İlham Əliyevin Xankəndi "tvit"ləri atacağı gün yaxınlaşır

"Yeni status kvo" yox, Qarabağda yeni idarəçilik institutu formalaşacaq

Ermənistanın bütün cəhdləri "yeni status kvo" formalaşdırmağa yönəlib.

Erməni seperatizmini və revanşizmini bəsləyən əsas mexanizm budur.

Azərbaycan ictimai fikri bu mexanizm üzərinə xüsusi diqqət cəmləməli, siyasətimiz və diplomatiyamız, gərəkərsə, "dəmir yumruq" həlledici zərbəni ona endirməlidir.

Əks halda, nə münasibətlər normallaşacaq, nə də sülh danışıqları sazişlə yekunlaşacaq.

Erməni xisləti və bu xislətə yetərincə bələd olan köhnə və yeni imperiya dövlətləri "yeni status kvo" yaratmaq cəhdləri ilə buna yol verməyəcək.

Budur, Ermənistan bir tərəfdən Azərbaycanla sülh danışıqları aparır, münasibətlərin normalaşması və sərhədlərin müəyyənləşməsinə tərəfdar olduğunu deyir, o biri yandan isə, ölkənin baş prokurorunu Xankəndinə göndərir, oradakı cinayətkar dəstənin qalıqları ilə işbirliyinə davam edir.

Bu barədə Azərbaycan Xarici işlər nazirliyi sərrast bir açıqlama yayıb, orada deyilənləri təkrarlamaq istəməzdim. Ancaq bu sitata mütləq nəzər salaq:

"Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir. Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir".

Bəli, baş verən təxribata görə məsuliyyət Ermənistanın üzərindədir. Bizim isə sorumluluğumuz odur ki, həmin məsuliyyəti kağız üzərindən qaldırıb İrəvanın çiyninə konkret öhdəliklər kimi qoyaq. Düşünürəm ki, dövlətimiz bu məsələni artıq danışıqlarda və digər müstəvilərdə Ermənistanın, eləcə də Rusiyanın qarşısına qəti şərt kimi qoymalı və praktikaya daşınan cavablar almalıdır.

Təkcə mediadan yox, rəsmi qaynaqlardan aldığım məlumatlara görə də bu cür addımlar atılır və Laçın dəhlizində Azərbaycanın buraxılış məntəqəsinin qurulması üçün əhəmiyyətli bir məsafə qət olunub.

Bununla yanaşı:

1) Ermənistanın dövlət orqanlarının Azərbaycanın suveren ərazisində baş verən hadisələrə hər hansı formada münasibət bildirmək praktikasına son qoyulmalıdır;

2) Ermənistanın rəsmi şəxslərinin- hökumət üzvlərinin, parlamentarilərin və siyasi partiya rəhbərliyinə daxil olanların- Xankəndiyə gəlişi Azərbaycanı rəsmi şəkildə məlumatlandırmaqla, Bakıdan rəsmi icazə aldıqdan sonra mümkün olmalıdır.

3) Ermənistanın işğalçı qoşunlarının qalıqları Azərbaycan ərazisindən tam şəkildə çıxarılmalı, Xankəndidəki "müdafiə ordusu" adlanan terrorçu qrup ləğv olunmalı, silahları tərəfimizdən toplanmalıdır.

4) Ermənistan Azərbaycanın suveren torpaqlarında yaşayan ermənilərə öz ərazisində müəyyən haqlar, imtiyazlar tanıya bilər, ancaq rəsmi Bakıdan icazəsiz hər hansı maliyyə yardımı, sosial himayə, nəqliyyat, poçt və s. sahələrdə qeyri-qanuni lojistik dəstək göstərə bilməz.

5) Ermənistan rəsmi şəkildə bəyan etməlidir ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır, DE FAKTO onunla birbaşa və dolayı formada bütün əlaqələri kəsir.

6) Rusiya sülhməramlılarının mandatı Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlıdır. Moskva da Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin ruhuna uyğun şəkildə, bəyan və real addımlara sübut etməlidir ki, Xankəndidəki cinayətkar çətə "de yure" olduğu kimi, "de fakto" da Rusiya üçün "tərəf" deyil. Zatən, tərəflər məlumdur və Üçtərəfli Bəyanatda imzası olanlardır.

7) Ermənistan və Rusiya bunları etməsə nə olacaq? Azərbaycan 2025-ci ildə Rusiya sülhməramlılarının qalma müddətinin uzanmasına etiraz edəcək və "Xankəndi əməliyyatı" keçirəcək. Bu əməliyyat üçün Azərbaycana uzaqbaşı 3 saat vaxt lazımdır.

8.) Sual oluna bilər ki, 2020-ci ildə Azərbaycanın Xankəndini təmizləməsinə imkan verməyən Rusiya bu əməliyyata göz yumacaqmı? Sərhədlərin müəyyənləşməsi prosesi fonunda bu, həm mümkün, həm də Rusiyanın bölgə ilə bağlı yenilənən siyasətinə uyğundur.

9) Bölgədə yeni eskalasiya riskini ABŞ və Avropa İttifaqı da nəzərə almalı, Xakəndinə bütün siyasi, maliyyə dəstəyini kəsməlidir. Əgər ABŞ və Avropa İttifaqı Qarabağdakı ermənilər üçün hər hansı layihə həyata keçirmək istəyirsə, bu, Azərbaycanla rəsmi müqavilə əsasında baş verməlidir.

10) Qarabağ münaqişəsinin tarixi göstərir ki, Xankəndidəki hərbi xunta Ermənistanın suverenliyi və sabitliyi üçün də ən ciddi təhdiddir. Yada salmaq kifayətdir ki, istər Levon Ter Petrosyan dönəmində, istərsə də indi Paşinyana qarşı bu çətə Rusiyanın əlində Ermənistana qarşı da "maşa" olub. Qarabağda separizmin iki lideri Köçəryan və Sərkisyan Ermənistanda hakimiyyəti ələ keçirməyi də bacarıb, hansı ki onların hər ikisi "DQR"-də də vəzifə tuturdu. Bu təhdiddən qurtulmasa və Rusiyanın yuxarıda qeyd etdiyimiz yenilənən siyasəti ilə ayaqlaşmasa, Ermənistan gec-tez ərazi itkisi ilə üzləşəcək, çünki hərbi proseslər artıq Azərbaycanın tarixi torpaqları olan Qərbi Zəngəzurda gedəcək.

Bütün məsuliyyətimlə deyirəm ki, yuxarıdakı 10 maddənin gerçəkləşməsi heç də uzaq gələcəyin işi deyil.

Yetər ki, prezident İlham Əliyevə güvənək, daha dəqiqi güvənməkdə davam edək!

Bu güvən üçün kifayət qədər rasional əsaslarımız var.

İlham Əliyev:

- Azərbaycanda dövlətlə eyniləşmiş liderdir;

- Dünyanı düzgün oxuyur, çevik qərarlar qəbul edir, ən kritik situasiyalarda belə, məsuliyyəti öz üzərinə götürməyi bacarır və milli hədəflərdən qətiyyən sapmır;

- Qarabağ konflikti ilə bağlı istər diplomatik, istərsə də hərbi baxımdan faktoloji yaddaşına görə, Azərbaycanda, Ermənistanda və vasitəçi ölkələrdə, qurumlarda ən təcrübəli fiqurdur;

- Region ölkələrində Qafqazın gələcəyi ilə bağlı ən optimal və rasional viziya təklif edən məhz odur.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru