Azərbaycana elan olunan yeni ideoloji savaş barədə Azərbaycana elan olunan yeni ideoloji savaş barədə

Ermənilərin Londondakı yan, Laçındakı yad daşları və...

Azərbaycana elan olunan yeni ideoloji savaş barədə

Azərbaycan təkcə coğrafi məkan deyil. Bu gözəl və ecazkar məmləkət sərhədlərini Cəlil Məmmədquluzadənin "Anamın kitabı"nda göstərdiyi mədəni-siyasi arealdır. Bu arealın formalaşması bir günə və ancaq bir faktorun hesabına baş verməyib. Böyük bir tarixə malikdir.

Təxminən 3 min ildir ki, bu coğrafiyada əsas söz sahibi bizik- türklər!

Alp Ər Tunqa ilə bölgəyə gələn proto-türklər- skif/saklar Arazın hər iki sahilində yurd saldı, şəhərlər inşa etdi, gələcəyin təməlini qoydu. Daha sonra hunlar, xəzərlər, oğuzlar, moğollar, qıpçaqlar axın etdi. Regionumuzda etnik üstünlüyü təxminən 2500 illik sürəcdə bu türk tayfa ittifaqları yaradıb. Bu ittifaqlar içərisində ağ hunların bir qolu olan ağaçərilər və daha sonra oğuzlar DİL faktorunu müəyyən edib.

Siyasi tarix baxımından Azərbaycan mədəni arealı Babəkin əsəridir. Babək Arazın hər iki sahilini əhatə edən, identifikasiya sərhədlərimizi çəkən, Azərbaycanı bütünləşdirən bir dövlət qurucusudur. O, Alp Ər Tunqa ilə Alp Arslan arasındakı tarixi keçid prosesində ortaya çıxan Azərbaycan türk heysiyyatıdır. Babək öz dövlətləşmə mücadiləsi ilə təkcə ərəb ideologiyasına sədd çəkmədi, eyni zamanda, Əhəməni-Sasani zehniyyətini də coğrafiyamız üçün yadlaşdırdı. Babəkdən üzübəri Azərbaycan mənşəli nə qədər cərəyan varsa, hamısı xürrəmiyyədən qidalanır.

Biz dünyada Səfəvilər kimi möhtəşəm imperiya yaratmış xalqıq. Bu imperiyanı tarix səhnəsinə çıxarmaq üçün bizə türklük yetmədi, inanc olaraq islama, daha dəqiq desək, şiəliyə üz tutduq. Təsadüfi seçim deyildi. Bir tərəfdə dini siyasi mərkəz kimi, can üstündə olsa da, Abbasi xilafəti, digər yanda Azərbaycanda, Anadoluda, İraqda və digər ərazilərdəki türk ellərindən qoparaq Bizans bürokratiyasına sığınan Osmanlı dövləti. Türkün qoruyucu refleksləri və dövlətçilik ənənəsi işə düşdü. Şah İsmayılla Azərbaycan taxtı quruldu. Həzrət Əli və imam Hüseyn Azərbaycan Türk Sufizmi üçün nəhəng simvollara çevrildi. Buna ilk cəhdi Hülakilər etmiş, amma din faktoruna barmaqarası baxdıqlarından sistemləşdirə bilməmişdilər.

Şiə inancı bizə 20-ci əsrdə sekulyar dövlət qurmaq üçün tarixi fürsət yaratdı. Azərbaycanın sekulyar və çağdaş məmləkətə çevrilməsinin alt qatında Babəkin təlimi ilə çuğlaşmış şiəlik dayanır. Bu da təsadüfi deyil. Çünki 12-ci imam- Zamanın sahibi Mehdidən sonra hakimiyyətin ilahi mənşəyi söhbəti bağlanmışdı, şiə inancına görə, Mehdinin zühuruna qədər hakimiyyətin bəşəri olması labüddür.

