Ermənistan ilk növbədə Moskva və Qars müqavilələrini rəsmi şəkildə tanımalıdır Ermənistan ilk növbədə Moskva və Qars müqavilələrini rəsmi şəkildə tanımalıdır

Çavuşoğlunun sensasiyalı açıqlaması: Türkiyə-Ermənistan sərhədləri yenidən cızılır?

Ermənistan ilk növbədə Moskva və Qars müqavilələrini rəsmi şəkildə tanımalıdır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əsl sensasiya hesab oluna biləcək, sensasiya sayıla biləcək qədər də cənubi Qafqazda daşları yenidən düzmək ehtimalını özündə əks etdirən bir açıqlama verib. Qardaş dövlətin təcrübəli baş diplomatı Türkiyə və Ermənistan sərhədlərinin dəqiqləşməsi üçün yeni müzakirələr təşkil olunacağını bildirib:

“Sərhədlərin yenidən müəyyən edilməsi mövzusunda ortaq məxrəcə gəlindi. Bu necə həyata keçiriləcək? Məsələn, ortaq bir komissiya qurula bilərmi? (Ermənistan) Azərbayanla birgə komissiya qurmaq qərarı veriblər”.

Türkiyə və Ermənistan arasında sərhəd məsələsinin yenidən müzakirəyə açılması, birgə komissiya qurulmasının masaya çıxarılması haradan baxsaq, Cənubi Qafqazda yeni dövrün başlanması deməkdir. Bu barədə danışmazdan öncə məsələnin arxa planını həm yeni reallıqlar, həm də tarixi baxımdan gözdən keçirməyə ehtiyac var.

Bəli, ikinci Qarabağ savaşında Azərbaycanın qazandığı şanlı qələbə Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu, heç kimə sirr deyil. Üstəlik, Ermənistanın yaxın onilliklərdə bu reallığı dəyişmək üçün iqtisadi, siyasi və hərbi gücü də yoxdur. 44 günlük müharibə İrəvana başa saldı ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməyin heç bir perspektivi yoxdur və nə qədər tünd sirkə olsalar, öz qablarını sındıracaqlar. Odur ki, Ermənistan savaş qalibi olan Azərbaycanın diqtəsini yumşaltmaq üçün bir yandan “sülhsevər” görkəm almağa, digər yandan isə Türkiyə ilə “normallaşma prosesi” aparmağa razı oldu. Bu tendensiyanın alt qatında Qərbin yardımı ilə iqtidara gəlmiş Nikol Paşinyan hökumətinin Ermənistanı Rusiyanın nəzarətindən maksimum çıxarmaq öhdəliyi də mövcuddur. Ermənistanın Qərbə çıxışı coğrafi baxımdan ancaq Türkiyə üzərindən mümkündür. Türkiyə isə SSRİ-nin dağılmasından sonra sərhəd keçid məntəqələrini qapayaraq Ermənistanı Avropaya çıxışdan məhrum edib. Bunun kimsəyə gizli olmayan üç səbəbi var:

Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları çıxış edir; “Erməni genosidi” ilə bağlı tarixi yalan kampaniyası apararaq Türkiyə üçün beynəlxalq miqyasda süni gərginlik yaradır; Qarabağ torpaqlarını işğal altında saxlayaraq Azərbaycanla müharibə vəziyyətində idi.

30 il boyunca işğal altında olan torpaqlarımız “Dəmir yumruq” əməliyyatı ilə azad olunması ilə “erməni ideologiyası” məhv edildi. “Erməni ideologiyası” ya xərçəng kimi 30 il boyunca həm müstəqil, həm də dövlət ola bilməyən Ermənistanı təcriddə saxlayıb bütün hüceyrələrini məhv etməli, ya da Ermənistan özünü blokadadan çıxarıb dünyaya açılmalıdır. Qərb Ermənistana məhz bunu tövsiyə edir. Amma o şərtlə tövsiyyə edir ki, ermənilər və türklər arasında problemlər çözülməmiş qalsın, ədavət davam etsin. Əlbəttə, Türkiyə qüdrətli və təcrübəli bir dövlət olaraq buna qətiyyən izn verməz. Ankaranın prosesə öz maraqları ilə girməsi və qazancla çıxmaq istəməsi o qədər təbiidir ki, əlavə şərh etməyə ehtiyac belə yoxdur. Eyni zamanda Türkiyənin Ermənistandan nə istəyə biləcəyi də məlumdur.

