- Müşahidə məntəqəsi
- 27 Noyabr 23:30
- 972
“11 illik tədris yükü abituriyent üçün çox ağırdır” - Ramin Nurəliyev
"Ümumiyyətlə, bizim reallığımız budur ki, şagirdlər hədsiz dərəcədə tədris proqramından yüklənirlər. İstər aşağı siniflərdə, istərsə də yuxarı siniflərdə, hətta ali təhsil müəssisələrinə qəbul imtahanları istiqamətində ciddi yüklənmə mövcuddur. Xüsusilə şagirdlərin və valideynlərin ən çox narazı olduğu məsələ məktəb çantasının ağır olmasıdır. Məsələn, 5-6-cı sinif şagirdi dərsliklər, testlər, dəftərlər və gündəliklərlə o qədər yüklənir ki, çantanın daşınması praktiki olaraq çox çətin olur. Bu da valideynlər üçün ciddi narahatlıq doğurur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Qeyd edək ki, Azərbaycanda məktəbli və lisey şagirdlərinin üzləşdiyi tələblər yalnız məktəb proqramı ilə məhdudlaşmır. Valideynlərin yüksək gözləntiləri və əlavə dərslərə, repetitorlara qoyulan tələblər gənclərin üzərində ciddi psixoloji və akademik yük yaradır. Bu yük, bir tərəfdən şagirdin akademik göstəricilərinə təsir edirsə, digər tərəfdən onların sosial və emosional inkişafını da riskə atır. Son illərdə aparılan araşdırmalar göstərir ki, “mükəmməl uşaq sindromu” adlandırılan fenomenin artması valideyn təzyiqi ilə birbaşa bağlıdır və uşaqların yaradıcılıq, motivasiya və özünə inam səviyyələrini aşağı sala bilir.
Ekspert bildirib ki, yuxarı siniflərdə də vəziyyət oxşardır.
"Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları çətin suallarla hazırlanır, abituriyentləri daha çox çalışmağa və hazırlaşmağa məcbur edir. Bizdə 5 fənn, bəzi qruplarda isə 6 fəndən ali məktəbə qəbul həyata keçirilir. Bu, abituriyentin 5-ci sinifdən 11-ci sinifə qədər olan 7 illik proqramı əhatə edən bir yük deməkdir. Düşünün, sertifikasiya imtahanına girən müəllimlər bir fənn üzrə 50% nəticəni göstərə bilmirsə, 11-ci sinif şagirdinin 5-6 fəndən hazırlaşaraq eyni proqramı mənimsəməsi nə qədər ağır bir yüklə nəticələnir. Bu, həqiqətən də böyük bir problemə çevrilib. Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarında fənn sayını azaltmalı və ya proqramda tənzimləmə aparmalıdır. Bu, mütləqdir. Universitetə qəbul çox çətindir, amma universiteti bitirmək asandır. Əslində isə proses əks olmalıdır – universitetə qəbul asan, universitetdə təhsil çətin olmalıdır. Çünki gənclər universitetdə gələcək karyeralarını qurur və əmək bazarına hazırlıq məhz bu mərhələdən başlayır. Bizdə isə şagirdlər 11-ci sinifdə artıq ciddi yüklənmiş vəziyyətdə universitetə daxil olur, bu isə onların universitetdə dərslərə marağını və səylərini azaldır. Qəbul prosesi fevral ayında başlayır, imtahanlar aprel-may aylarında keçirilir, avqustda ixtisas seçimi baş verir, sentyabrda dərslər başlayır. Bu ritmdə şagirdlərin yetərli dərəcədə istirahət etməsi mümkün deyil. Nəticədə abituriyent universitetdə artıq yorğun halda dərslərə başlayır və bu da onların təhsil prosesində nəticələrinə mənfi təsir göstərir. Orta məktəbdə abituriyentlər dərslərə daha ciddi yanaşır, amma universitetdə eyni səylə davam etdirə bilmirlər. Beləliklə, şagirdlərin ciddi yüklənməsinin qarşısı alınmalı və qəbul proqramında tənzimləmələr aparılmalıdır ki, gənclər universitetdə daha motivasiyalı və məhsuldar təhsil ala bilsinlər".
Rəfiqə Namazəliyeva,
AzNews.az