Şah İsmayıl şiəliyinə- qızılbaşlığa qarşı çıxan fars şüubiyyə zehniyyəti "qeybə çəkilmiş imamın vəkilliyi" doktrinasını ortaya atdı. Belə bir vəkalət, əlbəttə, yoxdur. Şiə ierarxiyası “nass” deyilən sistem müəyyən edirdi. Mehdi ona görə sonuncu imam sayılır ki, ondan sonra “nass” mexanizmi dayanıb və o, heç kimi özündən sonra nə imam, nə də özünün vəkili elan edib.

Məşhur bir söz var: “Birəyə küsüb, yorğanı yandırmazlar”.

Bu gün İrandakı anti-türk mollalara, Londondandakı mənşəyi kirli radikallara görə, biz öz mədəni arealımızın əsas sütunlarından olan şiəliyi yamanlaya, sıradan çıxara bilmərik. Tam əksinə, biz Azərbaycan şiəliyinə- qızılbaş sufiliyinə talışlar, kürdlər və digər xalqlarla əl-ələ, çiyin-çiyinə verib tam sahib çıxmalıyıq.

Bəli, mən sekulyaram. Ehkamları, doqmaları qəbul etmir, dini həyat tərzi keçirmirəm. Elmi dünyagörüş daşıyıcısıyam. Şüurum milli və dünyəvidir. Amma alt şüurumda xalis şiəyəm. Alt şüurumdakı şiəlik valideynlərimin, dədələrimin, nənələrimin, Zəngəzur və Qarabağ camaatının yaxşı tanıdığı rəhmətlik Molla Temirin, Bərdədə İmamzadəyə, Laçında Sultan babaya müqəddəs məkan kimi yanaşan el-obamın şiəliyidir. Başqa sözlə, mənim şiəliyə qarşı çıxmam öz kökümə və kimliyimə qarşı çıxmam demək olar.

Sovetlər dövründə sıxışdırılmış din müstəqillik dövründə öz yerini tutur və tutacaq toplumda. Bu qaçılmazdır və prosesə mane olmaq mümkün deyil. Sadəcə, qırmızı cizgi düz müəyyən olunmalıdır ki, bu da sekulyarlığın qızıl qaydasıdır. Din siyasətə qarışmamalı, etiqad çərçivəsində qalmalıdır. Bu gün əslində Azərbaycanda mövcud olan və kənar təsirlərlə böyüdülməsinə cəhd göstərilən təhlükə də elə dinin siyasiləşdirilməsidir. Bu prosesin qarşısına çıxmağa tarixi potensialımız, ictimai müqavimət gücümüz olduqca böyükdür, amma çox təəssüflər olsun ki, aydın konsepsiyamız yoxdur. Bu sarıdan gecikmişik, amma ziyanın yarısından qayıtmaq da faydalıdır. Azərbaycanda milli ideologiya daşıyıcısı olan siyasi mərkəzlər formalaşmalı, parlamentə daşınmalıdır.

Əks halda, yad cərəyanlar ideoloji meydanda at oynadacaq.

Həm də təkcə din sahəsində yox.

Bu gün erməni saytlarının birində qarşıma bu foto çıxdı.

Laçında qoyulmuş bu “abidə” məni xeyli düşündürdü həm də ona görə ki, ondan savayı, İrəvan mediasında fərqli müəlliflər tərəfindən revanşist ovqatda yazılmış iki yazı oxudum. Bunların üstünə gələcəm, amma gəlin öncə bu “abidə”yə nəzər salaq.

Daşın üstündə erməni faşisti Monte Melkonyanın “bura Ermənistandır və nöqtə” sözləri yazılıb. Biz bu cəfəngiyyatı Nikol Paşinyanın dilindən eşitmişdik. Daşın o biri üzünə isə “Artsaxı itirmək, tariximizin sonuncu səhifəsini qapatmaqdır” cümləsi həkk olunub. Laçın şəhərini tərk edəcək ermənilər o daşı nə edəcəklərini, üzr istəyirəm, haralarına soxacaqlarını bilmirlər. Nə yerində qoya bilirlər (Laçın şəhərinə girən kimi, karxanada üyüdüb çınqıl edəcəyik), nə də “son səhifələrini qapayıb” dallarına şəlləyə…

Bəli, Laçın şəhərinə girər-girməz o daşın yerində biz “Dəmir yumruğ”a möhtəşəm bir abidə qoyacağıq. Buna əminəm. Ancaq üzərində düşündüyüm başqa məsələlər də var. Məsələn, revanşist Edik Andreasyanın bu cümlələri:

“Təslim olmuş almanlar Adolf Hitleri yenidən seçərdimi? Əgər almanlar bir balaca ermənixislət olsaydılar, Hitler intihar etməzdi. Hitler yəqin ki, erməniləri tanıyırdı və bilirdi ki, onu əfv edərlər. Amma almanlar, əsla! Bu gün almanlar Avropada ən güclü dövlətə malikdirlər”.

Ermənilərlə almanların ən böyük fərqi Edik Andreasyanın düşündüyü kimi müharibəni uduzmuş bir lideri yenidən seçmək və ya seçməmək, intihara sürükləyib-sürükləməmək deyil. Ən böyük fərq budur ki, dünya savaşlarını uduzmuş almanlar vaxtında dərk elədilər ki, faşizm, revanşizm onlara səadət gətirmir, gələcəklərini məhv edir, sıxaraq, əzərək tarix səhnəsindən çıxarır. Revanşist ediklər isə Ermənistanı məhz Qafqazı müharibə regionundan sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini əngəlləyən görmək istəyir:

“Çəkinməyək, Berdzor və Axovnanın boşalmaması üçün bir şeylər edək. Hə, bir şeylər edək, gözdən çıxarılmış birinin (N.Paşinyanı nəzərdə tutur- red.) ermənilərə ana vətənlərini (həyasızlıqları dərəcə tanımır- red. ) tərk etmək üçün necə zaman verdiyini inək gözüylə izləməyək. Hərbi komissarlıqlara gedək, əsgərliyə yazılaq, silah istəyək…”

Edikin təşviq etdiyi silahlı çatışma ermənilərə bir şey qazandırmaz. 44 günlük savaşda Azərbaycan ordusunun döyüş gücü və taktikası artıq dünyanın ən aparıcı hərb məktəblərində öyrənilir. Ali Baş Komandan İlham Əliyev yeni çağda sərkərdəliyin, necə deyərlər, kitabını yazıb.

Görünür, başqa bir erməni müəllif, tarixçi Hamlet Petrosyan bu gerçəkliyi Edikdən daha yaxşı başa düşür və “Berdzorun boşaldılmasından sonra” Ermənistan dövlətini və cəmiyyətini Azərbaycana qarşı “tarix və mədəniyyət mübarizəsi” aparmağa çağırır. O, prezident İlham Əliyevi bu sahəyə xüsusi diqqət yetirməsini özününkülərə misal çəkir.

Bəli, prezident Əliyev öz dünyagörüşü, tarix şüuru və bilgiləri ilə gerçəkdən son dərəcə dərin adamdır. Onun siyasi liderlik keyfiyyətləri, diplomatik məharəti, hərbi sərkərdə kimi savaşın məsuliyyətini öz üzərinə götürməsi bayrağımızı bu gün Şuşada dalğalandırır, sabah Laçında yüksəldəcək, biri gün Xankəndidə.

İlham Əliyev, eyni zamanda, “Şərq məsələsi”ni, erməni ideologiyasını darmadağın edən bir liderdir.
Ancaq unutmayaq, erməni kilsəsi bu ideologiyanı yenidən şəkilləndirməyə qadir institutdur.

Deməli, mübarizəmiz davam edəcək.

Yeni dövrün mübarizəsində Elm və təhsil, Mədəniyyət nazirlikləri Azərbaycanın Silahlı Qüvvələri, kəşfiyyat xidmətləri təki aktual strukturlardırlar.

Azərbaycanda xalqın içindən çıxmış, yaxşı savada və təcrübəyə malik, xüsusən media və QHT sektorunda formalaşmış milli insanları bu nazirliklərdə işə cəlb etmək lazımdır.

Taleh ŞAHSUVARLI