- Toplum
- 18:31
- 2 096
Şərqşünasların magistratura qalmaqalı böyüyür, DİM cavab verdi: "Bizlik deyil"

Bakı Dövlət Universitetində ərəb ədəbiyyatı üzrə magistratura proqramına bu il yer ayrılmaması təhsil ictimaiyyətində narazılıq doğurub. Məsələ tanınmış ərəbşünas alim Aidə Qasımovanın paylaşımından sonra geniş rezonansa səbəb olub və həm universitet, həm də dövlət qurumlarından toplum cavab gözləyib.
Xatırladaq ki, professor Aidə Qasımova AzNews.az-a açıqlamasında bildirib ki, bu il ərəb ədəbiyyatı üzrə magistratura proqramına yer ayrılmayıb, halbuki fars və türk ədəbiyyatı proqramları davam edir. Onun sözlərinə görə, bu qərar yalnız tələbələrin gələcək planlarına zərbə vurmaqla kifayətlənmir, həm də ümumilikdə ərəbşünaslığa qarşı laqeyd münasibəti ortaya qoyur:
“Fakültə deyir ki, biz yer istəmişik, DİM isə deyir ki, belə bir müraciət daxil olmayıb. Deməli, nə baş veribsə, dekanlıq səviyyəsində baş verib. Burada hansısa məqsədli qərəz yox, idarəetmədə naşılıq və sistemsizlik görünür.”
Alim əlavə edib ki, son illər şərqşünaslıq fakültəsinin əvvəlki elitar statusu zəifləyib, qəbul şərtləri yüngülləşdirilib, ərəb dili dərslərinin saatı azaldılıb və bu da təhsilin keyfiyyətinə mənfi təsir edib. Onun fikrincə, problemi yalnız köklü struktur islahatı həll edə bilər:
“Elm və tədris bir araya gəlməlidir. Özbəkistandakı kimi vahid Şərqşünaslıq İnstitutu yaradılmalıdır ki, burada həm universitetlərin, həm də elmi institutların potensialı birləşsin.”
Aidə Qasımovanın paylaşımından sonra məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi də AzNews.az-a münasibət bildirib. DİM-in açıqlamasında qeyd olunur ki, ali təhsil müəssisələrinin magistr pilləsi üçün ayrılan plan yerlərini sözügedən qurum müəyyən etmir:
“DİM yalnız təsdiqlənmiş plan yerləri əsasında tələbə qəbulu prosesini həyata keçirir. Plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur və bu məlumat DİM-ə təqdim edilir. Bu səbəbdən, magistratura üzrə hansı ixtisaslara yer ayrılması məsələsi DİM-in səlahiyyətlərinə aid deyil.”
Mövzunu şərh edən təhsil eksperti Məzahir Məmmədli isə bildirir ki, ali təhsil sistemində hər hansı bir fənnin proqramdan çıxarılması ciddi və əsaslandırılmış şəkildə aparılmalıdır. Onun fikrincə, belə dəyişikliklər qəfil və şəffaflıqdan uzaq formada həyata keçirilərsə, həm müəllim heyəti, həm də tələbələr üçün ciddi problemlər yaradır:
“Əgər hansısa fənn tədris planından çıxarılırsa, bu, öncədən elan olunmalı, əsaslandırılmalı və ictimai müzakirəyə çıxarılmalıdır. Təəssüf ki, bəzən bizdə hansısa kafedra və ya rəhbərlik şəxsi istəyə əsaslanaraq qərar verir. Bu isə elmi yanaşma ilə uyğunlaşmır.”
Ekspert hesab edir ki, ölkənin dil, tarix və mədəniyyətlərinə dair ixtisaslar strateji əhəmiyyət daşıyır və onlara laqeyd yanaşmaq olmaz. Bu sahələrdə təhsil və tədqiqatların davamlılığı təmin edilməlidir ki, ölkənin mədəni və intellektual inkişafı dayanıqlı olsun.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az