Tənəzzüldən tərəqqiyə, intibaha aparan böyük tarix

Professor İbrahim Zeynalovun məqaləsi

53 il öncə iyulun 14-də Ulu öndər Heydər Əliyevin doğma xalqına, Vətəninə, Azərbaycan dövlətinə həsr olunmuş ömür yolunda yeni, daha məhsuldar, çoxsahəli, qaynar fəaliyyət dövrü başlandı.

Müasir tariximizin 53 ildən artıq bir mərhələsi, o cümlədən müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qoşulması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dünyanın ən güclü, tanınmış siyasi xadimləri, tələbkar ekspertləri qüdrətli Vətən oğlunu Azərbaycan tarixinin yetirdiyi ən mükəmməl şəxsiyyət, beynəlxalq miqyaslı böyük siyasətçi və dövlət xadimi, fenomen lider kimi səciyyələndirirlər.

XX əsrin 50-60-cı illərində Azərbaycan xalqının gərgin əməyi sayəsində əldə olunan uğurlara, nailiyyətlərə baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən respublika iqtisadiyyatının əksər sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında gerilik, mənfi hallar, idarəetmədə ciddi nöqsanlar hökm sürürdü. Azərbaycan iqtisadiyyatında yaranan böhran vəziyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərirdi. Korrupsiyaya və rüşvətxorluğa, sui-istifadə hallarına meyllər özünü göstərməyə başlamışdı. Bütövlükdə istehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişafı səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan İttifaq respublikalarından geri qalırdı. Bu vəziyyət pisləşməkdə davam edirdi. Kənd təsərrüfatının bütün sahələrində gerilik getdikcə artırdı.
Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalata, demək olar ki, tətbiq olunmurdu.

70-ci illər Azərbaycanın inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən bir dövrdür. Sovetlər ölkəsində bu dövrdə durğunluq halları gücləndiyi halda, Azərbaycanda tərəqqi başlamışdı. Ulu öndər Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə - 1993 -2003-cü illərdə tariximizin bu dövrünə - 60-cı illərə qiymət verərkən deyirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

Azərbaycanın düşdüyü bu ağır vəziyyətdə, uzunmüddətli geriliyin hökm sürdüyü, mənfi meylərin artdığı bir şəraitdə respublika rəhbərliyində mühüm dəyişiklik baş verdi.
1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi – Azərbaycan KP MK-nın birinci katibi seçildi. Bununla Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başladı. Ulu öndər Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə, Kommunist Partiyasının şəriksiz ağalığı dövründə Azərbaycanı Sovetlər İttifaqının ən qabaqcıl respublikalardan birinə çevirmək üçün respublikada sosial-iqtisadi və mədəni quruculuğun, idarəetmənin bütün sahələrini əhatə edən geniş islahatlar proqramı hazırladı. Totalitar sovet rejiminin bütün xüsusiyyətlərinə bələd, zəngin idarəçilik təcrübəsinə malik olan, Mərkəzdə kifayət qədər yaxşı tanınan Heydər Əliyev Azərbaycanı bu ağır, böhranlı vəziyyətdən çıxarmaq üçün düzgün məntiqə, reallığa əsaslanan qəti tədbirlər görməyə başladı.

1969-cu il avqustun 5-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nın plenumu keçirildi. Burada o, Azərbaycanın sosial-iqtisadi böhran vəziyyətinin, uzunmüddətli geriliyin geniş təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Ulu öndər uzaqgörənliklə ölkənin dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onun icrasını təmin edən tədbirlər gördü.
Dahi lider ilk növbədə mərkəzdəki nüfuzundan istifadə edərək, respublikanın xalq təsərrüfatının inkişaf etdirilməsini təmin etmək üçün Sovet İKP MK və SSPİ Nazirlər Sovetinin iqtisadiyyatın bütün sahələrini əhatə edən aşağıdakı müvafiq qərarlarının qəbul edilməsinə nail oldu:
1) 1970-ci il iyulun 23-də “Azərbaycan SSR Xalq təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”;
2) 1970-ci il iyulun 25-də “Azərbaycan SSR Xalq təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında”;
3) 1975-ci il iyulun 9-da “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında”;
4) 1976-cı il iyulun 27-də “1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP Mərkəzi Komitəsinin təkliflərinin nəzərdən keçirilməsi nəticələri barədə”;
5) 1979-cu il fevralın 22-də “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında”.

