İşğalçı qoşunların qalıqları Xankəndidən nə zaman çıxarılacaq? - ŞƏRH

Ararat Mirzoyan Ceyhun Bayramovla görüşdən İrəvana məyus dönüb

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə görüş olub. Məlumatlara görə, XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü baş tutub. ABŞ Dövlət Katibi Blinken Azərbaycan və Ermənistan xarici işlər naziri arasındakı ilk ikitərəfli görüşü müsbət səciyyələndirib.

Bəs, görüşdə nələr müzakirə olunub?

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, ikitərəfli görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

Tbilisidəki danışıqlar barədə Ermənistanın Xarici işlər nazirliyi də məlumat yayıb. Həmin məlumatda deyilir:

"Erməni nazir İrəvanın nöqteyi-nəzərini ifadə edərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli regionda sabit və davamlı sülhə nail olmaq yolunda böyük əhəmiyyət kəsb edir. Bu kontekstdə o, ATƏT-in Minsk Qrupunun həmsədrliyi institutunun təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadə edilməsinin vacibliyini vurğulayıb".

Tbilisi görüşlərindən bir gün öncə Azərbaycan prezidenti İlham Əliyev ilin birinci yarısının yekunlarına həsr olunan müşavirə keçirmiş və müşavirədə əsas diqqəti Ermənistanın kapitulyasiyadan sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə yönəltmişdi. Prezidentin çıxışından məlum olurdu ki, Azərbaycan Tbilisi danışıqlarına böyük önəm verir və Gürcüstanın paytaxtında Ermənistanın rəsmi Bakıya üç əsas məsələ ilə bağlı təqvim verməsini gözləyir.

1) İşğalçı Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən tam çıxarılması;

2) Zəngəzur dəhlizinin Ermənistandan keçəcək hissəsinin inşası məsələləri;

3) Ermənistanın sülh danışıqları ilə bağlı İşçi Qrupunun yaradılması.

Ermənistan xarici işlər nazirliyinin Tbilisi danışıqları ilə bağlı açıqlaması onu göstərir ki, rəsmi İrəvan bu məsələlərdə Azərbaycanın səbri ilə oynamaq siyasətindən əl çəkmək istəmir. Eyni zamanda, ortaya qoyulan mövqe Mirzoyanın Bayramovla görüşdən məyus qayıtdığını da açıq şəkildə ortaya qoyur.

Əvvəla, bu açıqlama ilə Ermənistan nümayiş etdirir ki, Dağlıq Qarabağ münaqişəsi İrəvanın nöqteyi-nəzərinə görə bitməyib. Erməni diplomatik dilindən çevirdikdə, bu, Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi, əgər "münaqişə bitməyibsə", Ermənistanın işğalçı qoşunlarının qalıqlarının Xankəndi və çevrəsində qalmasının "zəruriliyi"ni əsaslandırmağa çalışmaq deməkdir.

İkincisi, Ermənistan yenə də ATƏT-in Minsk Qrupundan və danışıqların onun mandatına əsasən aparılmasından danışır. Bu isə o deməkdir ki, İrəvan vaxt qazanmağa, status məsələsini gündəmə gətirməyə və qalib Azərbaycanın prosesin sürətlənməsinə yönəlmiş təzyiqlərindən yayınmağa çalışır.

Əks halda, əgər iki dövlərin xarici işlər nazirləri və rəhbərləri birbaşa danışıq apara bilirlərsə, nədən üçüncü tərəfə və onun vasitəçiliyinə ehtiyac olsun?

Üstəlik, Üçtərəfli Bəyanata əsasən, üçüncü tərəf bəllidirsə, ATƏT-in heç bir səmərəli fəaliyyəti olmayan Minsk Qrupuna nədən yenidən "nəfəs verilsin"?

Bunlar, əlbəttə, ritorik sualdır. Ancaq Azərbaycan prezidentinin son çıxışındakı ritorikası birmənalı idi. Ermənistan yuxarıda sadaladığımız məsələlələrlə bağlı ya konkret təqvim verməli, ya da Azərbaycanın öz işini bilməsi üçün bundan açıq imtina etməlidir.

Xarici işlər nazirlərinin görüşü barədə İrəvanın açıqlamasından Ermənistan nə təqvim verənə oxşayır, nə də Azərbaycanın tələblərindən açıq şəkildə imtina edənə. Ancaq onu da təxmin etmək çətin deyil ki, Ceyhun Bayramov Ermənistanlı həmkarına Azərbaycanın nöqteyi nəzərini çox açıq və qəti şəkildə çatdırıb, xüsusən da işğalçı qoşunların qalıqlarının çıxarılması üçün son zaman həddini göstərib.

Əgər bu müddətdə İrəvan konkret addımlar atmazsa, Azərbaycanın Ermənistana həddini bildirmək hüququnu özündə saxladığı da, əminliklə söyləmək olar ki, ifadə olunub.

Ermənistanın bu mesajları diqqətə almaması mümkün deyil, amma səhlənkar yanaşacağı təqdirdə, Nikol Paşinyanın qulağının xəbərdarlıq məqsədi ilə burulması qaçılmazdır.

Taleh ŞAHSUVARLI