Qarabağı 1992-də xilas etmək asan idi, yoxsa 2020-ci ildə?

Azərbaycanın müstəqillik dövründə üzləşdiyi əsas problemlərin kökündə keçmiş hakimiyyətin oxlokratik məzmunu dayanır

Mənim 44 günlük müharibənin nəticələrinə- Nikol Paşinyanın 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədinə Ermənistan cəmiyyətinin reaksiyaları ilə tanış olmağım üçün şərait təxminən iki ay sonra yarandı. Üçtərəfli Bəyanata Ermənistanda verilən təpkiləri analiz etdikdə maraqlı bir tendensiya diqqətimi çəkdi. Əvvəl-əvvəl Ermənistan hökuməti qarışıq düşmən cəmiyyətin bütün kəsimləri Üçtərəfli Bəyanatın şərtlərini döyüşdəki ağır və qəti məğlubiyyətlərinin məntiqi sonucu kimi qarşıladıqları halda, bir müddət sonra Azərbaycanın “Pir qələbəsi”ndən danışmağa başlamışdılar. Əlbəttə, Ermənistan kəşfiyyatı heç də maymaqlardan ibarət deyil, orada hökumətə analitik xidmət göstərən xeyli beyin mərkəzi də var. Ermənistan kəşfiyyatı və analitik qrupları, heç şübhəsiz, Azərbaycanın iç siyasi proseslərini izləyir, hətta sosial şəbəkələr vasitəsi ilə bizim ictimai rəyə təsir göstərmək üçün troll briqadalarından da istifadə edir və öz hakimiyyətlərinə müəyyən təbliğat tezisləri hazırlayırlar. İndi özününüz düşünün, II Qarabağ savaşında Ermənistan məğlub olub, işğalçı ordusu darmadağın edilib, Ağdamı, Laçını, Kəlbəcəri geri qaytarmaqdan başqa çarəsi qalmayıb və yüz illər ərzində formalaşmış erməni ideologiyası can verir. Belə bir ortamda məğlubiyyətini etiraf etməkdən başqa yolu olmayan erməni hökumətinin dadına Azərbaycan müxalifəti çatır. Əgər Azərbaycan müxalifəti öz xalqının, dövlətinin və ordusunun İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazandığı zəfərə kölgə salırsa, onda ermənilər niyə bu qələbəni şübhə altına almamalı, mübahisələndirməməlidir? Yəqin ki, Ermənistan kəşfiyyatının və hökumətinin analitikləri məhz belə düşünmüşdülər və Nikol Paşinyanı duyuq salmışdılar ki, danışığına fikir ver, sən məğlubiyyəti tam etiraf etdiyin halda, Azərbaycan müxalifəti İlham Əliyevin qələbəsinin üzərinə şübhə toxumu səpir. Hətta Bakıda elələri var ki, guya II Qarabağ savaşını aparan Azərbaycan Silahlı Qüvvələri başıpozuq gerilla çətəsi imiş kimi, Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad olunmasındakı müstəsna roluna belə skeptik yanaşırlar...

Eyni tendensiya bu günlərdə də müşahidə olunur. Bu günlərdə Azərbaycan olduqca tarixi bir mərhələ yaşayır. Əvvəla, Qarabağa qayıdışa start verilib. Artıq məcburi köçkünlərimizin bir qrupu doğma yurdlarına- Zəngilanın Ağalı kəndinə dönüblər. Bu, nəhəng bir prosesinin başlanğıcıdır. Təsəvvür edirsiniz, yüzminlərlə məcburi köçkünün qayıdışı üçün Azərbaycan torpaqlarının 20 faizi yenidən inşa olunmalı, minalar təmizlənməli və xarabalıqların yerində smart kəndlərimiz, şəhərlərimiz salınmalıdır. Bunun iqtisadi, sosial, hərbi, siyasi və hətta nə qədər düşünsək belə indi ağlımıza gəlməyən saysız-hesabsız digər tərəfləri var. Məşhur prinsipdir: problemin həlli problem yaradır. Dünənə qədər Azərbaycan üçün problem torpaqlarımızın işğal altında olması idi, bu günsə yüzminlərlə vətəndaşın elinə-obasına dönüşü üçün Qarabağda infrostruktur formalaşdırmaq. Bu pozitiv problemin həlli üçün müxalifətimiz hakimiyyətə hansı ideyalar verir, nə kimi köməklik göstərir? İşim gərəyi imkan olduqca müxalif isimlərin çıxışlarını, müsahibələrini, açıqlamalarını izləyirəm. İnanın, çox səmimi deyirəm, bir dəfə də olsun Qarabağla qayıdışla bağlı rasional yanaşmaya rast gəlməmişəm. Əksinə, qayıdışla bağlı cəmiyyətimizdə irreal gözləntilər yaratmaq və bu gözləntiləri məyusluğa çevirmək üçün hiyləgərsəsinə propoqanda aparırlar.

İkincisi, Ermənistan işğalçı ordusunun qalıqlarını Xankəndi və çevrəsindən çıxarmaq barədə açıq bəyanat verdi. Bəli, bu bəyanatın məzmunu Azərbaycan tam qane etmir və edə də bilməz. Çünki Xankəndi və çevrəsindəki erməni çətələri tam demilitarizasiya olunmalıdır. Bunu ya özləri "könüllü" edəcək, ya Rusiyanın bölgədəki sülhməramlıları, ya bizim xüsusi təyinatlı qüvvələrimiz. Başqa yol yoxdur. Ancaq hazırda Ermənistanın Qarabağdan çağırışçıları çəkmək və Xankəndiyə yeni qruplar göndərməmək barədə açıq bəyanat verməsi üçün Nikol Paşinyanı Azərbaycanın, şəxsən İlham Əliyevin necə məcbur etdiyini anlamaq ictimai-siyasi məsələlərlə maraqlanan kimə sirrdir? İlham Əliyevin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidəki görüşündən bir gün öncə qəti bəyanatlar verməsinin, İrəvana və Moskvaya ismarıc göndərməsinin, açıq deyək, Paşinyan hakimiyyətini yeni savaşla təhdid etməsinin nəticəsi deyilmi bütün bunlar? Ən əsası, artıq doğrudanmı bu ölkədə başa düşməyən var ki, Azərbaycan hərbi əməliyyat da istisna olunmadan Qərbi Zəngəzur məsələsini həll etmək istəyir? Bunun üçün bizə lazım olan ilk növbədə milli birlik, nizam və sabitlikdir, əlbəttə. Prezident Əliyevin Azərbaycan müxalifətinin nə məsləhətlərinə ehtiyacı var, nə də hər hansı formada siyasi dəstəyinə. Sadəcə, mane olmasınlar, əl-ayağa dolaşmasınlar, diqqəti Ermənistanın arzuladığı şəkildə daxildəki marginal məsələlərə çəkməsinlər. Hə, heç kim demir ki, ölkədə problem yoxdur, hər işimiz yağ kimi gedir, ideal bir cəmiyyət və idarəçilik sistemi formalaşıb. Əsla! Ancaq Dədə Qorqud dastanının diliylə desək, yerindən uru durub Nazirlər Kabinetinin- yəni, Prezident Administrasiyasının bir addımlığında- aksiya keçirmək nəyə hesablanıb?

Mən az-çox sağlam düşünmək qabiliyyəti olan bütün siyasi texnoloqlarla, icmalçılarla mübahisə etməyə hazıram: hansı siyasi divindent gətirəcək, hansı təşkilati resurslarını zənginləşdirəcək bu addım aksiyanın təşkilatçılarının? Elektoral baxımdan heç bir faydası olmayan bir addımı niyə atsınlar axı? Şübhələnməyə dəyər ki, aksiyanın təşkili üçün hansısa maliyyə mənbələri pul ayırıb. Bilmək olmur, bu, erməni diasporunun təsirindəki Qərb fondlarıdır, yoxsa Zəngəzur dəhlizinin açılmasından qıcıqlanan İranın "xeyriyyə cəmiyyətləri"... Bütün hallarda, Azərbaycanı sevən mənbə deyil. Azərbaycanı sevməyən mənbələrin əlinə göz dikənlər guya “milli demokrat” çıxıblar. Nazirlər Kabinetinin qarşısında piket keçircəklərmiş. Görəsən, o piketi keçirmək istəyən “milli demokratlar” xatırlayırmı ki, Ayaz Mütəllibovun hakimiyyətə yenidən qayıdış günlərində iki dəfə baş nazir təyin olunmuş kommunist Rəhim Hüseynovun ixtiyarına vermişdilər o binanı?
Azərbaycan prezidenti bu günlərdə gerçəkdən tarixi bir sənədə imza atdı. Azərbaycanla Avropa İttifaqı enerji təhlükəsizliyi sahəsində rəsmən strateji ortaq oldu. Bu sənədi, sadəcə bir ticarət anlaşması kimi dəyərləndirmək yanlışdır. Azərbaycan dövlət müstəqilliyinə, ərazi bütövlüyünə və gələcək inkişafına müasir dünyadan yenidən qarant aldı. Xüsusən də beynəlxalq arxitekturanın çökdüyü bir zamanda bu təminatın ölkəmiz üçün hədsiz önəmini izah etməyə gərək yoxdur. Prezident Əliyev imzalanacaq sənədlə bağlı anons verdikdən sonra Erməni mediası yasa qərq oldu. “Hər şey bitdi. Bundan sonra Azərbaycanın qarşısında duruş gətirməyimiz mümkün deyil” yazdılar açıq-açığına. Erməni revanşizminin son ümidləri kökündən baltalanmışdı. "Ermənistanın gələcəyi üçün həyacan"- atdığı başlıqlardan biri təxminən bu məzmunda idi. "Bəs, demokratik dəyərlər, insan haqları?"- revanşistlər sosial şəbəkələrdə Azərbaycanla tarixi memoranduma imza atmış Ursula fon der Leyeni ən ağır ifadələrlə təhqir edirdilər. Bütün bunlar təəccüblü deyi. Amma çox təəssüf ki, heç o da təəccüblü deyil ki, “Avropa İttifaqı Azərbaycanda insan haqlarını qaza satdı” deyənlər təkcə erməni revanşistləri deyil, həm də Azərbaycandakı zehniyyət ortaqlarıdır.

Əlinizi vicdanınıza qoyun və deyin: 1992-93-cü illərdə Qarabağ məsələsini Azərbaycanın lehinə bitirmək asan idi, yoxsa 2020-ci ildə? Şuşanı, Laçını, Kəlbəcəri görən hər kəs başını bulaya-bulaya “axı bu təbii istehkamları düşmənə necə qapdırmaq olar” deyə özünə sual verir. Doğrudan, necə baş verdi bunlar? Cavabını verirəm, hakimiyyət böhranlarının nəticəsində! Bu böhranların yaranmasında Xalq Cəbhəsi rol oynadı, Müsavat rol oynadı, Topxananın harayına toplanan milyonlarla insanın emosiyalarını istismar edən populist meydan qəhrəmanları rol oynadı... 1993-cü ildən bəri müzakirə gedir. Keçmiş hakimiyyət niyə yıxıldı? Əslində cavab çox sadədir, o iqtidar görəvdə qala bilməzdi, çünki oxlakratik idi. Əgər müstəqil ölkəmizin qarşılaşdığı problemləri çeşidləsək, bunların bir çoxunun mənşəyi Şərq tarixinə, çar və sovet Rusiyasının müstəmləkəsi olmağımıza bağlıdır. Ancaq müstəqillik dövrünün ən ağrılı problemlərinin kökü məhz keçmiş hakimiyyətin oxlokratik məzmunundadır.

1988-ci ildən bəri Ermənistanda bircə dəfə oxlokratik hakimiyyət formalaşdı. Nikol Paşinyan etdiyi rəngli inqilabla küçə adamlarını iqtidara daşıdı. Əvvəlcə Şuşada “Yallı” getdi, amma qısa bir müddətdən sonra quyruğunu düyüb Qarabağdan qaçdı. Biz isə arxasında dünya divləri dayanmış Ermənistanı ona görə uda bildik ki, Azərbaycan xalqının ortaq zəkası məxməri inqilab projelərinə yaxın durmadı. Cəmiyyətimiz dövlət təşkilatını Mixail Saakaşvili, Nikol Paşinyan, Volodimir Zelenski kimi naşı və populist siyasətçilərə etibar etmədi. Bu gün dünyada gedən proseslərə baxın, ABŞ-a, Avropaya, Rusiyaya, İrana, Çinə göz gəzdirin- hansı ki, dünya nəhəngləri sayılırlar. Ərəb ölkələrinə, qonşuluqdakı iki Qafqaz məmləkətinə, Ukraynaya nəzər salın. Bir də Azərbaycanı göz önündə canlandırın. Yaxın 150 ildə dünya liderliyini əlində saxlayacaq ABŞ lider korluğu çəkir, Böyük Britaniya və digər Avropa dövlətləri hökumət böhranı yaşayır. Çin savaşa sürüklənir, İran günlərini sayır. Suriya, Ukrayna tar-mardır. Avropa qaçqınlar problemi ilə üz-üzədir, amma Azərbaycan məcburi köçkün sorununu çözür. Bütün bu fərqlərin əsasında prezident Əliyevin dünyanı doğru oxumaq bacarığı, liderlik potensialı və mahir dövlət adamlığı dayanır. Zira, bütün yetənəyinə, təcrübəsinə rəğmən Əliyev bir illik keçmiş hakimiyyətin Azərbaycanın başına gətirdiyi müsibətlərin nəticələrini on illərdir aradan qaldırıb qurtara bilmir.

Taleh ŞAHSUVARLI