Erməni diasporu beynəlxalq donorlar vasitəsi ilə Azərbaycana qarşı təzyiq qruplarını necə formalaşdırır? Erməni diasporu beynəlxalq donorlar vasitəsi ilə Azərbaycana qarşı təzyiq qruplarını necə formalaşdırır?

NED kisəsini cingildətdi, neçəsini dingildətdi

Erməni diasporu beynəlxalq donorlar vasitəsi ilə Azərbaycana qarşı təzyiq qruplarını necə formalaşdırır?

ABŞ-nin NED təşkilatı 2021-ci ildə Azərbaycanda “demokratiyanın inkişafı” üçün 970 min 235 ABŞ dolları qrant ayırıb. Pullar aşağıdakı istiqamətlər üzrə ayrılıb:

- "Bölgələrdə vətəndaş fəallığının artırılması və icma səfərbərliyi",

- "Regionlarda iştirakçılıq potensialının artırılması",

- "Yerli problemlərin qabardılması",

- "Regionlarda insan hüquqları",

- "İnsan hüquqlarının monitorinqi"

- "Elitada korrupsiyanın sənədləşdirlməsi",

- "Korrupsiyalaşmış tenderlər üzrə məlumatların toplanması"

- "Müstəqil mediaya dəstək",

İlk baxışda göz oxşayan bu iqtiqamətlər və məqsədlər, əlbəttə, içində heç də qənnadı məmulatı olmayan konfet qabığıdır. Bər-bəzəkli, şax-şaxlı kağızın içində gizlənən əsl məram başqadır.

Əvvəla, əgər diqqət edirsinizsə, yuxarıdakı istiqamətlərdən ilk dördü birbaşa Azərbaycanın regionlarını əhatə edir. Elə istiqamətlərin adından da göründüyü kimi, NED Azərbaycanda öz maraqlarına xidmət edən, yeri gələndə hakimiyyətə təzyiq qrupu kimi yararlanacağı icmalar formalaşdırır. İkincisi və daha təhlükəlisi isə budur ki, həmin qruplar demokratiya uğrunda mübarizə apardıqlarını zənn etsələr də, dolayı yolla erməni diasporunun cənginə düşürlər.

NECƏ?

ABŞ-də fəaliyyət göstərən və dünyaya “demokratiya dərsi” keçən donor təşkilatların əksəriyyəti təkcə dövlətdən maliyyə yardımları almırlar. Onlara biznes qurumları da ianə verir və bununla vergidən azad olurlar. ABŞ-dəki erməni diasporunun çox zəngin üzvləri, onların təsirində olan hətta qeyri-ermənilər var. Diaspora bağlı iş adamları NED sayaq təşkilatlara külli miqdarda ianə verir və qarşılığında müəyyən şərtlər irəli sürürlər. Şərtlər isə heç şübhəsiz, Azərbaycanın və Türkiyənin əleyhinə istifadə edəcəkləri layihələrin maliyyələşdirilməsi olur. Özünüz düşünün, NED Azərbaycanda demokratik cəmiyyət görmək istəyirsə və demokratiyanın da ilk şərti şəffaflıqdırsa, nədən ölkəmizdə kimə nə qədər qrant ayırdığını açıqlamır? Bu sual veriləndə qrantyeyənlər hay salır ki, bəs, Azərbaycanda hakimiyyət Qərb fondlarına şəffaf işləmək üçün imkan vermir. Həqiqətdir, ya həqiqət deyil, başqa məsələdir, amma fərz edək ki, doğrudur. Amma bu qarşı çıxdığınız hakimiyyətin yanaşmasıdır, sizlər isə axı prinsipial demokratlarsınız, nədən başınızı quma soxur, ölkəyə qanunsuz yollarla pul transfer edirsiniz? Qrant sektorundan az-çox xəbəri olanlar bilir, ən böyük korrupsionerlər elə özləridir.

Bu günlərdə kütləvi informasiya vasitələrinə sızan xəbərə görə, ABŞ-nin erməni diasporu ilə əlaqəli fəaliyyət göstərən NED təşkilatı mayın 25-dək Azərbaycana yeni və təcili “tranş” ayırıb. Co Baydenin məşhur "demokratiya sammiti”ndən sonra gözlənilməz və təəccüblü deyil. Heç o da gözlənilməz və təəccüblü deyil ki, maliyyələşdirmə prosesində əli uzun illər ABŞ-nin ətəyində olanların mühüm bir qismi kənara qoyulacaq, necə deyərlər, yol, daha doğrusu pul cavanlara veriləcək. Odur ki, NED-ə yeni hüquq müdafiəçiləri, təzə icma liderləri, sosial şəbəkələrdə at oynatmağı bacaran aktivistlər, araşdırma və təhlil qabiliyyətinə malik jurnalistlər, hətta yeni siyasi liderlər lazımdır. NED kisəsini silkələyib və cingilti yayılıb. Bu cingilti artıq bir qrup qrant yemək istəyən tərəfindən çağırışa döndərilib və sabaha aksiya təyin edilib. Zira, aksiyanın təşkilatçılarından olan və özünü Azərbaycanın Saakaşvilisi görən Bəxtiyar Hacıyev son statuslarının birində bəlkə də saç şampununun təsirindən özü-özünü ifşa edərək sabahkı piketlərini 2011-ci ilin ərəb baharı ərəfəsində Bakıda keçirilən 11 mart və 2 aprel aksiyaları ilə müqayisə edib. Əgər yadınızdadırsa, elə həmin aksiyaların sifarişçiləri və əsas təşkilatçıları da Fətullah Gülən tərəfdarları idi. Elə bu səbəblərdən də aksiyanın adını təmtəraqla “Böyük Xalq Günü” qoyanlar 11 il keçəndən sonra da siyasətdə cılız qalıblar.

Taleh ŞAHSUVARLI