Onu da qeyd edək ki, bu qərarların yerinə yetirilməsini təmin etmək üçün mərkəzi büdcədən Azərbaycana xeyli vəsait ayrıldı. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünə qayıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. 1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatında intibah dövrü hesab olunur.
Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyə gəlməsi respublikanın digər sahələri kimi, iqtisadiyyatının da dirçəlişi, ölkənin təbii ehtiyatlarından, iqtisadi, təhsil, elm və digər potensialından xalqın maddi-rifah halının yüksəldilməsi üçün şəraitin yaradılması ilə xarakterizə olunur. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında ixtisaslaşma, maddi-texniki baza və müasir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər hazırlanıb və həyata keçirilib.
Arxiv sənədlərinin təhlili göstərir ki, 1969-1982-ci illərdə müdrik, zəngin təcrübəyə əsaslanan Heydər Əliyevin rəhbərliyi altında respublika iqtisadiyyatında istehsalın sürəti xeyli artıb, məhsuldarlıq yüksəlib, böyük uğurlar, nailiyyətlər qazanılıb, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş verib, yeni, müasir istehsal sahələri yaradılıb, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Beləliklə, Ulu öndərin çox ciddi, prinsipial iş təcrübəsi sayəsində qeyd olunan qərarların yerinə yetirilməsi ilə respublika iqtisadiyyatında mövcud olan uzunmüddətli geriliyə son qoyuldu. Bu addımlar qüsur və nöqsanların aradan qaldırılmasında, 1970-1982-ci illərdə respublika iqtisadiyyatının intensiv, dinamik inkişafında başlıca rol oynadı.

1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü və gərgin əməyi sayəsində respublikada 25-dən çox zavod, fabrik və digər istehsal müəssisələri, obyektləri istifadəyə verilmiş, 630 min nəfərlik yeni iş yerləri yaradılmışdı. Bu illərdə neft və neft emalı və qazçıxarma sahələrinin inkişafında yeni mərhələ başlamışdı. Təkcə neft hasilatında istehsalın həcmi 2,8 dəfə, maşınqayırma və metal emalında 3,3 dəfə, kimya və neft kimyasında 2,9 dəfə artmışdı. Bütünlükdə sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəlmiş, 4400 yeni növ maşın, cihaz, avadanlıq və digər məmulatlar yaradılmışdı ki, onlardan 400-ü keçmiş SSRİ-də ilk dəfə həyata vəsiqə almışdı.
Ümummilli lider Heydər Əliyev 70-80-ci illərdə neft-kimya sənayesinin inkişafını Azərbaycanın sosial-iqtisadi inkişafında başlıca amil hesab edirdi. Ulu öndərin Azərbaycanda rəhbərliyə gəlməsi ilə 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi strukturunda keyfiyyət dəyişikliklərinə səbəb olan böyük uğurlar əldə edilmişdi. Bu dövrdə respublika sənayesinin yeni sahələri olan elektrotexnika, cihazqayırma, dəzgahqayırma, avtomatlaşdırma kimi yeni istehsal sahələrinin yaradılmasına başlanılmış, Azərbaycan keçmiş Sovetlər Birliyində elektrotexnika sənayesinin ən böyük və əhəmiyyətli mərkəzlərindən birinə çevrilmişdi.

70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafını təyin edən Bakı məişət kondisionerləri (1975) və Dərin dəniz özülləri (1985) zavodları tikilib istifadəyə verilmişdi. Həmçinin bu illərdə “Azon”, “Ulduz” və onlarla digər əhəmiyyətli zavod və fabriklər tikilmişdi.
70-ci illərdə və 80-ci illərin əvvəllərində Heydər Əliyevin titanik əməyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı öz iqtisadiyyatını yaratmışdı.
Dahi liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisi artmış, onun dinamik inkişafı təmin olunmuşdu. Həmin müddətdə böyük meliorasiya proqramı həyata keçirilmiş, Baş Mil, Abşeron, Lənkəran, Cağar-Cibir, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulaqçay və s. su anbarları istifadəyə verilmişdi.

