Əli Kərimlinin və Qənimət Zahidin daha bir girəvəçiliyi Əli Kərimlinin və Qənimət Zahidin daha bir girəvəçiliyi

Şəhid qanı siyasi fəndlərə qarışdırılmamalı!

Əli Kərimlinin və Qənimət Zahidin daha bir girəvəçiliyi

Çox təəssüflər olsun ki, ölkəmizin müstəqillik qazanması ərəfəsində Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində torpaqlarımızda qanlı savaş gedib, Silahlı Qüvvələrimiz çox sayda şəhid verib. Bu gün sabit bir cəmiyyətdə yaşayırıqsa, Qarabağı işğaldan azad edərək Şuşaya bayraq sancmışıqsa, Xankəndinin nəzarətimizə keçməsi yaxın günlərin məsələsidirsə, bu iftixarı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi üçün canını fəda etmiş oğul və qızlarımıza borcluyuq. Onların ruhu qarşısında hər zaman baş əyməli, fədakarlıqlarını əsla unutmamalı, istər cəmiyyyət, istərsə də dövlət olaraq şəhidlərimizin əmanətlərinə sahib çıxmalıyıq.

Bəli, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə daxil olan hər kəs hərbi and içərək Vətən uğrunda həlak olmağa hazır olduğunu bəyan edir. Savaşlar isə ölümsüz olmur. Vətən uğrunda həlak olmağı müqəddəs borc bilənlərin gözü arxada qalmamalı, doğmaları ən yaxşı, bir daha deyirəm, ən yaxşı şəraitdə yaşamalıdır. Bunun üçün dövlətimiz bütün imkanlarını səfərbər edib şəhid ailələrinə, müharibə əlillərinə hər cür maddi və mənəvi dəstək göstərməlidir. Şəhid ailələrinə və müharibə əlillərinə dövlətin sosial yardım paketləri ən geniş spektri əhatə etməli, birdəfəlik və davamlı maddi dəstəkdən nəqliyyat və səyahət güzəştlərinə, vergi və rüsumlardan tam və ya qismən azadolunmalaradək həyatın bütün sahələrində boynumuzda ölçüyəgəlməz haqqı olan bu təbəqəyə sözün əsl mənasında yaxşı imkanlar yaradılmalıdır. Həm dövlət, həm də özəl sektor şəhid ailələri və müharibə əlilləri ilə bağlı sosial məsuliyyətinə yenidən baxmalı, əsaslı ictimai dinləmələrdən sonra yeni proqramla çıxış etməlidir. Bu müstəvidə mən, əlbəttə, şəhid ailələrinə verilən birdəfəlik yardımın məbləğinin (11 min manat) dəfələrlə artırılmasına da sidq ürəkdən tərəfdaram. Hazırda ehtiyyatda olan və müharibə görmüş zabit kimi bu məbləğin dəfələrlə artırılmasının ordumuzun mənəvi-psixoloji hazırlığına, şəhid ailələrinin maddi vəziyyətinə necə böyük dəstək olacağını dərindən anlayır və bilirəm.

Bəs, bütün bunları necə edə, nə cür həyata keçirə bilərik?

Əlbəttə, cəmiyyət və dövlət olaraq əl-ələ, çiyin-çiyinə verərək, məqsəd və mənəviyyat birliyi ilə “hər şey vətən üçün” dediyimiz kimi, “hər şey şəhid ailələri üçün” deyərək!

Ancaq “Rusiya həlak olan hərbiçilərinin ailələrinə 80 min dollar, Ukrayna isə 500 min dollar verir” müqayisəsi apararaq şəhid qanı üzərindən dövlətə, hakimiyyətə, prezident Əliyevə siyasi həmlə etmək üçün bəhanə axtaranlar Vətən amalının üstündən xətt çəkməklə övlad itirmiş, valideyn itirmiş, qardaş-bacı itirmiş sinəsi dağlı insanların duyğusunu sümürməklə məşğuldurlar.

Etiraz doğuran budur!

Qarşı çıxdığımız budur!

İndi çıxmayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin, AXCP sədri Əli Kərimlinin məramı, səmiyyəti və üslubu da elə buna görə yanlışdır, qeyri-səmimidir, qəbuledilməzdir.

Əli Kərimli bir partiya sədridir.

İstənilən partiyanın əsas funksiyalarından biri hökumətə konsturktiv təkliflər verməkdir.
Axı nə çətin işdir ki, çevrəndəki iqtisadçıları, sosial siyasət mütəxəssislərini, ekspertləri toplayasan, bir İşçi Qrup yaradasan, hökumətin sözügedən seqmentə hədəflənən proqram və icraatlarını təhlil edəsən, təkliflər hazırlayasan və deyəsən: “Biz bu məsələlərin həllini belə görürük”!
Müxalifətin hazırladığı və ictimaiyyətə açıqladığı bir təkliflər paketini iqtidar nümayəndələri oxumayacaqmı?

Əmin edirəm, mütləq oxuyacaq!

Nəzərə almayacaqmı?

Əmin edirəm, mütləq nəzərə alacaq!

Demək ki, niyyət o deyil, dərdi çəkilən şəhid ailələri və müharibə əlilləri deyil.
Hakimiyyətlə həssas bir mövzuda cəmiyyət və müharibədən zərərçəkənlər arasında ziddiyyət yaratmaqdır.

Bu, bizim milli maraqlarımıza uyğundurmu?

Əsla!

Bu, ermənilərin Azərbaycan xalqının və ordusunun döyüş əzmini qırmaq üçün apardığı propoqandaya dəstək verməkdirmi?

Bəli!

Bu iki sualın cavabı bizə onu deməyə əsas verir ki, AXCP-nin bu cür həssas və aktual bir məsələdə seçdiyi METOD da kökündən səhvdir.

Sonda bir məsələyə də diqqət çəkim.

Qardaş Türkiyədə şəhid ailələrinin üzvlərinə ictimai nəqliyyatdan pulsuz istifadə haqqı tanınır. Bir dəfə şəhid ailələrinin bu haqqlarından necə istifadə etməsi ilə bağlı Türkiyə telekanallarının birində süjet izlədim. Şəhid anası danışdı ki, avtobusa minəndə həmin hüququnu əks etdirən kartı görəndə sürücü ona deyib: “Bilsəydim, şəhid yaxını kartı göstərəcəksən, avtobosu saxlamazdım”.
Ana deyirdi ki, elə bildim həmin an övladım yenidən həlak oldu!

Baxın, əziz oxucular, dövlət nə edirsə etsin, bir məmurun, bir siyasətçinin, lap elə bir ağızdan yava sürücüsün düşünülməmiş sözü, hərəkəti şəhid doğmalarının qəlbini qırmağa yetərlidir.

Gəlin, empatiyamızı və insanlığımızı unutmayaq!

Taleh ŞAHSUVARLI