- Siyasi müzakirə
- 21:32
- 1 676
“Türkiyə–Ermənistan prosesi Bakı ilə koordinasiyalı aparılır” - Aytən Qurbanova
“İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyə–Ermənistan müzakirələri Azərbaycan–Ermənistan danışıqlar prosesi ilə koordinasiyalı şəkildə həyata keçirilir və bu istiqamətdə Azərbaycanla Türkiyənin ortaq yanaşmaya malik olduğu hər zaman açıq şəkildə ifadə edilib. Digər tərəfdən, cənab Ərdoğanın sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında davam edən danışıqlar çərçivəsində atılan xoş niyyət addımlarının davamlı xarakter alması gözləniləndir. Xüsusilə də 2026-cı ilin ilk aylarında bu istiqamətdə müəyyən addımların atılacağını ehtimal etmək olar”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamanı diqqətçəkən açıqlamalar verib. Türkiyə lideri Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduğunu bildirib, Azərbaycanla dialoq aparmaqla yanaşı, Ermənistanla da normallaşma prosesinin irəlilədiyini qeyd edib. Ərdoğan vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz hazırda tarixi bir mərhələdən keçir və Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımların atılması nəzərdə tutulur.
Siyasi şərhçi bildirib ki, Paşinyan administrasiyası üzərinə götürdüyü öhdəliklərin icrası ilə paralel olaraq seçkiqabağı dövrdə siyasi platformasını məhz sülh konsepsiyası əsasında formalaşdırmağa çalışır.
"Bu baxımdan, məsuliyyətli mövqe nümayiş etdirmək Ermənistanın mövcud hərbi-siyasi hakimiyyəti üçün artıq alternativsiz bir zərurət kimi dəyərləndirilə bilər. Belə olan halda, Azərbaycanın humanist yanaşmalarına və xoş niyyət addımlarına əsaslanan sülh konsepsiyasının daha sürətli şəkildə icra olunması ehtimalı da güclənir. Nəzərə alsaq ki, Azərbaycan üzərindən Ermənistana məhsulların daşınmasına icazə verilməsi, Azərbaycan hava məkanından istifadə etməklə Ermənistana uçuşların həyata keçirilməsi, eləcə də qarşılıqlı əsasda vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun təşviqi istiqamətində görülən tədbirlər bu ehtimalları daha da möhkəmləndirən mühüm amillərdir. Nəticə etibarilə, cəmiyyətlərin sülhə hazırlanması və davamlı sülhün əsasını formalaşdıracaq addımların atılması hazırkı mərhələdə xüsusi əhəmiyyət kəsb edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan–Türkiyə–Ermənistan münasibətlərində həm ikitərəfli, həm də üçtərəfli formatda atılacaq yeni, simvolik xarakterli addımlar regional sülhə ciddi töhfə verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az