Əvvəlla, Ankara İrəvandan hər il qurduğu “türklər bizi qırdı” ağlaşmasına son qoymağı tələb edir.

İkincisi, “madam bizə qarşı ərazi iddialarınız var, gəlin, bunları masada müzakirə edək, bizim də sizdən alacaqlarımız yox deyil” deyə böyük dövlət ənənəsinə və təcrübəsinə malik Türkiyə Ermənistanı fakt qarşısında qoyur. Əgər Ermənistan Ankaranın “buyurun, sərhədləri dəqiqləşdirək” təklifinə yox desə, o zaman müzakirələrdən qaçmış və Türkiyəyə qarşı Ana Yasasında yazılan ərazi iddialarından praktiki vaz keçərək heç bir tələbi olmadığını nümayiş etdirəcək. Yox, qüdrətli orduya malik qonşusundan adi çınqıl belə ala bilməyəcəyi məlum ola-ola Ermənistan bu təklifə “hə” deyibən danışıqlar masasına otursa, o zaman təkcə Türkiyə ilə yox, Azərbaycanla da sərhəd məsələsində sovetlərdən öncəki dövrlərin xəritəsini nəzərdən keçirməyə məcbur olacaq. Yəqin xatirinizdədir, bu günlərdə prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşməsində sovet atlasları ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinin də əsas götürüləcəyini açıqladı. Əliyevin bu açıqlaması ilə Çavuşoğlunun son bəyanatını tutuşdurduqda, diqqət istər-istəməz “Qars müqaviləsi”nə yönəlir.

10 avqust 1920-ci ildə Fransanın paytaxtı Paris yaxınlığındakı Sevr qəsəbəsində Birinci Dünya Müharibəsinin məğlubu Osmanlı imperiyası Müttəfiq Dövlətlərlə müqavilə imzaladı. Sözləşməyə çox sayda monarxiya və respublika, o cümlədən Ermənistan qol çəkdi. ABŞ Osmanlıya qarşı savaşmadığı üçün sənədə imza atmadı, ancaq 88-93 maddələrə əsasən, aqoniya vəziyyətində olan qoca türk imperiyası Ermənistanla sərhədlərini müəyyənləşdirmək haqqını ABŞ-a verdi. ABŞ prezidenti Vilsonun 22 noyabr 1920-ci ildə imzaladığı sənədlə Trabzon, Ərzurum, Van və Bitlis kimi türk torpaqları Ermənistana peşkəş olundu. Sevr anlaşmasına və Vilsonun “fərmanı”na görə, Ermənistan Qaradəniz dövləti olmalı idi. Fəqət Atatürk Türkiyəsi- TBMM bu sözləşməni tanımadı, sürətlə baş verən tarixi olaylar qarşısında müqavilə keçərsiz hala gəldi.

Həmin ilin sentyabrında Şərq Cəbhəsində hücuma keçən Kazım Qarabəkir paşanın ordusu Misaqi-Milli sərhədlərindəki erməni çətələrini darmadağın etdi, Gümrünü tutdu. Vilson qərarnaməsinin çıxarıldığı gündə- 22 noyabrda Gümrüdə başlanan danışıqların yekunu olaraq 3 dekabrda imzalanan sözləşmə ilə daşnaklar Sevr anlaşmasından imtina etdilər. Bununla “Vilson Ermənistanı”nı layihəsi iflasa uğradı. Gümrü müqaviləsini imzalamaqla Ermənistan XC qəbul etdi ki, Türkiyə sərhədləri daxilində ermənilərin çoxluqda olduğu heç bir bölgə yoxdur. Ancaq ertəsi gün Ermənistan Respublikası tam şəkildə süqut etdi, bolşeviklər hakimiyyəti daşnaklardan aldılar. Bununla “Gümrü anlaşması” praktiki olaraq qüvvədən düşmüş oldu və yeni müqaviləyə ehtiyac yarandı.

