndələrini göstərmək çətindir. Amma çətinliklərə baxmayaraq arxeoloqların indiki nəsli Vətənimizin qədim və orta əsrlər tarixinin tədqiqi üçün böyük işlər görmüşlər.
Bu Qərarda elm sahələrinin fərqləndirilməməsinin səbəbi isə həmin vaxt AMEA Rəyasət Heyətindən Nazirlər Kabinetinə dolğun informasiyanın verilməməsidir. Növbəti mərhələdə həmin Qərarda dəyişikliklərin edilməsi və yaxud arxeoloji ekspedisiyalar barədə ayrıca Qərarın verilməsi xahişi ilə Nazirlər Kabinetinə müraciət edilməsi vacibdir. Ekspedisiyaların təşkilinin sadələşdirilməsi daha yüksək elmi nailiyyətlərin qazanılmasına şərait yarada bilər.
Ümumiyyətlə, qarşıda gözlənilən islahatlar planında ilk növbədə AMEA Rəyasət Heyətinin işinin yenidən qurulması yer almalıdır. Əgər institutun rəhbərinin yarıtmaz işi barədə şikayət müraciətləri “Vətəndaşların Müraciətləri Haqqında Azərbaycan Respublikasının Qanunu”nun 7.13. maddəsinə zidd olaraq Rəyasət Heyəti tərəfindən yenidən həmin institut direktoruna baxılmaq üçün göndərilirsə o zaman bu qurumun fəaliyyətində əsaslı islahatlara doğurdan da böyük ehtiyac var. Rəyasət Heyətinin işində islahatlar müvafiq olaraq institutların fəaliyyətinə də müsbət təsir göstərə bilər.
Nəcəf Müseyibli
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun
şöbə müdiri, tarix elmləri doktoru, professor