Əsrlərlə mental kodlarımız elə formalaşıb ki, istəyirik əzsinlər, biz də sızıldayaq... Əsrlərlə mental kodlarımız elə formalaşıb ki, istəyirik əzsinlər, biz də sızıldayaq...

Xalqların oynadıqları oyunlar: Bizə hansı rol yüklənib

Əsrlərlə mental kodlarımız elə formalaşıb ki, istəyirik əzsinlər, biz də sızıldayaq...

Əsrlərlə mental kodlarımız elə formalaşıb ki, istəyirik əzsinlər, biz də sızıldayaq. Bayatı qoşaq, ağı deyək, muğam üstündə ayrılıq zəngulələri vuraq. Xalqı ikiyə bölsünlər, Araza şikayətlənək. Zorla ayırsınlar, əlimizdə bəhanəmiz olsun. Vursunlar, ufuldayaq. Yaralasınlar, ağlayaq. Bütün mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz bunun üstündə (bəlkə də “altında” demək daha doğru olardı) formalaşıb.

Amerikalı psixoloq Erik Bern 1964-cü ildə yazdığı “İnsanların oynadıqları oyunlar” (“Games People Play”) adlı kitabı ilə psixiatriyada tranzakt analizin əsasını qoymuşdu. İdeyanın qayəsi belədir ki, insanlar əslində bir-birilə münasibətlər zamanı sosial rollara girirlər. Əsas rollar üçdür: “Valideyn”, “Yetkin”, “Uşaq”.
Məsələn, müdir öz işçisi ilə danışanda “valideyn” rolunda çıxış edir, danlanan əməkdaş “uşaq” rolunda. Sonra həmin müdiri vergi idarəsinə çağıranda o, “uşaq” roluna girir, müfəttiş “valideyn” roluna. Müfəttişin də öz müdiri var, o da onun kabinetinə girəndə rollar dəyişir və sair və ilaxır – beləcə, sosial maskaları dəyişə-dəyişə yaşayırıq.

Bern deyirdi ki, hansısa münasibəti analiz edəndə olduğunuz rola diqqət yetirin. Əgər uşaq rolundasınızsa, “mən uşağam, məni danlayırlar/döyürlər” vəziyyəti sizin üçün adi hala çevriləcək.

Bu sxemi şərti olaraq xalqlara tətbiq etsək, Qarabağın işğalda olduğu dövrdə biz “uşaq” idik, ermənilər “yetkin”, vasitəçilər “valideyn”.
"Uşaq" ağlayırdı: “Bizi döyüb, qovublar, yerimizi tutublar, getmirlər”.
“Valideynlər” öyüd-nəsihət verirdilər: “Dalaşmayın, yola gedin, ağıllı olun”.
“Yetkin” tərəf isə bizi alçaldırdı: “Qoyunsunuz, alverçisiniz, sizdən döyüşçü olmaz, boşuna zırıldamayın...”

İndi reallıq dəyişib, amma onun bizim ictimai təfəkkürümüzdəki obrazı yox. Biz öz ictimai təfəkkürümüzdə hələ də həmin əzilən uşağıq. Özümüzə inanmırıq. “Özümüzü pis aparsaq, bizi döyərlər” mental proqramı kütləvi şüurumuzu bloklayır. Çünki bir neçə əsr ərzində bizi idarə edənlər ancaq həmin davranış və düşüncə modelini xalqa aşılamaqla məşğul olublar. “Mən uşağam, məni döyürlər” düşüncəsi dominant davranış modelinə çevrilib. Bizim bütün mədəniyyətimiz, ədəbiyyatımız, düşüncəmiz bunun üstündə qurulub.

Ermənilər öz qondarma “soyqırım”larıdan bəhs edən məşhur mahnılarda “Zartnir, Lao” oxuyurlar. Bu mahnı sonuncu qış-yaz mövsümündə erməni müxalifətinin mitinqlərinin qeyri-rəsmi himninə çevrilmişdi. “Zartnir Lao” erməni dilində “oyan, oğlum” deməkdir. Bir ana oğluna oxuyur ki, oyan, oğlum, düşməni tanı, qisas al! Bəs biz nə oxuyuruq?

