Laçın yolunda Keçid və Nəzarət Məntəqəsi: Rusiya üçün paradiqma testi

Qarabağdakı son son gəlişmələrdən, əminəm ki, hər biriniz agahsınız.

Mart ayının 25-də şanlı ordumuzun, komandolarımızın peşəkarlığı və müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti sayəsində erməni separatizminə və revanşizminə daha bir sarsıdıcı zərbə vuruldu.

Xankəndi və Laçın arasındakı əsas yolun Şuşanın altından keçən hissəsində ekoloji tələblərlə davam edən aksiya Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah-sursat daşınmasının qarşısını alıb. Ekoloji yönümlü QHT-lərimizin, gənclər təşkilatlarımızın, ictimai fəalların magistral yolda ictimai nəzarət yaratmasından sonra Ermənistandan hərəkət edən hərbi yüklü maşınlar Rusiya Sülhməramlı Kontingentinin nəzarətində olan Laçın dəhlizinə girdikdən sonra Şuşa şəhərinin altından keçmir, aksiya meydançasına daxil olmur və qrunt yollarla Xankəndiyə girirdilər. Azərbaycan Müdafiə Nazirliyinin gündəlik məlumatlarına nəzər saldıqda bəlli olur ki, Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşmişdi. Bu daşımalar, xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirilirmiş.

Azərbaycan Müdafiə Nazirliyi onu da dəfələrlə bəyan edib ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilib. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunub.

Azərbaycanın çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün heç bir zəruri tədbir görülməyib.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Beləliklə, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yolu artıq ordumuzun nəzarətindədir.

Görülən lokan zəruri nəzarət tədbirlərindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yaydı. Həmin açıqlamada növbəti dəfə vurğulandı ki, Ermənistan bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını deyil və Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.

İndi əsas sual budur: Azərbaycan öz ərazilərində bölünməz suveren hüquqlarından istfadə edərək sərhəd-keçid və nəzarət məntəqəsi yaratmasına mane olan nədir?

Ermənistan Azərbaycanın öz torpaqlarında SKN məntəqəsi yaratmasına heç bir halda mane ola bilməz, İrəvanın bu niyyətin əleyhinə çıxması milçək vızıltısından savayı bir şey deyil. Ermənistanın hərbi hücum təşkil edib həmin məntəqəni sıradan çıxarmağa cəsarəti belə çatmaz. Bu həmlənin bədəlini ermənilər Azərbaycan ordusuna İrəvanda və İrəvanla ödəyər. Əgər Ermənistan öz vətəndaşlarının quraşdıracağımız SKNM-dən keçməsini məsləhət bilmirsə, çox pakizə, Azərbaycana adlamasınlar.

Bu məsələdə Xankəndidəki cinayətkar çətəyə də düşəcək bir söz yoxdur. Onların yeri məhbəsdir və qandallanıb Bakıya gətirilməli, törətdikləri saysız hesabsız cinayətlərə, terrora, ərazi bütövlüyümüzə qəsdə görə Azərbaycan məhkəməsi qarşısında cavab verməlidirlər. Qarabağdakı hərbi xuntanın girovu olan ermənilərin Ermənistanda hər hansı bir işi varsa, SKNM-dən keçməklə buyurub getsinlər və dönsünlər.

Beləliklə, məlum olur ki, Laçın yolunun son nöqtəsində- Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılmasına mane olan Rusiyadır.

Üçtərəfli Bəyanata əsasən Laçın dəhlizinə müvəqqəti nəzarəti məhz Rusiya Silahlı Kontingenti həyata keçirir və rəsmi Bakı Rusiya ilə münasibətləri pozmamaq xatirinə “sülhməram”lıların nəzarət zonasına zorla girmək istəmir. Ancaq bu, Azərbaycan dövlətinin öz suverenliyindən vaz keçməsi anlamına gəlmir, bütün beynəlxalq öhdəliklərinə, o cümlədən Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü məsuliyyətə sayğısını ifadə edir.

Üçtərəfli Bəyanat isə Azərbaycanın sözügedən koordinatlarda SKNM quraşdırmasını istisna etmir. Belə ki, sənədin 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verib. Bu bənd üzrə ölkəmizin “maneəsiz”, yaxud “nəzarətsiz” hərəkətə şərait yaradacağı ilə bağlı öhdəliyi yoxdur.

Digər tərəfdən, Üçtərəfli Bəyanatın imzalanmasından keçən müddət göstərir ki, dəhlizin ucunda SKNM olmaması bölgədə eskalasiya riskini artırır, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizlik maraqlarına əsaslı təhdidlər yaradır. Bu təhdidlər Üçtərəfli Bəyanatın barışıq fəlsəfəsinə də, Rusiya hərbiçilərinin rəsmi sülh yaratmaq məramına da ziddir.

Nəhayət, reallığın şərtlərinə uyğun olaraq məzmununa zidd olmayan məsələlərdə Üçtərəfli Bəyanatla bağlı praktiki dəyişikliklər edilməsi də gerçəklikdir. Məsələn, 2020-ci ildə Ermənistanın işğal etdiyi rayonlardan Bəyanata əsasən çıxış qrafiki dəyişdirildi.

Açıq danışsaq, Rusiyanın ən böyük marağı Üçtərəfli Bəyanatın müddətinin tamamlanmasından sonra daha 5 il bölgədə qalmaqdır. Əgər Kreml texnoloqları zənn edirlərsə ki, faktiki olaraq erməni separatizmini dəstəkləməklə, Üçtərəfli Bəyanata zidd olaraq işğalçı erməni qoşunlarının Qarabağda demilitarizasiyasına imkan verməklə və silahlı çətələri hərbi baxımdan təchiz etməklə bu məqsədlərinə nail olacaqlar, əlbəttə, çox böyük səhv edirlər. Odur ki, sözügedən SKNM-in yaradılması istər səthi, istərsə də dərindən yanaşanda Rusiya üçün problem olmamalıdır. Rusiya məsələyə “Ermənistanın mövqeyi”ni bəhanə edərək də baxmamalıdır. Çünki Ermənistan Azərbaycan ərazisində nə hərəkətin tənzimlənməsinə qərar verə bilər, nə də hansısa xarici qoşunun qalıb-qalmamasına. Ümumiyyətlə, Rusiya özünü ona hazırlamalıdır ki, hərbi bölmələri 2025-ci ildə dəfə-darağını da yığışdırıb Qarabağı tərk edəcək. Əgər hər hansı səbəbdən bu müddət uzanacaqsa, rəsmi Bakı bu yöndə artıq Ermənistansız sözləşmə imzalamalıdır. Yəni hər iki halda Ermənistan Azərbaycan ərazisindəki məsələlərə müdaxilə etmək imkanından məhrum olmalıdır və olacaq.

Laçın dəhliizinin başlanğıcında SKNM quraşdırılması Rusiyanın həm Azərbaycanla münasibətlərində, həm də Qarabağdakı ermənilərinin reinteqrasiya prosesində paradiqma testidir. Odur ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinin və insani hüquqlarının qorunmasının tək və alternativsiz təminatçısı Azərbaycan Respublikasıdır. SKNM vasitəsi ilə Ermənistandan bölgəyə hərbi təyinatlı yüklərin ixrac edilməsinin qarşısının alınması reinteqrasiya prosesinin sürətlənməsi deməkdir. Rusiya Sülhməramlı Kontingentinin Qarabağdakı mövcudluq səbəbi ən azından rəsmən Azərbaycanın mülki erməni vətəndaşlarının post-müharibə dövründə, qısa bir zaman aralığında güvənliyini təmin etməkdir. Madam ermənilər Şuşa yolundakı aksiyanın dayandırılmasını arzulayırlar, o zaman Ağdərə mədənləri ilə bağlı tələblər yerinə yetirmək zorundadırlar. Həmçinin bu arzuya RSK da qoşulursa, onda Laçın dəhlizində SKNM qurulmalıdır.

Əks halda, müstəqil dövlət olaraq Azərbaycanın İrəvana və Xankəndiyə təzyiq etmək üçün əlində yetərincə rıçaqlar var. Məsələn, Xankəndidə qanunsuz fəaliyyət göstərən bankların SWIFT-dən çıxarılması üçün beynəlxalq səviyyədə məsələ qaldırmağın zamanı çoxdan çatıb.

Taleh ŞAHSUVARLI