- Redaktor masası
- 12 Aprel 2022 12:26
- 14 001
Dəyişən paradiqma: Qarabağın yox, Ermənistanın aqibəti müzakirə olunur- TƏHLİL
ATƏT-in Minsk Qrupu ilə Avropa İttifaqı Şurasının vasitəçiliyi arasında hansı əsas fərq var?
Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub. Diqqət çəkən məqam budur ki, telefon danışığı Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldəki razılaşmaları əsasında xarici işlər nazirləri arasında gerçəkləşən ilk dialoqdur. Brüssel danışıqlarının hələlik açıq görsənən ən bariz nəticəsi budur ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının iflasa uğraması artıq fakt kimi Avropa Birliyi tərəfindən də etiraf olunur. Məhz bu “boşluğu doldurmaq” üçün İttifaq Şurasının prezidenti Şarl Mişel Qərb adına hərəkətə keçib. Ancaq nəzərdən qaçmayacaq daha üç önəmli məsələ var.
Biri budur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ABŞ və Fransa ATƏT-in Minsk Qrupu formatında bizimlə əməkdaşlıq etmir” deyə “Ukrayna böhranı”ndan sonra Qərblə-Rusiya arasında yaranmış qarşıdurmanın sözügedən təsisatı tarixin arxivinə göndərdiyini danmadı.
İkincisi, ATƏT Minsk Qrupunda ABŞ-ı təmsil edən keçmiş həmsədr Ceyms Uorlik bu günlərdə Ermənistan mediasına geniş müsahibə verib və müxbirlə söhbətində Ağ Evin yeni situasiyaya baxış açısını şərh edib. İntervyünün məğzini bircə cümlə ilə ifadə etsək, Uorlik deyir ki, ABŞ Rusiyanın Cənubi Qafqazda təşəbbüsü ələ almasından narahatdır və situasiyanı dəyişmək niyyətindədir.
Üçüncü maraqlı məqam isə, ATƏT Minsk Qrupunda Fransanı təmsil edən Bris Rokfeyin Brüssel danışıqlarından sonra, necə deyərlər, “ayağının tozunu” Ermənistan xarici işlər nazirliyində çırpması, Ararat Mirzoyanla görüşüb fatihəsi 44 günlük savaşla verilmiş missiyanı dirçəltməyin əhəmiyyətindən dəm vurmasıdır. Dərhal xatırladaq ki, Rokfey Fransa tərəfindən ATƏT-in Minsk Qrupuna 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı Üçtərəfli Bəyanatdan bir həftə öncə təyin olunub. Diplomat daha öncə ölkəsinin Türkiyə və Rusiyadakı səfirliklərində siyasi attaşe olaraq çalışıb. Maraqlı detaldır, deyilmi?
Bu ritorik sualı cavablandırmağı hörmətli oxucularımızın öhdəsinə buraxaraq Azərbaycan və Ermənistan arasındakı diplomatik və qeyri-diplomatik təmasların yeni dramaturgiyasına nəzər salaq. Ancaq bundan öncə ən yaxın tarixə qısaca nəzər salmaqda fayda var.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, bu iddianı gerçəkləşdirmək üçün 1988-ci ilin fevralından başlayaraq Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətində anti-türk aksiyalar və silahlı basqınlar təşkil etməsi, nəhayət 15 iyunda DQMV-nin “Ermənistan SSR-ə birləşdirilməsi haqqında” İrəvanda qərar qəbul edilməsi ilə meydana çıxmışdı. Ancaq bu “birləşdirmə” heç bir siyasi- hüquqi nəticə vermədiyindən 1991-ci ilin sentyabrında qondarma “Dağlıq Qarabağ Respublikası” elan olundu. Burada ən “incə məqam” odur ki, 91-ci ilin payızında SSRİ-nin dağılması artıq zamanın qaçılmaz tələbi idi. Keçmiş müttəfiq respublikaların qazanacağı müstəqilliyin beynəlxalq arenada tanınması şərt idi. İrəvanda başa düşdülər ki, Azərbaycanın bir hissəsini özünə “birləşdirmiş”, yəni rəsmən işğal etmiş olduğu halda hüquqi baxımdan yeni dünya düzəninin bir parçası- BMT üzvü ola bilməyəcək. Odur ki, loru dildə desək, Ermənistan xüsusi qərarla özünə birləşdirdiyi “DQMV”-i formal olaraq “başından etməyə” üstünlük verdi.
