Qanunları tam və yaxşı bilməmək məmurları mənəvi məsuliyyətdən azad etmir Qanunları tam və yaxşı bilməmək məmurları mənəvi məsuliyyətdən azad etmir

Şəhid qardaşı Sənanın məsələsi: 6 ay ərzində mənzillə təmin olunmalıdır!

Qanunları tam və yaxşı bilməmək məmurları mənəvi məsuliyyətdən azad etmir

Şəhidimiz Səbuhi Əhmədovun qardaşının gündəmdəki probleminə "ev davası" kimi baxmaq yanlışdır. Bu, dərin bir kommunikasiya böhranıdır. Ancaq bu böhrana və hüquqi məsələlərə toxunmazdan öncə dahi Mirzə Cəlili yada salmaq istəyirəm.

Azərbaycan ictimai fikir tarixində Mirzə Cəlil sıralamaların fövqündə dayanan parlaq bir imzadır. Amma biz bir cəmiyyət olaraq o nadir şəxsiyyəti bir çəkimlik tənbəkini baqqaldan borc götürməyə vadar etmişdik. Borc almağı özünə sığışdırmadığından uşağı ağız açırdı baqqala.

Bir neçə gündür Sənanın məsələsi gündəmdədir. Tutalım, nazirlik səhv edib, məmur lap qələt edib, başını da daşa döyüb, bəs, hanı bu ölkənin iş adamları? Hər birinizdən üzr istəyirəm, bir gözəgəlimli zənən xeylağı bir qarış ətəyini qısaldıb, bir balaca sinəsini açıb heç efirə çıxmasını demirəm, İnstagramda iki-üç şəkil paylaşsaydı, indi 5 otaqlı evi, üstəlik, 100 minlik maşını da vardı.

Bax, bizim cəmiyyətimizin faciəsi budur. Özünü millət uğrunda fəda edənlərə- şəhid olsun, qazi olsun, imza olsun, bəstəkar olsun və s. - sərmayə qoya bilmirik, əlimiz ancaq eyş-işrətə açılır. Amma bu millət həm də Cəlil Məmmədquluzadəni yetişdirib axı. Axı bu millətin Cəlilləri bir çəkimlik tənbəkiyə möhtac qalsa belə, işıqlı gələcək uğrunda qələm çalıblar...

Bu toplum məmur oğlunun 2 milyonluq saatından agahdır.

Bu toplum nazirlərin, icra başçılarının və s. dövlət adına çalışanların milyonlarca qiyməti olan maşın kolleksiyalarından xəbərdardır.

Bu toplum filankəsin nəvəsi, bəhmənkəsin nəticəsdir deyə, sadəcə ingilis dilində qırrıldatdığına görə yuxarı mənsəblərə çəkilən işbilməzləri görür, tanıyır...

Şəhid Səbuhi Əhmədovun qardaşı isə yetimdir. Sözün hər mənasında yetim! O yetimlərdən biri başını heç zaman sığallamamış Vətənə canını fəda edib, o birinin altında gizlənməyə bir uçuq koması da yoxdur.

Dövlət şəhidin nəşini o tək qardaşa həvalə edir, uğrunda canlar fəda olmuş bayrağı şəhidin gözünün ağı-qarası olmuş yeganə doğmasına təqdim edir. Ancaq iş evə çatanda, mənzilə çatanda "sən şəhid ailəsinin üzvü deyilsən" deyə müvafiq qurum əlini daşının altından çəkir.

Heç kim dədəsinin evini, mülkünü bağışlamır şəhid qardaşına! Tikilən ev dövlətin, çəkilən xərc xalqındır. Adama deyərlər sən kimin evini kimə vermirsən?

Mən tam səmimi olaraq bu işdə əsla nazir Sahil Babayevi günahlandırmaq istəmirəm. Azərbaycanın demək olar ki bütün nazirliklərində bivec bir məmur təbəqəsi formalaşıb. Xalqı tanımırlar. Dövlətin məsuliyyətini başa düşmürlər, cəmiyyətdən uzaqdırlar. Öz sosial mənşəyinə görə, Sənanın parklarda gecələdiyi günləri, aclığını, susuzluğunu, bir yuva olmaq arzusunun nəhəngliyini qanacaq deyillər. Hər şeyə formal yanaşırlar.

Bəli, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun var. Həm bu qanuna, həm də bu qanunu əsas alan digər normativ-hüquqi aktlara görə, 18 yaşına çatmış bacı və qardaşlar şəhid ailəsinin üzvü olaraq güzəşt kateqoriyasından çıxırlar. Əgər 23 yaşını keçməməklə ödənişli əsasla bakalavr və magistr təhsili almırlarsa. Uşaq evlərində təhsil və tərbiyə almaq da 18 yaşına qədər güzəşt kateqoriyasına düşür.

Eyni zamanda Mülki Məcəllə var.

Mülki Məcəllədə vərəsəlik məsələləri tənzimlənir, vəfat etmiş şəxsin əri/arvadı, valideynləri, uşaqları BİRİNCİ DƏRƏCƏLİ varis sayıldıqları halda, qardaş və bacıları İKİNCİ DƏRƏCƏLİ vərəsə sayılır.

İşin formal hüquqi tərəfi bir yandan belədir.

Ancaq demokratiyada olduğu kimi, hüquqda da çarə tükənməz. Məşhur bir söz var. Deyir, çobanın könlü olsa, təkədən pendir tutar.

Əvvəla, Səbuhinin başqa kimsəsi olmadığından Sənan Şəhidin yeganə ailə üzvü- vərəsəsidir. Öncə onun bu mülki hüququ tanınmalıdır.

Çünki Mülki Məcəlləyə görə: "Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür".

"Hərbi qulluqçuların statusu haqqında" qanunda isə deyilir:

Maddə 28. Həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi
Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.

Beləliklə, əgər mülki hüquqa görə, Sənan şəhidin yeganə ailə üzvüdürsə, o zaman "Hərbi qulluqçuların statusu" haqqında qanunun müvafiq maddəsinə görə, 6 ay ərzində MƏNZİLLƏ TƏMİN OLUNMALIDIR!

Çünki "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna görə güzəşt kateqoriyasından çıxması, şəhidin yeganə qanuni varisi kimi qardaşının mənzillə təmin olunmaq hüququnu məhdudlaşdırmır.

Bəs, böhran nədən qaynaqlanır?

Böhran ondan qaynaqlanır ki, müvafiq sənədlərlə işləyən məmurlar şablondan kənara çıxmağa, araşdırmağa ərinirlər.

İkincisi, cəmiyyətlə kommunikasiya düzgün qurulmayıb.

Baxın, son partiyada 50 şəhid ailəsinə mənzil verildi. 50 şəhid ailəsi sevindi. Onlar dövləti, hakimiyyəti, prezidenti, naziri yanlarında hiss etdilər. Ancaq verilən 50 mənzil deyil, verilməyən 1 mənzil müzakirəyə səbəb oldu və bununla da hakimiyyətin sosial siyasətinə kölgə düşdü.

Nə istəyir axı bu yetim?

Bircə otaq artıq istəyir ki, ailəsi ilə, qızı ilə heç olmasa bundan sonra bir qədər rahatlıq tapsın.
Azərbaycan sosial dövlətdir. Bu, bizim Ana Yasamızda yazılıb. Bizim bütün qanunlar vətəndaş yönümlüdür, insan yönümlüdür. Qanunları yaxşı bilməyə, heçə saya bilərsiniz, ancaq ŞƏHİD HAQQIna girə bilməzsiniz.

Həm də o şəhidin ki, bizə bircə yetim qardaş əmanət qoyub gedib!

Taleh ŞAHSUVARLI