- Redaktor masası
- 15 İyul 2022 23:51
- 20 481
İlham Əliyevin yeni savaş anonsu: Ermənistan konkret təqvim verməlidir!
Prezident Moskvaya da mesaj ünvanladı
Kütləvi informasiya vasitələrindən artıq xəbər tutmusunuz, bu gün prezident İlham Əliyevin sədrliyi ilə ilin ilk ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısının müşavirədəki açılış çıxışı da artıq həm rəsmi, həm də müstəqil media subyektləri tərəfindən tam, eyni zamanda, paraqraflanaraq yayılıb. Əlbəttə, həmişə olduğu kimi yenə də dövlət başçısının çıxışı məzmunca dolğundur və bütün müddəaların təhlilini bir yazıda aparmaq mümkün deyil. Bununla belə, İlham Əliyev çıxışında bir vacib məsələnin üstünü çizir ki, dərhal şərh olunmasında fayda var.
Prezident:
"Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik".
Məlum olduğu kimi, iyulun 16-da Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzəyanla görüşəcək. Görüş Qafqazda- Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutacaq.
Dövlət başçısının yuxarıda təqdim etdiyimiz sitatından da göründüyü kimi, rəsmi Bakı Tbilisidəki diaoloqa xüsusi önəm verir. Bu nazirlər arasında ilk görüşdür, ancaq prezidentin də dediyi kimi, buna qədər Azərbaycan və Ermənistan rəhbərləri arasında bir neçə dəfə danışıq olub. Elə rəsmi Bakının Bayramovla Mirzəyanın görüşündən gözləntilərinin böyük olması da buna görədir ki, İlham Əliyev Ermənistan rəhbərliyindən konkret cavablar və addımlar gözləyir.
Bu, hansı addımlardır?
Bu suala cavab üçün ipuclarını dövlət başçısının çıxışından asanlıqla tapmaq mümkündür.
Əvvəla, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində konkret nəticələrə nail olmaq üçün rəsmi İrəvan İşçi Qrup yaratmalıdır. Azərbaycan belə bir İşçi Qrup formalaşdırsa da, İrəvan eyni addımı atmayıb. Bu da Azərbaycanın irəli sürdüyü 5 prinsipin reallaşmasına mane olur ki, rəsmi Bakı bu baxımdan Paşinyanın vaxt udmağa çalışmasına göz yummaq fikrində deyil.
İkincisi, Azərbaycan prezidenti Ermənistanı 10 noyabr Bəyannaməsini pozmaqda, üzərinə götürdüyü öhdəliklərə əməl edərək Zəngəzur dəhlizinin açılmasına mane olmaqda ittiham etdi:
"Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün.
Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu bizə verilməyib. Bir il səkkiz ay keçib, mən bu məsələni dəfələrlə qaldırmışam, o cümlədən Brüssel görüşlərində - mənim, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin görüşləri əsnasında üç dəfə qaldırmışam. Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz. Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır".
Üçüncü və ən mühüm məqamı yenə də dövlət başçısının öz dilindən eşidək:
"Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".
Əgər diqqət etdinizsə, Azərbaycan prezidenti çox açıq şəkildə bəyan edir ki, məğlub Ermənistan ordusunun qalıqları Xankəndi və çevrəsindən çıxarılmalıdır. Dövlət başçısı bu məsələ ilə bağlı həm Ermənistanın açıq öhdəliklərindən, həm də qapalı danışıqlarda Azərbaycana verilmiş vədlərdən danışır və konkret şəkildə bildirir ki, iyun ayında Azərbaycan torpaqlarından çıxmalı olan işğalçı qoşun qalıqlarının hələ də yerindən tərpənməməsi ölkəmiz üçün dözülməzdir. Prezident Azərbaycanın dözmək fikrində olmadığı bu məsələ ilə bağlı Üçtərəfli Bəyanatın qarant dövləti olan Rusiyanın da məsuliyyətini xatırladır və Moskvaya da mesaj ünvanlayır.
Bu mesajdan aşağıdakı nəticələr çıxır:
- Qarabağda qalmış işğalçı qoşun qalıqlarının çıxarılmaması Azərbaycanı yeni hərbi əməliyyatlara təhrik edir;
- Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirilməməsi Azərbaycanı Rusiya sülhməramlılarının bölgədəki varlığına qarşı açıq çıxışlara vadar edir;
- Yüksək səviyyəli Rusiya hərbiçilərinin Azərbaycana verdiyi vədlərin doğrulmaması Bakı və Moskva arasında münasibətlərdə soyuqluq yaradır.
Öz siyasi və diplomatik təcrübəsində zamanlamadan çox yüksək məharətlə istifadə edən İlham Əliyevin bu narazılıqlarını Tbilisi görüşündən bir gün öncə dilə gətirməsi, əlbəttə, təsadüf deyil.
Əgər xatırlayırsınızsa, bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın yeni savaşa hazırlaşdığını vurğulamışdı. Əlbəttə, Ermənistanda da hakimiyyətə xidmət edən analitik qruplar, beyin mərkəzləri var və onlar vaxtı əbəs yerə uzatmağın İrəvan üçün hansı təhlükə törətdiyini proqnozlaşdıra bilirlər. Paşinyanın həmin bəyanatı da elə günahını bilən dəcəlin qabaqdangəlmişlik etməsindən başqa bir şey deyildi.
Bütün hallarda, Azərbaycan dəmiri isti-isti döymək fikrindədir və Paşinyanın manevrlərinə göz yummaq niyyətində deyil. Bu isə yeni savaş, ancaq üçüncü Qarabağ savaşı yox, yeni Zəngəzur savaşı deməkdir. Bu savaşdan yayınmaq üçün Ermənistan Tbilisidə Azərbaycana konkret təqvim verməlidir.
İkinci Qarabağ savaşında olduğu kimi...
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru