Rəşad Dağlının törətdiyi qətlə hüquqi baxış

Zənnimcə, hər bir hüquqşünas ilk növbədə özü-özlüyündə psixoloq olmalı, zərərçəkən və təqsirləndirilən şəxslərlə empatiya qurmağı bacarmalıdır. Eyni zamanda hüquqi nəticələr çıxarılması və məhkəməyə təqdim olunması, məhkəmədə ədalətin təmin edilməsi üçün İŞİN HALLARI hərtərəfli araşdırılmalıdır.

Hazırda prosessual məsələlər barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki Azərbaycan qanunvericiliyində və qanunvericiliyin rəsmi şərhlərində bu kimi məsələlər ətraflı izah olunub.

Məsələn, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında deyilir:

21. Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.

Rəşad Dağlının törətdiyi qətlə bağlı gedən istintaqa qarışmadan, onun hərtərəfli və ədalətli şəkildə aparılacağına inanaraq müəyyən fikirlərimi bölüşmək istəyirəm.

Hadisə ilə bağlı ilk informasiya yayılandan sonra bildirdim ki, R. Dağlının işi CM-nin 122.1 maddəsinə uyğundur.

Hazırda ona 120.1 maddəsi ilə cinayət işi açılıb və bu maddə məhkəmə tərəfindən qəbul olunub, təqsirləndirilən şəxs barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Bu müddət istintaqın aparılması üçündür. Sonradan uzadıla və ya istintaq daha tez yekunlaşa bilər.

Cinayət işinin ilkin olaraq CM-nin 120.1 maddəsi ilə açılması umumən doğrudur, çünki ortada qətl hadisəsi var, lakin məhkəmə-tibb ekspertizasının rəyi yoxdur. İstintaq zamanı qətlin açılacaq təfərrüatlarına əsasən maddə dəyişdirilə bilər.

Bu gün "Report" İnformasiya Agentlıiyi qətlin təfərrüatları ilə bağlı hüquq-mühafizə orqanlarıdakı qaynaqlarına əsasən məlumat yayıb. Məhz o məlumatlara əsaslanaraq hesab edirəm ki, ehtimalım və qənaətim doğrudur, ittiham maddəsi 122.1-ə dəyişdirilməlidir.

Rəşad Dağlı ölkənin populyar şəxslərindən biridir, maddi təminatı yerindədir, əvvəllər cinayət törətməyib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı çıxışlar edib və öz sənəti ilə bağlı İran İslam Respublikasının "5-ci kolonu"nun qəzəbinə tuş gəlib.

Zənnimcə, istintaq bu sonuncu məsələni xüsusi araşdırmalıdır və araşdıracaq. Ancaq bütün hallarda Rəşad Dağlının yerində və vəziyyətində olan kimsə qətl törətmək, başqasının həyatına son qoymaq, özünün həyatını və karyerasını məhv etmək, ailəsini məhrumiyyətlərə sövq etmək istəməz.

Bu da o deməkdir ki, Rəşad Dağlının hərəkətində XİLİQANLIQ elementi yoxdur və o, ƏVVƏLCƏDƏN ÖLDÜRMƏ NİYYƏTİyndə ola bilməzdi. KİV-də yayılan məlumatlara görə, o, məhkəmədə təsdiq edib ki, mərhumla görüşərkən qətl niyyətində olmayıb.

Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə TƏQSİRKARIN NİYYƏTİ ÖNCƏDƏN, PLANLI ŞƏKİLDƏ zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməlidir.

Yayılan məlumatlardan görünür ki, qətlə yetirilmiş şəxs əvvəllər məhkum olunub və azadlığa çıxsa da, qanunun tələblərinə əsasən məhkumluğu üzərindən götürlməyib.

Mərhum azadlığa çıxdıqdan sonra Rəşad Dağlını narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı çıxışlarına görə təqibə və təzyiqə məruz qoyub. Ondan pul istəyib, ləyaqətini alçaldıb və barəsində şantaj xarakterli məlumatlar yayacağını bildirib. Dağlı məhz onun növbəti zəngindən sonra görüşərək məsələni dinc yolla qaydasına qoymaq istəyib.

Bu zaman ağır söyüşə və həyati riskə məruz qalıb (zərərçəkmişin əlində bıçaq olub) və məhz zərərçəkmişin əlindəki bıçaqla onu davamlı təzyiq göstərən şəxsə ilk zərbəni vurub.

Bundan sonra Rəşad Dağlı baş verənləri xatırlamır. Bu da onun həmin anda affekt vəziyyətində olduğunu göstərir.

Qəsdən adam öldürmə hadisəsində zərərçəkmişə çoxsaylı xəsarət yetirilməsi bütün hallarda əməlin xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməsinə səbəb olmur:

"Qanunun mənasına görə xüsusi amansızlıq əlaməti ilə qəsdən adam öldürmə zamanı subyekt onun tərəfindən seçilən üsulun zərərçəkmişə xüsusi ağrılar verdiyini dərk edir və bunu arzu edir. Başqa sözlə, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilir".

Eyni zamanda, təqsirləndirilən şəxs hadisədən sonra könüllü polis idarəsinə gələrək təslim olub.

"Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" AR Ali Məhkəməsinin 12 dekabr 2002-ci il qərarında deyilir:

4. Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.

Göründüyü kimi, əgər hadisədə CM-nin 122.1 maddəsindəki hallar varsa, iş üzrə 120.1-lə ittiham verilə bilməz.

Cinayət Məcəlləsinə baxaq:

Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə

122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə-

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Taleh ŞAHSUVARLI