Azərbaycan və SSRİ hökumətlərinin birgə qərarından sonra (1976 və 1979-cu illər) Respublikada üzümçülüyün və şərabçılığın inkişafına xüsusi təkan verildi. Üzüm plantasiyaları 1985-ci ildə 1970-ci ildəkindən 2 dəfə artaraq 268 min hektara çatmışdı.
Ümummilli lider Heydər Əliyevin çox böyük, gərgin fəaliyyətinin nəticəsi olaraq 1981-ci ildə Respublika tarixində ilk dəfə olaraq 1 milyon 151 min ton pambıq, 1 milyon 616 min ton üzüm, 644 min ton tərəvəz və s. kənd təsərrüfatı məhsulları tədarük edilmişdi.
Bütün bunların nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun həcmi 2.6 dəfə çoxalmışdı.

Ulu öndər qeyd edirdi ki, “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi önəm verib. Ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdü. Ulu öndərin təşəbbüsü və qayğısı sayəsində ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi. 1970-1980-ci illərdə dahi şəxsiyyət Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı ilə 15 min nəfərdən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin 170-dən artıq nüfuzlu ali məktəbində xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən çox sahəsini əhatə edən 2580-dən çox ixtisas üzrə təhsil almağa göndərilmişdi.

Ulu öndər təbii ki, suveren dövlətçiliyimizin sosial-iqtisadi, ictimai-siyasi, xüsusilə də təhlükəsizlik sahəsində hansı ciddi problemlərlə sınağa çəkiləcəyini əvvəlcədən yaxşı görürdü. Odur ki, Ümummilli lider hələ 70-ci illərdə bu problemlə bağlı məsələlərə diqqət yetirirdi.

Sovetlər dövründə bütün sahələr kimi, ordu quruculuğu prosesi də məlum siyasi-ideoloji prinsiplərə uyğun həyata keçirilirdi. Hərbi kadrlar hazırlayan məktəblər Rusiya, Belarusiya və Ukrayna respublikalarında yerləşirdi. Rəsmi mərkəz – sovet rəhbərliyi müttəfiq respublikalarda, xüsusilə, müsəlman-türk respublikalarında milli hərbi kadrların hazırlanması istiqamətində edilən cəhdlərin qarşısını alır və mane olurdu.
Ulu öndər mərkəzin maneələrinə baxmayaraq, 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Sovet rejiminin ən güclü vaxtında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılması Ulu öndər Heydər Əliyev qüdrətinin, yenilməzliyinin, cəsarətinin nəticəsi idi. Bu məktəbin hazırladığı hərbi kadrların əsasında Azərbaycanda Ali Hərbi Komandanlıq, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik və s. məktəbləri yaradıldı. Beləliklə, Heydər Əliyevin yaratdığı C. Naxçıvanski adına hərbi məktəb müstəqil Azərbaycanda ordu quruculuğu üçün əsas bazalardan birinə çevrildi. 70-ci illərdə həmin məktəbin müdavimləri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Məhz onlar 44 günlük Vətən Müharibəsində qələbəmizin əsl qəhrəmanlarına çevrildilər.
1991-ci ilin oktyabrında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası real suverenliyinə 1993-cü ilin iyunun 15-də xalqın təkidi və xahişindən sonra Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə nail oldu. Bununla da, Azərbaycanda milli intibahın ikinci mərhələsi (1993-2003-cü illər) başlandı.
Ulu öndər Azərbaycanda intibah dövrünün birinci mərhələsində (1969-1982) əldə edilən uğurları qiymətləndirərək bildirirdi ki, “Əgər 70-ci illərdə yaranmış bu iqtisadiyyat olmasaydı, indi Azərbaycan Respublikası müstəqil yaşaya bilərdimi?”.
Heç şübhəsiz ki, müstəqilliyimizin sosial-iqtisadi əsasları o illərdə yaradılıb. Müstəqil Azərbaycan Respublikası həmin iqtisadi baza üzərində dinamik inkişaf edir.

Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, “Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”.

44 günlük qələbə münasibəti ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri Xiyabanda tarixi nitqi zamanı demişdir: “Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır!”.

İbrahim Zeynalov,

Professor, BDU-nun Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru