“Hrapark”ın sualına “AzNews”un cavabı “Hrapark”ın sualına “AzNews”un cavabı

HİKMƏT HACIYEV NƏ DEDİ VƏ ERMƏNİSTAN NİYƏ SUSUR? - REDAKSİYA MƏQALƏSİ

“Hrapark”ın sualına “AzNews”un cavabı

Dünən AzNews.az-da daxil olmaqla ölkəmizdəki əksər media quruluşları Azərbaycan prezidentin köməkçisi Hikmət Hacıyevin müsahibəsini yayımlandı. Hikmət Hacıyev dövlət başçısının xarici siyasət məsələləri üzrə köməkçisi olaraq Ermənistanla aparılan danışıqlarda əsas isimlərdən biridir. Onun müsahibəsi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın manipulyativ açıqlamalarına cavab səciyyəsi daşımaqla yanaşı, bir çox mətləblərə rəsmi mənbə olaraq aydınlıq gətirirdi.

Doğrusu, müsahibəni oxuyanların gəldiyi ilk qənaət məntiqlə o olmalı idi və ekspertlərin sosial şəbəkələrdəki reaksiyasından göründüyü qədər o oldu ki, Azərbaycan prezidentinin köməkçisi rəsmi Bakının mövqeyini kifayət qədər açıq və aydın ifadə edib. Bu, diplomatiyada az rast gəlinən hallardan olsa da, təəccüblü deyildi. Çünki Azərbaycanın Ermənistanla aparılan danışıqlar barədə diplomatik nəzakət qaydalarına əməl olunması xaricində, nəyisə gizlətməyə və necə deyərlər, bazarlıq üçün əl yeri saxlamağa ehtiyacı yoxdur. Dövlət olaraq Azərbaycanın mövqeyi konkret, qəti və hüquqidir. Birlikdə baxaq.

Hikmət Hacıyev xarici siyasət üzrə Prezidentin köməkçisi və sözçüsü olaraq bildirib ki, Vaşinqton danışıqları Brüssel formatında artıq müəyyən edilmiş razılaşdırılmış gündəliyə uyğun olaraq strukturlaşdırılmış formada aparılıb. Strukturlaşdırılmış formada danışıqlar aşağıdakı sahələri əhatə edir:

- Sülh müqaviləsi.

- Sərhədlərin delimitasiyası.

- Kommunikasiyaların açılması.

- İtkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar məsələlər.

Hikmət Hacıyev rəsmi Bakının mövqeyini bir daha ifadə edərək qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın sırf daxili işidir:

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir. Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffalıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər. Vaşinqtonda tərəfimizdən bildirildi ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə uyğun olaraq mütəmadi olaraq BMT və digər təşkilatlara müxtəlif hesabatlar təqdim edir. Bu hesabatlarda Azərbaycan hökumətinin məsələn milli azlıqların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi işlərə dair məlumatlar yer alır. Gələcəkdə həmin bu hesabatlara Qarabağda yaşayan erməni sakinlərinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən işlər də daxil ediləcək”.

Bundan başqa PA rəsmisi bəyan edib:

  • “Söhbət Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış 1000 km-dən artıq sərhəddən gedir və bu sərhədin bir hissəsi 30 ilə qədər Ermənistan tərəfindən işğal altında saxlanılmışdır”.
  • “Danışıqlar zamanı Azərbaycan tərəfi həm də Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələni də qaldırdı. Bundan əlavə, 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq, Ermənistan ordusunun qalıqları hələ də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərindən tam olaraq çıxarılmamışdır”.
  • “Təəssüf ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarını pozaraq kommunikasiyaların açılması ilə bağlı da öz öhdəliklərini yerinə yetirmir”.
  • “Bu günə qədər Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməsi məsələsi həll olunmamışdır. Bu məsələ də Azərbaycan tərəfindən danışıqlarda davamlı olaraq qaldırılır”

Göründüyü kimi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq müstəqil və qalib bir dövlət olaraq masaya qoyduğu təklif və şərtlərdə qonşuları ilə sülh şəraitində yaşamaq istəyən bir respublika üçün təəccüblü və qəbul edilməz bir şey yoxdur. Elə bu səbəbdən də Ermənistan üçün əsas sual özünün Cənubi Qafqazdakı yerini və rolunu müəyyənləşdirməklə bağlıdır. Əgər Ermənistan işğalçılıq siyasətindən, qonşularına qarşı ərazi iddialarından əl çəkmək və barı bundan sonra müxtəlif geopolitik güclərin əlində Cənubi Qafqazda etnik münaqişələr alovlandıran maşa olmaqdan qurtulmaq istəyirsə, Azərbaycanın təkliflərini qəbul etmək ona yeni reallıqlar fonunda yeni imkanlar yaradır. Yox, əgər Ermənistan bir respublika olaraq siyasi zehniyyətindən “dənizdən dənizə” mifini çıxarmayacaqsa və geopolitik dəngələrin dəyişməsindən Azərbaycanla sülh müqaviləsi bağlamadan yeni siyasi status-kvo yaratmaq üçün istifadə edəcəksə, o zaman Azərbaycandan hərbi-siyasi mərhəmət də gözləməməlidir. Bütün bunları nəzərə alanda Hikmət Hacıyevin müsahibəsi ilə rəsmi Bakı tərəfindən Ermənistana verilmiş çox açıq mesajlara qarşı tərəfin reaksiyası maraq doğururdu.

