İrəvanın Türkiyədəki seçkilərdən gözləntiləri puç olacaq - ŞƏRH

44 günlük savaşda qəti yenilgiyə uğrayan Ermənistanda bir çox siyasi texnoloqlar Nikol Paşinyana hər zaman onu məsləhət görürdülər ki, bütün mümkün vasitələrdən istifadə edib Azərbaycanla sülh sazişi imzalamaqdan yayınsın.

Bu da təsadüfi deyildi.

Sirr deyil ki, Azərbaycanın zəfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ciddi rolu olub.

Savaş boyunca rəsmi Bakıya qarşı təzyiqlərin dəf edilməsində Ərdoğanın bütün dünyanı qarşısına alması, prezident Əliyevə və Azərbaycan ordusuna, diplomatiyasına birmənalı dəstək verməsi müharibənin əsgərlərimiz Şuşaya girmədən tamamlanmasına imkan vermədi.

Elə bu səbəbdən də Ərdoğan Azərbaycanda hər kəs tərəfindən sevilən, təqdir olunan bir dünya lideridir.

Bununla belə, erməni propoqandası Azərbaycanın cəng meydanında qazandığı zəfərdə Türkiyənin rolunu şişirdərək təqdim etməyə çalışıb. Bu şişirdilmiş propoqandanı aparanlar erməni cəmiyyətinə onu aşılamağa çalışıblar ki, əgər Ərdoğan Türkiyədə iqtidardan gedərsə, Azərbaycana qarşı revanş imkanları güclənəcək.

Elə bu səbəbdən də erməni siyasi texnioloqları Nikol Paşinyana vaxt udmağı tövsiyyə edirdilər.

Oxşar fikirlər Azərbaycanda da mövcuddur.

Türkiyədə növbəti parlament və prezident seçkilərinin mayın 14-də keçirilməsi nəzərdə tutulur.

Seçkilərin favorit partiyası hakim "Ədalət və İnkişaf", ən şanslı namizəd prezident Ərdoğandır.

Türkiyədə bu ay aparılmış sosioloji sorğulara görə, AKP-nin parlament seçkilərində elektoral dəstəyi 40 faizdən az olmayacaq.

Bu halda hazırkı hakim partiyada pralemtdə əsas siyasi qüvvə olmaqda davam edəcək.

Bu, olduqca vacib nüansdır, niyəsini sonda deyəcəm.

Prezident seçkilərində isə vəziyyət fərqlidir.

Ərdoğanın şəxsi səsləri hər zaman partiyasından daha yüksək olub.

MHP ilə birlikdə ilk turda "50+" səs toplamağa Ərdoğanın böyük şansı var.

Əlavətən, "6-lar" masasının dağılması və bunun elektorata təsiri müxalif düşərgədə ruh düşkünlüyünə səbəb olması Ərdoğan üçün məsələni ilk turda həll etməyə əla fürsət yarada bilər.

Odur ki, "6-lar"ın namizədlə bağlı verəcəyi qərar və bu qərarın seçicilər tərəfindən nə qədər mənimsənilməsi olduqca ciddi amildir.

İndiki şərtlər daxilində müxalifətin namizədi olacaq isim CXP lideri Kamal Qılıncdaroğlu görsənir.

Adı potensial iddiaçılar arasında göstərilən Ankara Böyük Şəhər Bələdiyyəsinin CXP üzvü olan başqanı Mansur Yavaş Qılıncdaroğluna xeyir-dua verməklə yarışda iştirak etməyəcəyini açıqlamış oldu.

Kamal Qılıncdaroğlu, yoxsa Əkrəm İmamoğlu?- "6-lar masası"nı məhz bu sual parçayala bilər.

İYİ partiyanın başqanı Meral Akşener müxalifətin vahid namizədinin İstanbul bələdiyyəsinin başqanının olmasını təklif edir. Ancaq Kamal Qılıncdaroğlu da namizəd olmamaq üçün bir əsas görmür.

Qılıncdaroğlu ələvidir.

Bir ələvi Türkiyə prezidenti ola bilərmi?

Bir zamanlar ABŞ-da ağ və qara dərililər arasında kəskin qarşıdurma vardı. ABŞ "dərin dövləti" Barak Obamanı prezident kürsüsünə yönəltməklə cəmiyyətin birləşməsi yönündə strateji addım atdı.

Bənzər taktika Türkiyədə Qılıncdaroğlu vasitəsi ilə həyata keçirilə bilər.

Eyni zamanda, kürdlərin də çoxu ələvi olduğundan, bu nüans Qılıncdaroğluna Anadolunun cənub-şərqindən kütləvi səs gətirə bilər.

CXP-nin bəlli bir seçiçi kütləsi var. Atatürkün partiyasının dayanıqlı elektoratını, İYİ partiyanın 15 faizi aşan reytinqini, HDP-nin heç bir halda 10 faizdən az olmayacaq səslərini və digər xırda partiyaların dəstəkçilərinin cəmi Qılıncdaroğluna da ilk turda səsvermədən qalib ayrılmağa şans yaradır.

Üstəlik, seçkilərdə ilk dəfə səs verəcək "Z" qurşağı- təxminən 6 milyon nəfər- müxalifətin adayına meyillidir.

Beləliklə, hər iki düşərgənin namizədinin ilk turda qalib gəlmək şansı olduğu kimi, ikinci turda da amansız rəqabət aparmaq üçün imkanları genişdir.

Bir tərəfdə elektorat "Ərdoğan uduza bilər" qayğısı ilə mobilizasiya olunacaq, digər tərəfdə isə narazılar "şansı yaxalamışıq" deyə yüksək motivasiya ilə hərəkət edəcəklər.

Təhlillər göstərir ki, seçkinin qalibini əsasən üç amil müəyyən edəcək.

1) İqtisadi amillər. Müxalifət bahalaşmanın və dolların sıçramasının qarşısını alacaq proqramlar ortaya qoya və seçiciləri öz vədlərinə inandıra bilsə, önə keçmək şansını böyük ölçüdə artıracaq.

2) Növbəti hakimiyyətin ardıcıl və dayanıqlı olacağına seçicilər inanmalıdır. Müxalifətin namizədi seçkiləri udmaq üçün siyasi spektrin böyük bir hissəsindən səs almağa məhkumdur. Bu da Türkiyədə yeni hökumətin koalisiya şərtləri ilə qurulmasını diktə edir. Koalisiya elan edilmiş proqramlara nə qədər sadiq qalacaq və ideoloji fərqləri böyük olan partiyaların, liderlərin aralarında çıxacaq ixtilaflar hakimiyyətdə necə çözüləcək? Bu suala Türkiyə seçiciləri indidən məqbul cavablar almalıdırlar.

3) Müxalifətdən ola biləcək yeni prezidentin milli duruşu çox önəmlidir. Ərdoğan gərəkəndə ABŞ-ı, gərəkəndə Avropanı, gərəkəndə Rusiyanı və digər böyük gücləri qarşısına alıb, amma Türkiyənin milli maraqlarından geri çəkilməyib. Eyni prinsipiallığı Azərbaycanla münasibətlərdə, Qarabağ məsələsində də göstərib. Türkiyədə hakimiyyət dəyişərsə və bu dəyişiklik Türkiyə dövlətinin milli duruşunu zədələyərsə, hökumət böhranları qaçılmaz ola bilər.

Bir anlıq fərz edək ki, Türkiyədə hakimiyyət dəyişdi. Bu zaman Ərdoğan ana müxalifət lideri olaraq səhnədə qalacaq və əgər ölkə yenidən parlamentar sistemə keçərsə, Baş nazirlik üçün əsas iddiaçıya çevriləcək.

Əgər indiki müxalifətin quracağı hökumət çoxrəngliliyi səbəbindən Azərbaycanla bağlı məsələlərdə prinsipial mövqe tutmayacaqsa, Ərdoğan və onun parlamentdə birincilik qazanmış partiyası Türkiyənin yeni iqtidarını basqı altında saxlayacaq.

Odur ki, Azərbaycanda kimsə narahat olmasın, Ermənistanda da kimsə əbəs xəyallara düşməsin:

Türkiyədə iqtidar dəyişsə belə, Azərbaycana münasibət dəyişməyəcək!

Sonda bir məqama da toxunum.

Heç şübhəsiz Türkiyədəki seçkilər sosial şəbəkələrin Azərbaycan seqmentində də geniş müzakirə olunacaq. İnsanlarımız istər-istəməz bu prosesə reaksiya verəcək. Eyni zamanda bu prosesdən Azərbaycanla Türkiyənin arasını vurmaq üçün istifadə edəcəklər. Ancaq bir şeyi bilməliyik. Seçimi biz deyil, qardaş Türk milləti edəcək. Ərdoğana səs verəcək, onun rəqubinə səs verəcək, bu, Türk millətinin tərcihidir. Bizim tərcihimiz qutuda əks olunan milli iradəyə sayğı göstərməkdir. Bəli, Ərdoğan Azərbaycan üçün sınaqdan çıxmış liderdir. Sayğımız sonsuzdur. Ancaq CXP də Atatürkün partiyasıdır. Qılıncdaroğlu da, Akşener də Azərbaycanı sevən insanlardırlar. Onları qaralamaq olmaz. Ərdoğansız Türkiyənin Azərbaycanın yanında olmaması ermənilərin arzusudur. Ancaq Türkiyə Atatürk milliyyətçiliyini Ana Yasasına yazmış bir ölkədir. Azərbaycan məsələsinə həssaslıq Türkiyənin varlığından doğur.

Türkiyə-Azərbaycan ittifaqı heç bir halda sarsılmayacaq!

Taleh ŞAHSUVARLI