“Azərbaycan-Rusiya əməkdaşlığı hər iki dövlətin milli maraqlarına uyğundur” - Azad Məsiyev

"Rusiya bizim əzəli və əbədi qonşumuzdur. İki dövlət arasında münasibətlərin yaxşı olması hər iki ölkənin dövlət və milli maraqlarına uyğun gəlir. Əvvəla onu qeyd etmək lazımdır ki, Rusiya Ukrayna münaqişəsi ilə əlaqədar Avropa ilə əlaqələrini kəsib. Rusiyanın cənub istiqamətinin açıq olması onun strateji planlarının tərkib hissəsidir. Belə ki, Rusiya Cənubi Qafqaz üzərindən İran Körfəzinə və Hind Okeanına çıxış imkanlarını genişləndirmək istəyir. Eyni zamanda, Şimal-Cənub dəhlizi çərçivəsində Rusiyadan Azərbaycan üzərindən İrana qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bu baxımdan Azərbaycanla münasibətlərin strateji əhəmiyyəti daha da artır. Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla münasibətlərin yaxşı olması əsas sayılır. Ümumilikdə bu münasibətlərin yaxşı olması Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır, çünki milyonlarla soydaşımız Rusiyada işləyir və orada rahat yaşamalıdır. Soydaşlarımızın sosial, iqtisadi və hüquqi baxımdan qorunması üçün dövlətlərarası münasibətlərin müsbət olması vacibdir. Xatırlatmaq lazımdır ki, 2022-ci ilin fevralında Azərbaycan və Rusiya prezidentləri 43 maddədən ibarət dostluq və əməkdaşlıq bəyanatını imzalayıblar. Hər bir maddə iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına yönəlib".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Xatırladaq ki, oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edib. Prezidentlər iqtisadi-ticarət əlaqələrinin inkişafı, enerji və nəqliyyat sahəsində birgə layihələrə dair maraqlarını təsdiqləyiblər və regional əməkdaşlıqla bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri uzun müddətdir mərhələli şəkildə inkişaf edir və qarşılıqlı etimad prinsipləri əsasında formalaşıb.

"Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Azərbaycan prezidentinə olan dost münasibətini açıqlayıb, onun fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olmasını kütləvi informasiya vasitələrində vurğulayıb. Hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması hər iki dövlətin maraqlarına tam uyğundur və regionda stabilliyi təmin edib. Bəzi xarici dairələr, o cümlədən Qərb və Ermənistan, Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olmasını istəmirlər. Onlar çalışırlar ki, bu əlaqələr pozulsun və öz siyasi maraqları üçün istifadə edilsin. Tarixi baxımdan Ermənistan çalışır ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər gərginləşsin və bundan öz siyasi məqsədləri üçün faydalansın. Rusiyada erməni diasporunun və lobbi təsiri altında olan müəyyən ictimai-siyasi xadimlər də müntəzəm olaraq Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməyə çalışırlar. Eyni zamanda, Qərb, xüsusilə Birləşmiş Ştatlar, çalışır ki, Azərbaycan-Rusiya münasibətləri pozulsun və region ölkələri Rusiya əleyhinə yönləndirilsin. Gürcüstanın bəzi rəsmiləri dəfələrlə bu təzyiqləri açıq şəkildə bəyan ediblər. Bu baxımdan, həm Ermənistan, həm də Qərb Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına çalışır və öz maraqları üçün bu vəziyyəti istifadə etməyə cəhd göstərirlər. Azərbaycan isə qonşularla dinc yanaşı yaşamaq prinsipini rəhbər tutur və xarici siyasətini beynəlxalq hüquq çərçivəsində qurur. Ölkəmiz dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi üçüncü tərəflərin qonşular əleyhinə fəaliyyətinə icazə verməyəcək. Bu, həm Rusiya, həm də İranla bağlıdır və Azərbaycan balanslaşdırıcı siyasət yürütməyə üstünlük verir. Rusiya ilə münasibətlərin yaxşı olması Azərbaycan xarici siyasətinin əsas tərkib hissəsidir. Bu, həm Şimal-Cənub dəhlizinin açılması, həm Rusiya-Azərbaycan vasitəsilə İran Körfəzi və Hind Okeanına çıxış, həm də Zəngəzur dəhlizi açıldıqdan sonra Türkiyə ilə əlaqələrin qurulması baxımından strateji əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olması eyni zamanda Türkiyə-Rusiya münasibətlərinə də müsbət təsir göstərir. Azərbaycan Türkiyə ilə qardaş və strateji müttəfiq olduğu üçün bu əlaqələr dolayısı ilə Türkiyə-Rusiya münasibətlərinin də inkişafına töhfə verir".

Siyasi şərhçi əlavə edib ki, Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında aparılan telefon danışıqları və dövlət səviyyəsindəki müzakirələr mümkün bütün problemlərin həllinə və iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edir:

"Təyyarə məsələsi və digər diplomatik məsələlər də bu əməkdaşlığın bariz nümunəsidir. Təəssüf ki, bəzi ekspertlər və təbliğat vasitələri Azərbaycan-Rusiya münasibətlərinin pozulmasını qabardırlar, lakin unutmaq olmaz ki, soydaşlarımızın Rusiyada rahat yaşaması və işləməsi yalnız iki ölkə arasındakı münasibətlərin müsbət olmasından asılıdır. Ümumilikdə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yaxşı olması hər iki dövlətin dövlət və milli maraqlarına tam uyğundur və regionda davamlı sabitliyin təmin edilməsinə xidmət edir".

Rəfiqə Namazəliyeva,

AzNews.az