Gümrü müqaviləsi imzalanərkən həmin şəhərdə olan “qırmızı Moskva”nın Türkiyəyə təyin etdiyi ilk rəsmi səfir Budu Mediavini Kazım Qarabəkir paşaya Leninin Atatürkün elçilərini Kremldə görmək istəyidiyini bildirmişdi. Həmin dəvət müqabilində Türkiyənin xüsusi nümayəndə heyəti formalaşdırılmış və Moskvaya yola salınmışdı. Həmin heyət bir sıra ilkin təmaslardan sonra 26 fevral 1921-ci ildə rəsmi danışıqlara başladı. Nəticədə 16 mart 1921-ci ildə “Moskva müqaviləsi” imzalandı. Müqaviləyə TBMM adına İqtisadiyyat naziri Yusuf Kamal Tengirşek və təhsil naziri Rıza Nuru, Sovet Rusiyası tərəfindən isə Xarici işlər komissarı Çicerin qol çəkdi. Bu anlaşma ilə Türkiyə-Rusiya münasibətlərinin gələcəyi şəkilləndi. “Gümrü müqaviləsi”ndə nəzərdə tutulduğu sayaq Qars və Ərdahan Türkiyədə qaldı, ancaq Batum müəyyən şərtlər altında Sovet Gürcüstanına verildi. Sənədin 3-cü maddəsinə görə Naxçıvan muxtar status əldə etdi və Azərbaycanın tabeliyində qaldı. Anlaşmanın 8-ci bəndində isə deyilirdi ki, tərəflər bir-birlərinin daxilində fəaliyyət göstərən “zərərli təşkilatları” dəstəkləməməklə birgə Qafqaz respublikaları üzərində məsuliyyət daşıyırlar. Müqavilədə diqqət çəkən daha bir məqam “Gümrü anlaşması”ndan fərqli olaraq, Moskvada imzalanan sənəddə “Türkiyəyə geri dönən ermənilərə plebisit haqqı” verilməsi barədə heç bir müddəanın olmaması idi.

Mustafa Kamal paşa Sakarya savaşını qazandıqdan sonra Türkiyə və sovetlər arasında sərhədlərin tam dəqiqləşdirilməsi məsələsi gündəmə gəldi. Qars danışıqları başladı. Yekunda imzalanan müqaviləyə əsasən, Qafqazdakı sovet respublikaları- Azərbaycan, Ermənistan və Gürcüstan “Moskva müqaviləsi”nin bəndlərini qəbul etdiklərini bildirdilər. O cümlədən ermənilər Naxçıvanı Azərbaycan ərazisi kimi rəsmən tanıdılar və bu, 5-ci maddədə əks olundu. Lakin 1991-ci ildə SSRİ dağıldıqdan sonra Ermənistan Qars, Moskva, Gümrü müqavilələrini tanımadığını, “Sevr anlaşması”nı keçərli hesab etdiklərini açıqladı. Ermənistan gerbinə Ağrı dağını həkk edərək konstitutsiyasının 13-cü maddəsində “dörd tarixi krallıq”dan dəm vurur, “İstiqlal Bəyannamələri”nin 11-ci maddəsində isə “Qərbi Ermənistan” deyə Türkiyəyə ərazi iddiası irəli sürür.