Ermənistanın Qarabağ siyasətində ikinci strateji uğursuzluğu “qondarma respublika”nı MESAPOTOMİYAya, yəni Araz və Kür arasında “iki çay arası” əraziyə çevirə bilməməsi oldu. Bu, erməni şovinist düşüncəsinin əsas arzularından idi, amma nail ola bilmədilər. Yadımdadır, işğalçı Ermənistan ordusunun generalı, 1992-ci ildə Şuşaya hücum əməliyyatına rəhbərlik edən Arkadi Ter-Tadevosyan bu barədə bir neçə il öncə sual verilmiş və o, belə demişdi: “Biz ancaq mümkün olanı edə bildik”. Bəs, nədən ermənilər birinci Qarabağ savaşında Azərbaycan torpaqlarını Kür çayına qədər işğal edə bilmədilər? Bunun ən başlıca səbəbi odur ki, Azərbaycan 1993-cü ildə vətəndaş müharibəsindən yayına bildi, siyasi macəralara son verib Heydər Əliyevin rəhbərliyi ilə real dövlət quruculuğuna başladı. Heydər Əliyevin dünyada qəbul olunan xarizması, böyük siyasi təcrübəsi və diplomatik ustalığı çox keçmədən ATƏT-in Lissabon sammitində milli maraqlarımız baxımından tarixi uğura çevrildi. ATƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bununla “DQR”-in tanınması, o cümlədən Ermənistan tərəfindən tanınması üçün İrəvanın aparmış olduğu və aparacağı siyasət iflasa uğradıldı.
Bəli, Azərbaycan hərbi cəhətdən zəif olduğu, torpaqlarının işğal altında qaldığı dönəmdə belə Ermənistan “DQR”-in müstəqilliyini tanımağa cürət etmədi. Ancaq bu dönəmdə Azərbaycanın inkişaf tempini, o cümlədən hərbi qüdrətinin yüksəlməsini hesablaya bilməyən işğalçı zehniyyət müvəqqəti uğurdan öz maraqları baxımından düzgün istifadə edib zamanında geri çəkilə, bunun müqabilində “status məsələsi”ni çözə bilmədi. Hətta özlərinə müttəfiq gördükləri, faktiki patronları olan Rusiyanın Qarabağın beş rayonunu boşaltmaq barədə ismarıclarını da qulaqardına vurdular.
Son nəticə məlumdur: “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinyan və komandası 44 günlük müharibədə işğalçı ordunun 3/2 məhv ediləndən sonra “Ermənistanın Azərbaycana qarşı heç zaman ərazi iddiası olmayıb. Artsax-hüquq məsələsidir” deyə ağ yalanlardan yapışaraq, obrazlı desək, sınıq qramofonun valını dəyişməyə çalışır. Azərbaycan isə birmənalı şəkildə deyir və sözünün üstündə həm də tankla, topla, PUA-larla durur: “Münaqişə bitib, status gorbagor olub, ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə ehtiyac qalmayıb”.
Bu məqamda xüsusən metodoloji baxımdan üzərində dayanılması son dərəcə vacib olan bir sual var: ATƏT-in Minsk Qrupu ilə Avropa İttifaqı Şurasının vasitəçiliyi arasında hansı əsas fərq var?
Söhbət heç də ATƏT və Aİ arasındakı struktural fərqdən getmir. Bizim üçün əsas, prinsipial fərq nədir?
FƏRQ ODUR Kİ, ATƏT MİNSK QRUPUNUN MANDATI “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ” NİZAMLAMAĞI EHTİVA EDİRDİ. AVROPA İTTİFAQININ SON TƏŞƏBBÜSLƏRİ İSƏ HAZIRDA AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDAKI MÜNASİBƏTLƏRİN NORMALLAŞDIRILMASINA YÖNƏLİB.
Başqa sözlə, Avtopa İttifaqı Şurasının vasitəçiliyi ilə müzakirə olunan Azərbaycanın bir parçası olan Qarabağ deyil, Cənubi Qafqazın iki dövləti arasında post-münaqişə periodunda münasibətlərin tarazlaşdırılmasıdır. Bu tarazlıq isə, heç şübhəsiz, Azərbaycanın qalib dövlət olaraq Ermənistana verdiyi, həqiqətən də obyektiv və rasional səciyyə daşıyan təkliflərinin qəbul edilməsindən asılıdır. Ermənistanın bu təklifləri qəbul etməkdən başqa çarəsi yoxdur və həm Bakıdan, həm də İrəvandan verilən açıqlamalar təsdiq edir ki, prinsiplərdə uzlaşma əldə olunub.
Azərbaycanın 44 günlük savaşda qələbəsinə təkan verən əsas geosiyasi faktor Türkiyə və Rusiya arasında yaxınlaşma idi. Ötən əsrin əvvəllərində bu yaxınlaşma Azərbaycanın Naxçıvanı qoruması ilə nəticələndi, 21-ci yüzilin birinci rübündə isə, Qarabağ münaqişəsinin həllinə töhfə verdi. Hər nə qədər qəribə olsa da, Ermənistan bir dövlət kimi mövcudluğunu Rusiyaya deyil, Azərbaycana və Osmanlıya (Türkiyəyə) borcludur. Əgər erməni toplumu xəstə təxəyyülündən xilas olub tarixə obyektiv nəzər salsa, 1918-ci ildəki Batum konfransının materiallarını obyektiv şəkildə nəzərdən keçirsə, tərəqqisinin də məhz bu iki türk dövlətindən asılı olduğunu fərq edə bilər. Nikol Paşinyan öz geopolitik oriyentasiyasına görə, Qərb yönümlüdür. Nikolu Ermənistanda iqtidara gətirən qüvvələr ondan ölkəsini Rusiyanın nəzarətindən çıxardaraq Qərbə yaxınlaşdırmasını tələb edir. Bu tələblər Rusiya-Ukrayna savaşından sonra heç də latent fazada qalmayacaq. Fəqət Ermənistanın Rusiya ilə birbaşa sərhədi olmadığı kimi, Avropaya da direkt çıxışı yoxdur. Ermənistan Avropaya çıxmaq üçün son nəticədə Türkiyə ilə sərhədlərini açmalı, hətta Gürcüstan- Qara dəniz marşrutu ilə hərəkət etmək üçün də sonda Ankaranın bığının altından keçməlidir.
Azərbaycanla strateji münasibətlərini bir yana qoysaq, Türkiyə köklü və imperiya ənənəsinə bağlı dövlət olaraq qərarlarını nə Qərbin, nə də Rusiyanın fiti ilə qəbul edir. Sərhədlərini açmaq üçün həm Qərb, həm də Ermənistan özü Türkiyəyə “nə isə” verməlidir. Əks halda, Türkiyə nədən özünü Ermənistan üçün karvansaraya döndərsin ki? Elə bu səbəbdəndir ki, Türkiyə Avropa İttifaqına üzvlük məsələsini yenidən gündəmə gətirir və Qərbə anladır ki, Ermənistanı Avropa İttifaqının qonşusunda görmək istəyirsinizsə, üzvlüklə bağlı müzakirələrə yenidən başlayacağıq. Zira, Türkiyənin Avropa İttifaqı ilə yeni müzakirələri və Ermənistanın da keçid problemini həll edərək Qərbə üz tutması Moskva ilə Ankara, Bakı və İrəvan arasında yeni dəngə yaradır. Bu dəngə, əslində döngə Azərbaycan xarici siyasətini yeni kombinasiyaya sövq edir. Bir tərəfdən Bakı Qarabağdakı post münaqişə situasiyasına Qərbin hər hansı şəkildə müdaxiləsinə imkan verməməli (oyunçular artdıqca, proses uzanır və qarşı tərəfin manevr imkanları artır), İrəvanın Xankəndinə getdikcə azalan təsiri qarşılığında Moskvanı da neytrallaşdırmağı bacarmalı, digər tərəfdən Ermənistanı Rusiya ilə üz-üzə gəlməsinə (az öncə dediyimiz neytrallığı təmin etmək bundan asılı olacaq) mane olmamalıdır. Bu vəziyyətdə Azərbaycan Ankara-Moskva münasibətlərinin relsdən çıxmasına, Türkiyə isə Qərbdən Azərbaycana qarşı “status təzyiqləri”nin güclənməsinə imkan verməyəcək.
