- Redaktor masası
- 16:03
- 2 461
"JurFak"ın dekanına dəstək: Həm proqram, həm də qəbul qaydası dəyişdirilməlidir!

Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir, bunun artıq vaxtıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən tədbirdə bu fikri xüsusi vurğulayıb. Tədbirdə digər natiqlər də bildiririblər ki, mövcud proqramlar müasir informasiya mühiti ilə ayaqlaşmır və real jurnalistikaya adekvat kadr hazırlığı həyata keçirilmir.
Əslində, bu təkcə akademik çevrələrin deyil, praktiki medianın da uzun illərdir səsləndirdiyi narahatlıqdır. Çünki Azərbaycanda jurnalistika təhsili hələ də klassik xəbər yazımı və nəzəriyyə üzərində qurulub, halbuki dünya mediası çoxdan texnologiya, vizuallıq və analitikaya əsaslanan bir mərhələyə keçib. Artıq jurnalist bir xəbəri yalnız yazmamalı, həm də onu vizual olaraq təqdim etməli, onu fərqli platformalara uyğunlaşdırmalı və auditoriya ilə interaktiv şəkildə işləməyi bacarmalıdır. Bu bacarıqlar isə bugünkü tədris planlarında ya yoxdur, ya da simvolik şəkildə keçir.
Müasir jurnalistika yalnız informasiyanı ötürmək deyil, onu təhlil etmək, vizuallaşdırmaq, platformaya uyğunlaşdırmaq və ictimai məsuliyyət çərçivəsində təqdim etmək sənətidir. Bunu dünya təcrübəsi də təsdiqləyir. Məsələn, ABŞ-ın aparıcı jurnalistika fakültələrində – Harvard, Columbia və Stanford-da tələbələr data analizindən süni intellektlə işləməyə qədər geniş spektrli dərslər alırlar. Avropada, xüsusilə Niderlandın Amsterdam Universitetində jurnalistika təhsili ilk gündən praktikaya əsaslanır, tələbələr media laboratoriyalarında real layihələr həyata keçirir, sosial media kontenti hazırlayır, podkastlar yazır və video reportajlar üzərində işləyirlər. Onlar media sənətini sırf akademik deyil, həm də texnoloji və yaradıcı bir proses kimi qavrayırlar.
Azərbaycanda isə jurnalistika tələbəsi hələ də eyni tip yazı nümunələri, təkrar olunan nəzəri mühazirələr və real sektorla zəif əlaqəli təcrübə proqramları ilə kifayətlənməli olur. Üstəlik, müəllim kontingenti də çox zaman özündə media istehsalı ilə bağlı bacarıqları deyil, sadəcə nəzəri biliyi cəmləyir. Bu isə əmək bazarına çıxan gənc jurnalistin real mediada “yeni başlayan” səviyyəsindən belə aşağı dəyərləndirilməsinə gətirib çıxarır.
Məsələ ondadır ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul prosesi ilə Jurnalistika fakültəsinə qəbulun prinsipi eyni olmalıdır. Hüquqşünas olmaq üçün əlavə qabiliyyət imtahanı tələb olunmadığı kimi, jurnalist olmaq istəyən gənclərdən də belə imtahanın keçirilməsi əsaslı deyil Hazırda tətbiq olunan qabiliyyət imtahanı əslində namizədin jurnalistikaya olan həvəsini və potensialını ölçmür, əksinə, yüksək ümumi bal toplayan, amma testə hazırlaşmağı bacaran gənclərin jurnalistika fakültəsinə daxil olmasının qarşısında əlavə maneə yaradır. Bu imtahan qabiliyyət və yaradıcılıq kimi keyfiyyətləri deyil, formal və texniki bilikləri yoxlayır ki, bu da jurnalistikada vacib olan yazı bacarığı, reportaj, müsahibə götürmə və ictimai proseslərə yanaşma tərzini əks etdirmir. Ona görə də qabiliyyət imtahanı ləğv edilməli, jurnalistika fakültəsinə qəbul ümumi qəbul balları əsasında, yəni məzunların keçid ballarına əsaslanaraq həyata keçirilməlidir. Bu yolla sahəyə həqiqətən peşəkar olmaq istəyən və potensialı olan gənclərin daxil olması təmin edilər, əlavə süni maneələr aradan qaldırılar.
Media cəmiyyəti dəyişir, auditoriya dəyişir, texnologiya dəyişir – lakin jurnalistikanın təhsil sistemi hələ də dəyişmir. Əgər Azərbaycanda peşəkar, çevik və qlobal rəqabətə hazır jurnalist nəsli yetişdirilməlidirsə, bu, yalnız proqramların yenilənməsi ilə mümkün olacaq. Tədris məzmunu praktikaya yaxınlaşdırılmalı, müəllimlər real media istehsalçıları ilə əvəzlənməli, qəbul mexanizmi yenidən qurulmalıdır. Çünki medianın keyfiyyəti onun təhsil bazası ilə başlayır.
Zeynal ABDİN,
AzNews.az