- Siyasi müzakirə
- 18 Dekabr 22:59
- 1 539
“Şovinizm Ermənistanı yeni faciələrə sürükləyə bilər” - Həşim Səhrablı
“Paşinyan onsuz da həmişə emosional fiqur olub. İnqilabın ilk günlərindən tutmuş prosesin tamamlandığı son mərhələyədək baş verənləri xatırlasaq, görərik ki, o, erməni cəmiyyətini öz arxasınca aparmaq, özünü qəbul etdirmək və ideyalarını bəyəndirmək üçün dünyanın hər yerində keçərli olan emosional mobilizasiya üsullarından maksimum dərəcədə yararlanıb. Bu gün də adət etdiyi kimi həmin prosesi davam etdirir. Yenidən “əsrin lideri” obrazını formalaşdırmağa çalışır və bu yolla sivil dünyaya adaptasiya xəttini gücləndirməyi hədəfləyir. Bununla yanaşı, şovinizmin və radikal millətçi düşüncələrin yenidən hakimiyyət və cəmiyyət həyatına qayıtmasının qarşısını almağa çalışır. Əks halda, bu tendensiyalar erməniləri növbəti faciələrə sürükləyə bilər. Paşinyan məhz buna görə çalışır ki, indiyədək qət etdiyi yolu yarımçıq qoymasın və erməni cəmiyyətini müəyyənləşdirdiyi hədəfə qədər aparsın. Bu hədəflər sırasında Qarabağ məsələsinə yanaşma, anti-türk dünya görüşünün tədricən aradan qaldırılması və regional reallıqlara uyğun yeni siyasi düşüncə də var”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, dünən Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda Baş nazir Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində yenidən baş nazir postuna namizədliyini əsaslandırmaq məqsədilə geniş çıxış edib. Paşinyan bildirib ki, 2018-ci ildən əvvəl başlanan siyasi mübarizə hələ də yekunlaşmayıb. Onun sözlərinə görə, bu mübarizəni sona çatdırmaq və qarşıya qoyulan hədəflərə nail olmaq artıq təkcə öz iradəsindən asılı deyil, prosesin taleyi cəmiyyətin mövqeyindən və mövcud siyasi reallıqların diktə etdiyi qərarlardan asılıdır.
Siyasi şərhçi qeyd edib ki, o, eyni zamanda iqtisadi canlanmanı da nəzərdə tutur.
"Ermənistan iqtisadiyyatını dirçəltmək, ölkənin həm siyasi, həm hərbi, həm də iqtisadi sahələrdə Rusiyadan asılılığını azaltmaq Paşinyanın əsas məqsədlərindən biridir. Bütün bunları nəzərə alaraq demək olar ki, o, Ermənistanın siyasi, iqtisadi və hərbi baxımdan daha müstəqil bir dövlətə çevrilməsinə çalışır. Bununla paralel olaraq cəmiyyəti daim kənar mərkəzlərdən, xüsusilə Rusiyadan və ya Fransadan asılı vəziyyətdə saxlayan, Ermənistanı xarici təsirlərə açıq hala gətirən radikal dini və radikal milli yanaşmaların yenidən siyasətə qayıtmasının qarşısını almağa cəhd edir. Çünki yaxşı anlayır ki, hakimiyyət dəyişərsə, bu xarici təsirlər yenidən Ermənistanın siyasi həyatına qayıda və ölkəni müxtəlif formalarda şovinizmə sürükləyə bilər. Bu isə bölgədə başlanan normallaşma prosesinə və gələcəyə yönəlik quruculuq addımlarına ciddi zərbə vura bilər. Hazırda Paşinyan öz üzərinə müəyyən bir missiya götürüb. Bu missiya erməni cəmiyyətini sivil dünyaya inteqrasiya etmək, Ermənistan iqtisadiyyatını tam olmasa da, ən azı tək bir mərkəzdən asılılıqdan xilas etməkdir. Siyasi və hərbi baxımdan Ermənistanın tam müstəqilliyə nail olması real görünməsə də, Paşinyan bu asılılığı müxtəlif mərkəzlər arasında bölüşdürərək dövlətin suverenliyini və müstəqilliyini gücləndirməyə çalışır. İndi əsas sual budur: Ermənistan cəmiyyəti bunu nə dərəcədə anlayacaq? Paşinyanın çağırışlarını qəbul edəcəkmi, yoxsa 200–300 il əvvəl formalaşmış, şüurlara yeridilmiş köhnə şovinist ideyalara yenidən yönələcək? Bu sualların cavabını yaxın zamanda iyun seçkilərində görəcəyik. Lakin görünən odur ki, Paşinyan sona qədər bu istiqamətdə siyasətini davam etdirməkdə qərarlıdır. Məhz bu qərarlılıq və ardıcıl cəhdlər onun həm öz cəmiyyətində dəstəyini artıra, görünən odur ki, həm də xaricdən yeni dəstəklər qazanmasına şərait yarada bilər. Bu isə növbəti seçkilərdə də qalib gəlməsi üçün ona real imkanlar aça bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az