Xatırlamaq vacibdir, Xankəndidəki seperatçı çətənin lideri Brüssel danışıqlarından dərhal sonra bir toplantı keçirdi və həmin toplantıda iki mesaj verdi. Arayik Arutyunyan öncə onu bildirdi ki, “Artsax siyasi qüvvələrinin həmrəyliyinə ehtiyac var”. Siyasi ismarıcların nəyə hesablandığını aydınlaşdırmaq üçün niyə hesablandığını da düşünmək lazımdır. Əgər Xankəndidə seperatçılar arasında həmrəyliyə ehtiyac varsa, deməli, qüvvələr, gələcəyə baxışlar həddən artıq ziddiyyətlidir. Bundan savayı, çətə başçısı “Arstaxın taleyi alver predemeti ola bilməz” deyə zahirən Azərbaycana, dərindən baxanda isə, Nikol Paşinyana mesaj verdi. Bu mesajı belə oxumaq daha düzgündür: “Nikol, başa düşürəm, su meymunun boğazına çıxanda, balasını ayaq altında qoyur. Yəni Ermənistan “Dağlıq Qarabağ”ı qədərə tərk edərək öz gününə ağlamağa başlayıb, göz yaşını silmək üçünsə “Artsax”dan dəsmal kimi istifadə edir”.
Əlbəttə, Nikol bu mesajı çox da ciddiyə almayacaq, çünki Ermənistanın baş naziri çox yaxşı bilir ki, Arayikin Rusiya sülhməramlıları üçün birdəfəlik istifadə olunan əşyalardan fərqi yoxdur. Ancaq həm Paşinyanın, həm də Arutyunyanın marağı bir məsələdə üst-üstə düşür: ABŞ-ın siyasi nüfuzunu bərpa etmək üçün Rusiyanı “sülhməramlıların zonasında” sıxışdırmaq. Ceyms Uorlikin Ermənistan mediasına verdiyi müsahibədən bəlli olur ki, ABŞ bunun üçün “yeni eskalasiya riskinin mövcudluğu”nu və “Dağlıq Qarabağın statusu”nun açıq qaldığını bəhanə edir, bunula belə, ATƏT-in Minsk Qrupunun heç də “sehirli qüvvə” olmadığını anlayır. Xankəndidəki çətə qalıqlarının liderindən olan Vaqram Balayanın açıqlamasından isə o bəlli olur ki, seperatçılar “çətin vəziyyətdədir və gözləmə mövqeyindədir”. O, sözlərinə belə davam edir: “Hazırda vəziyyətin sonrakı gedişatını, hansı ölkələrin bu rolu (ATƏT MQ-nun missiyasını- T.Ş) öz üzərinə götürmək istəyəcəyini və onların hansı maraqları olduğunu proqnozlaşdırmaq olduqca çətindir”. Beləliklə məlum olur ki, Cənubi Qafqazda yaranan yeni reallığa təsir etmək üçün ABŞ-ən əlində olan yarımçıq rıçaq- ATƏT Minsk Qrupu sıradan çıxıb, ancaq Vaşinqton seperatçıların gözləntilərinin əksinə olaraq, Rusiyasız və Azərbaycana qarşı “yeni format” da təklif edə bilmir. Çox böyük ehtimalla, ABŞ Qafqazda nüfuzunu Gürcüstan üzərindən bərpa etməyə çalışacaq.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru