- EKONEWS
- 18:19
- 2 597
Cərimələr qanunsuz ovçuluğun qarşısını niyə ala bilmədi? - ŞƏRH

İlin əvvəlindən bu yana Azərbaycanda qeyri-qanuni ovla bağlı 103 050 manat məbləğində cərimə tətbiq olunub. Bu rəqəm bir daha göstərir ki, problem tək-tək hallarla məhdudlaşmır, sistemlidir və ölkənin müxtəlif bölgələrini əhatə edir. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədovun sözlərinə görə, Cəlilabad, İmişli, Neftçala, Lənkəran, Tovuz, Biləsuvar, Salyan, Xızı, Xaçmaz, Ağcabədi, Bakı, Sumqayıt və Gəncə ərazilərində ov qaydalarının pozulması faktları aşkarlanıb. Cərimə ilə yanaşı, qanunvericilik ov hüququnun 6 aydan 2 ilə qədər məhdudlaşdırılmasını da nəzərdə tutur. Amma görünən odur ki, nə cərimə, nə də hüquqi qadağalar problemin qarşısını almağa yetmir.
Azərbaycanda ovçuluq məsuliyyətinin təşviqi ilə bağlı layihələr həyata keçirmiş “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi öz hesabatlarında qeyd edib ki, əsas məsələ odur ki, qanun var, lakin icrası zəifdir. Qanunsuz ovçuluğun cəzası məlum olsa da, pozuntuların böyük hissəsi ya ümumiyyətlə aşkar olunmur, ya da rəsmilərlə qeyri-formal anlaşmalarla ört-basdır edilir. Bu isə cərimənin preventiv gücünü ciddi şəkildə azaldır.
Üstəlik, bölgələrdə ovçuluq yalnız hobbi deyil, bir çox hallarda həyat tərzidir. Neftçala, Salyan və Biləsuvar kimi rayonlarda insanlar bəzən ovla həm dolanır, həm də özünü təsdiq forması kimi ona bağlanır. Bu sosial və mədəni gerçəkliklər nəzərə alınmadan problemin həlli mümkün deyil. Sadəcə hüquq dili ilə danışmaq, sosial səbəbləri görməzdən gəlmək ciddi nəticə vermir.
Fikrimizcə, Azərbaycanda qanunsuz ovçuluqla bağlı davam edən problemlərdən biri də məlumatlandırma və maarifləndirmə işinin zəif olmasıdır. Qanun pozanların mühüm bir qismi, xüsusilə də gənclər və kənd yerlərində yaşayan əhali, ov mövsümünün konkret qaydaları, hansı heyvanların ovlanmasının qadağan olduğu və hansı ərazilərin xüsusi mühafizə statusu daşıdığı barədə yetərincə məlumata malik deyillər. Bu isə çox zaman pozuntuların bilməyərək törədildiyi iddialarına gətirib çıxarır və hüquqi mexanizmin təsirini zəiflədir.
Təəssüf ki, hər il keçirilən bir neçə formal maarifləndirmə aksiyası və cəmi bir neçə televiziyada yayımlanan xəbər bülleteni ilə bu problem nə əhatə dairəsinə, nə də təsir gücünə görə istənilən səviyyədə həll oluna bilməz. Qanunun qorunmasını təmin etmək üçün sadəcə cərimə və nəzarət kifayət etmir, bilik və məsuliyyət hissi formalaşdırmaq lazımdır. Bu isə davamlı, sistemli və hədəfli maarifləndirmə işini tələb edir.
Halbuki, bu işlə məşğul olmaq üçün Azərbaycanda müvafiq dövlət qurumları – o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzdində xüsusi İctimaiyyətlə əlaqələr və təbliğat funksiyasını yerinə yetirən struktur bölmələr fəaliyyət göstərir. ETSN-in tərkibində həm İctimaiyyətlə əlaqələr sektoru, həm də maarifləndirmə layihələrinə dəstək verə biləcək digər ixtisaslaşmış şöbələr var. Lakin onların fəaliyyəti, bu sahədəki problemi aradan qaldıracaq intensivlik və yaradıcılıq səviyyəsində deyil.
Görünən odur ki, bu strukturlar daha çox formal və passiv fəaliyyətlə kifayətlənir: bir neçə videoçarx, bayramqabağı kampaniya və mətbuat açıqlaması. Halbuki, qanunsuz ovla mübarizə kimi mühüm bir sahədə, interaktiv kampaniyalar, kənd məktəblərində açıq dərslər, sosial şəbəkələrdə viral mesajlar, yerli din xadimləri və ağsaqqallarla əməkdaşlıq, eləcə də təbiətə dəymiş zərərin vizual simulyasiyalarla göstərilməsi maarifləndirmənin real effektini qat-qat artıra bilər.
Ən əsası, bu proses yalnız paytaxt mərkəzli olmamalı, rayon və kənd icmalarını da əhatə etməlidir. Çünki qanunsuz ovun əksəriyyəti məhz həmin yerlərdə baş verir. Deməli, maarifləndirmə də elə həmin bölgələrdə – məktəbdə, icra hakimiyyətində, bazarda, məsciddə və ailə çay süfrəsində başlamalıdır.
Bir sözlə, Ekologiya Nazirliyi təkcə cərimə və nəzarət deyil, təbliğat və təhsilin də məsuliyyətini daşıdığını unutmamalıdır. Qanunun qorunması üçün əvvəlcə onun mənasını başa salmaq, sonra isə ona hörmət hissi aşılanmalıdır. Bu isə yalnız sadə, anlaşılan və insana toxunan təbliğatla mümkündür. Təbiəti qorumağın yollarını izah etmədən, sadəcə qadağan etməklə heç nə əldə etmək olmur.
Bundan başqa, qanuni ovçuluğun təşviqi istiqamətində ciddi alternativlər də yoxdur. Azərbaycanda ovçular üçün nə infrastruktur yaradılıb, nə də nəzərəçarpacaq səviyyədə lisenziyalaşdırma mexanizmi işləyir. Hər şey ya çox mürəkkəbdir, ya da əlçatan deyil. Belə olanda da qeyri-qanuni yollara üz tutmaq adi bir seçimə çevrilir.
Qanunsuz ovun daha bir faciəvi tərəfi isə təbiətdə yaratdığı zərərdir. Nəzarətsiz və vəhşi ov bioloji müxtəlifliyə ağır zərbə vurur, bəzi nadir növlərin sayı azalır, bəziləri isə tamamilə yoxa çıxır. Bu proses uzunmüddətli baxımdan kənd təsərrüfatı, turizm və bütövlükdə ekosistem üçün ciddi təhdiddir.
Bütün bunlar onu göstərir ki, məsələ cərimə kəsməklə həll olunmur. Əgər qanunsuz ovçuluqla mübarizə doğrudan da effektiv olacaqsa, hüquqi mexanizmlər icra olunmalı, sosial səbəblər nəzərə alınmalı, məlumatlandırma artırılmalı və qanuni ov üçün real imkanlar yaradılmalıdır. Əks halda, 103 min manatlıq cərimə sadəcə kağız üzərindəki rəqəm olaraq qalacaq – təbiətin isə belə lüksü yoxdur.
Zeynal ABDİN,
AzNews.az