Ən populyar hərbi-vətənpərvərlik mahnılarımızın birində cənab leytenant gedib, daha hay vermir, biz də onun mundirindən təsəlli tapırıq. Digər mahnıda şəhid nalə çəkə-çəkə sevgilisindən üzr istəyir. Heç kim demir ki, düşmənin anasını ağlatmışıq, belini qırmışıq, elə bir paz çalmışıq ki, yeri azı bir əsr göynədəcək. Bu, bizim mədəni təfəkkürümüzdəki əzilməyə, qapazaltı olmağa məhkumluq kodlarına yaddır, çünki həmin kodlarda “Mən uşağam, məni döyürlər, mən ağlayıram” dominantı qurulub.

Təsadüfi deyil ki, qələbə ruhu olan 2-3 təkəmseyrək mahnını mədəniyyətdən tamamilə uzaq olan yarımeyxana janrlı anderqraund ifaçıları oxuyublar. Onların adını böyük qürurla yazıram: Rövşən Binəqədili (“Can gedirik almağa”, “Gəlirik, Qarabağ”), Elçin Göyçaylı, Oruc Amin (“Nooldu, Paşinyan?!”), Nurlan Ordubadlı (“Yaşa Azərbaycan”) və s. Bu gənclərin elədiyinə “mədəniyyət” demək heç cür alınmır. Onların hətta oxuduqları mahnıların adlarını yutuba düzgün yazacaq qədər savadları da yoxdur. Paradoksal da olsa, məhz bu onları və bizi xilas edib.

Onlar özlərinin xilaskar cahilliklərinin sayəsində xalqın ictimai təfəkkürünü bloklayan mədəni dominantın təsirindən kənarda qalıblar. Şüurları “biz uşağıq, bizi döyürlər” mental qandalından azaddır. Ona görə də qələbə haqqında, əzmək haqqında, vurmaq, dağırtmaq, yıxıb-sürümək, minib-çapmaq, çiləmək haqqında mahnı yazıb-oxuya bilirlər. Mədəniyyətimizin həqiqi təmsilçiləri isə bu sarıdan axtalanmış kimidirlər, onların beyni və yaradıcı “mən”ləri “biz uşağıq, bizi döyürlər” şablonuna uyğun süjetlər axtarır. Vətən Müharibəsindəki Zəfər isə heç cür bu süjetə uyğun gəlmir axı. O, “biz böyümüşük, özümüz döyürük” dominantının başlanğıcıdır. Hazırda ictimai təfəkkür mexanizmlərinin böyük qismi hələ ki buna uyğunlaşa bilməyib.

Maraqlıdır ki, eyni məsələ özünü başqa formada - əks tərəfdən,- ermənilərdə göstərir. Onlar “Biz yetkinik, bizə heç kim heç nə edə bilməz” şablonundan çıxa bilmirlər. Reallıqda “uşağıq, bizi döyürlər” vəziyyətinə keçiblər, amma ictimai fikirləri hələ ki bunu qəbul etmək istəmir. Hər şeyin əllərindən çıxmasına baxmayaraq, yekə-yekə danışmaları bununla bağlıdır. Necə deyərlər, “dəvədən yıxılıb, höt-hötündən qalmır”.

Bizim şüurumuz “uşağıq, bizi döyürlər” dominantı ilə işlədiyinə görə, ağlayan şəhid atalarından, şəhid qardaşının müraciətindən, qazilərin problemlərindən danışanda özümüzü daha rahat, təbiətimizə daha uyğun hiss edirik. Çünki düşməni əzməyin, anasını ağlatmağın, bizə elədiklərinin eynisini özünə daddırmağın qürurunu, gətirdiyi mənəvi rahatlığı yaşamaq üçün əvvəlcə zehnimizdəki “uşağıq, bizi döyürlər” mental blokunu dağırtmağımız lazımdır.

Əlbəttə, həmin blok özü-özünə dağılmayacaq. Bu istiqamətdə ciddi işləmək lazımdır. Hazırda sosial şəbəkədə tam əks proses gedir. “Biz uşağıq, bizi döyürlər” şablonunun qalması və daha da möhkəmlənməsi üçün böyük miqyasda təbliğat aparılır. Bunu başa düşmək və ilk növbədə anlamaq lazımdır ki, bizə yazıq, mağmın, miskin olduğumuzu təlqin etmək kimlərin marağındadır.

Rollar artıq dəyişib.
Daha biz uşaq deyilik, bizi döymürlər.
Biz böyükük.
Sən böyüksən!