Ermənistan susub. Amma bu susqunluq razılıq əlamətidir, yoxsa rəsmi İrəvanın Bakıya cavab qaytarmağa halının və arqumentinin olmaması? Ermənistanda fəaliyyət göstərən “Hrapark”da bu gün və sərlövhəmizdəki başlıqla yayımlanmış “analitik məqalə” göstərir ki, İrəvan ekspertlərinin ən azı bir qismi “vəziyyəti dəyişmək üçün imkanlar tükənməyib” deyə Nikol Paşinyan hökumətini növbəti eskalasiyaya dəvət edirlər.

Sözügedən məqalədə Ermənistanın “bugünkü Gürcüstan anti-Rusiya təzyiqlərinə boyun əyməyən dövlət təfəkkürünün ən yaxşı nümunəsidir” deyə Azərbaycana qarşı yeni siyasət axtarışı aparılır. Eyni zamanda, “Ermənistan Rusiya-Qərb-İran münaqişəsinin episentrindən çıxarılmalıdır” təklifi ilə “fəlakətə doğru gedən qatarı dayandırmaqdan”, yəni Azərbaycanla sülh sazişi imzalamaqdan imtina siyasətindən söz açılır.

Hər baxımdan yanlış mövqedir. Çünki Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından həm Rusiyaya, həm Qərbə, həm də İrana rəğmən azad edib. Ermənistandan fərqli olaraq Rusiya bizim ölkəmizdə ağa deyil, Azərbaycan öz strateji təhlükəsizliyini gah Qərbə, gah Şərqə vassallıq təklif etməklə yox, öz milli iradəsi və imkanları ilə təmin edir. Bu iradə və imkanlar dövlət identifikasiyasına əsaslanır. Məhz bu dövlət identifikasiyasının yoxluğu səbəbindən Ermənistan heç bir halda və formada nəinki Azərbaycan, heç Gürcüstan da ola bilməz. Çünki Gürcüstan da dövlət olaraq süni deyil, özünəməxsus siyasi ənənələri, identifikasiyası var. Ermənistan isə məhz şimali Azərbaycan xanlıqlarının ərazisində ortaya çıxmış silahlı miqrant təşkilatıdır və bu təşkilatın mayasını Şah Abbasın dövründə Vaspurakandan Səfəvilərin iç bölgələrinə aparılmış erməni icmalarını Qafqaza köçürməklə Rusiya yoğurub. Sadəcə, son dövrlərdə dünyada gedən geopolitik mücadilə Rusiyaya göstərib ki, süni şəkildə formalaşdırılmış Ermənistan “bufer zona” kimi öz əhəmiyyətini tamamilə itirib. Dünyanın yenidən bölüşdürülməsi prosesində bütün qonşularına ərazi iddiası sərgiləyən Ermənistan heç kimə lazım olmayan artıq yükdür. Heç kim, o cümlədən Ermənistan özü bu artıq yükü çəkməyə hazır və qadir deyil ona görə ki, Ermənistanın müstəqilliyi baş tutmayıb. Ermənistanın müstəqilliyinin baş tutmamasının ən əsas səbəblərindən biri də budur ki, ermənilər Qarabağı, Qarabağ isə ermənilərin müstəqilliyini işğal etmişdi. 44 günlük savaşda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Ermənistanı dövlət müstəqilliyi adına hər şeyə sıfırdan başlamağa vadar edir. Çünki ermənilər, obrazlı desək, bığ dalınca gəldiyi Qarabağda saqqallarını da qoyub gedib. Bu, əlbəttə, erməni cəmiyyəti üçün son dərəcə ağır sosial-psixoloji faktdır. Üstəlik o da faktdır ki, Ermənistanın dövlət müstəqilliyi bu dünyada ən çox artıq Azərbaycanın verəcəyi təminatdan asılıdır. Əgər Ermənistan strukturlaşdırılmış danışıqlar modelindən bircə qarış kənara çıxarsa, Azərbaycan bu şansı və təminatı İrəvana verməyəcək.

AzNews.az