Yuxarıdakı qısa tarixi arayışdan da göründüyü kimi, əgər Türkiyə və Ermənistan arasında “sərhəd dəqiqləşdirilməsi” masaya çıxırsa, Ermənistan ilk növbədə Türkiyəyə qarşı Sevrə dönüş xülyasından imtina etməli, bunun üçün Konstitusiyasında və İstiqlal Bəyannaməsində, gerbində dəyişiklik etmək üçün referenduma getməlidir. Erməni cəmiyyətinin anti-türk isterikasını nəzərə alanda, bu, o qədər də real görünmür. Eyni zamanda, kiçik, gücsüz və süni dövlət olan Ermənistanın Türkiyəni zor və ya hiylə ilə “Sevr şərtləri”nə geri döndərməsi mümkünsüzdür. Bu, erməni cəmiyyətinin xəstə təxəyyüldən başqa bir şey ola bilməz ilk növbədə ona görə ki, “anti-sevrçilik” Türkiyə Cümhuriyyətinin quruluş fəlsəfəsidir. Əgər Sevrə qayıtmaq mümkün deyilsə, Ermənistan Moskva və Qars müqavilələrini tanımırsa, o zaman nəzəri baxımdan Türkiyə ilə sərhədlərin rəsmən tanınması üçün İrəvan yenidən “Gümrü anlaşmasının ruhu”nu canlandırmalı, yəni Ankara ilə birbaşa, ABŞ-sız, Avropasız, Rusiyasız danışmağa və qərar qəbul etməyə hazır olmalıdır. Bunun üçün Ermənistan ilk növbədə müstəqil iradəyə malik olmalı, daha açıq desək, Gümrüdən və qalan ərazilərindən Rusiya qoşunlarını çıxarmalıdır. Terrorun ənənə olduğu bir ölkədə Nikol Paşinyan, yaxud hər hansı bir erməni lideri buna cəsarət edə bilərmi? Bu ritorik sualın cavabı, əlbəttə, birmənalı olaraq mənfidir. Üstəlik, onu da bir daha yada salmaqda fayda var ki, “Gümrü anlaşması” məzmunca Moskva və Qars müqavilələrinə sirayət etsə də, türk ordusunun sayəsində imzalanmış və Ermənistan hökumətinin devrilməsi ilə yenilənməli olmuşdu. Belədə sual yaranır: Ermənistan və Nikol Paşinyanı Ermənistanda iqtidara gətirən Qərb dairələri doğrudanmı Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır? İlk baxışdan tam fərqli məsələ kimi görünsə də, bu suala Ukrayna prezidenti Volodimir Zelenskinin yunan telekanallarına müsahibə verib Türkiyəni “ikili standartlar” tətbiq etməkdə suçlaması aydınlıq gətirir. Bəli, Qərb Ukrayna savaşının ilk günlərindən Türkiyəni Rusiya ilə qarşıdurmaya sürükləmək istəyir. Zelenskinin açıqlaması da məhz niyyətə xidmət edir. Zelenskinin və Paşinyanın ipinin eyni əllərdə olmasını nəzərə alanda, başa düşmək çətin deyil ki, Ukraynada olduğu kimi, Ermənistanda da Türkiyə-Rusiya qarşıdurmasına nail olmaq məhz Qərbin və iqtidara Sorosun pulları ilə gəlmiş Paşinyanın marağındadır. Yada salaq, Nikol Paşinyan bir müddət öncə Brüsseldə Azərbaycanın bütün şərtlərini qəbul etdiyi halda, Moskva səfərindən sonra “valı dəyişməyə” başladı. Bu, Ermənistan baş nazirinin verdiyi “bizlik bir şey yoxdur, Azərbaycan Xankəndi və çevrəsində suverenliyini bərpa etmək üçün Rusiya ilə danışmalıdır” mesajı idi. İsmarıc Bakı və Moskva arasında nifaq yaratmaq niyyəti güdürdü. İndi isə Nikol Ankara və Moskva arasındakı sapdan asılı etimadı pozmaq, münasibətləri gərginləşdirmək üçün Türkiyə hakimiyyətinə “göy muncuq” göstərir.

Bundan yayınmaq üçün Bakı, Ankara və Kreml Ermənistan rəhbərliyi qarşısına “səmimiyyət testi” qoya, Moskva və Qars müqavilələrini rəsmi şəkildə tanımağı tələb edə bilər. 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanata əsasən yaradılan Azərbaycan-Ermənistan-Rusiya hökumətlərarası işçi qrupunda Bakının belə bir tələb irəli sürməsi, Rusiyanın isə bu tələbi dəstəkləməsi tamamilə mümkündür. Ermənistan Moskva və Qars müqavilələrini tanımaqdan növbəti dəfə imtina edərsə, Azərbaycan və Türkiyə Rusiya qarşısında 30 noyabr 1920-ci ildə Kremlin təzyiqi ilə Azərbaycan bolşevikləri tərəfindən Zəngəzurun bir hissəsinin Ermənistana “inqilab hədiyyəsi” olaraq verilməsi haqqında qəbul edilmiş qərarın keçərsiz sayılması barədə məsələ qaldırmaq haqqı əldə edəcək. Çünki Ermənistanın sözügedən müqavilələri tanımaması həm də Rusiya və Türkiyənin Moskva sözləşməsində nəzərdə tutulan Qafqazdakı məsuliyyətinə qarşı çıxması deməkdir. Doğrudanmı Türkiyə və Rusiya diplomatiyası Ermənistana “cızığından çıxma”ğın bədəlini ödədə bilməyəcək qədər naşıdır?

Bütün hallarda, Ermənistanla sərhədlərin dəqiqləşməsi üçün Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan komissiyaları ilə yanaşı Üçtərəfli Komissiya (Azərbaycan, Türkiyə, Ermənistan) da yaradılmalıdır. Bu komissiya Azərbaycan-Türkiyə sərhəd xəttinin genişlənməsi üçün mümkün variantları dinc qaydada müzakirə etməyə də açıq olmalıdır.

Taleh ŞAHSUVARLI