- Yazarlar
- 17:30
- 1 675
İrandaxili dinamika ilə bağlı bir neçə fikir

İranda ali rəhbər Seyid Əli Xameneinin varisliyi ilə əlaqədar müzakirələr sürətlənir və namizədlər ətrafında formalaşan qütbləşmə siyasi qrupları mövqe tutmağa məcbur edir.
Bundan əvvəl, İsraillə İranın müharibəsinin davam etdiyi zamanda Xameneinin ali rəhbər üçün 3 namizəd irəli sürdüyü bildirilirdi, lakin məlumata görə, həmin 3 şəxsin içərisində Xameneinin oğlu Müctəba Xamenei yox idi.
Ancaq bu informasiya Seyid Əli Xameneinin ətrafındakı mühafizəkar dairələrin bilərəkdən ortaya atdığı yem kimi diqqət çəkə bilər.
Çünki Müctəba Xameneinin SEPAH-la əlaqələri onun ali rəhbər olmasına yaşıl işıq yandıra bilər. Burada isə daha bir dilemma ilə üzləşmə baş verir:
- SEPAH daxili cəbhədə Müctəba ilə bağlı konsensus yoxdur və ehtimalla bu, SEPAH-da ata-oğul varisliyi formatındakı transformasiyaya qarşı qüvvələri fəallaşdırır.
- SEPAH-dakı anti-Müctəba qüvvələr sərmayəni başqa düşərgələrə, o cümlədən mötədil qruplara qoyurlar.
Ruhani İran İslam İnqilabının lideri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin varis olmasına can ataraq yenilənən sistemdə mövqelənməyə çalışır.
Keçmiş Prezident Mahmud Əhmədinejad digər qüvvələrlə birlikdə əvvəllər Vilayəti-Fəqihi tənqid edən yüksək rütbəli ruhani Cavad Ələvi Borucerdi, sərt xətt tərəfdarları isə Qərb əleyhdarı olan Məhəmməd Mehdi Mirbaqeriyə tərəfdardırlar.
Bu xəttin inkişafı onu göstərir ki, Müctəba Xameneinin ofsaydda qalması üzərində fokuslanma prosesi davam edir.
Qeyd edim ki, hər səkkiz ildən bir milli səsvermədə seçilən 88 din xadimindən ibarət Ekspertlər Məclisi İranın yüksək səviyyəli qərar qəbul edən şəxsinin fəaliyyətinə nəzarət etmək və onun varisini təyin etmək vəzifəsini daşıyır. İran dövlətinin digər komponentləri kimi, bu orqan da yüksək dərəcədə institusionallaşdırılıb və konsensusla fəaliyyət göstərmək, üçün nəzərdə tutulub.
Yəqin ki, Məclisdə də Müctəba ilə bağlı konsensus yoxdur.
Göründüyü kimi, İsraillə İranın müharibəsindən sonra İran daxilində rejimin trayektoriyası yenidən qiymətləndirilir.
Siyasi qüvvələr perspektiv təsir alətləri qazanmaq üçün özlərindən daha böyük olan güc bazaları ilə sövdələşməyə və işləməyə çalışırlar.
Aqşin Kərimov,
Sosial Tədqiqatlar Mərkəzi