"Nərimanov" stansiyasında üzə çıxan neobolşeviklər

Biz Nəriman Nərimanovun savadını, təhsilini, ziyalılığı dartışmırıq.

Biz Nəriman Nərimanovun ədib və publisist kimi fəaaliyyətindən bəhs etmirik.

Biz Nəriman Nərimanovun insanlığı və həkimliyi barədə də fikir söyləmirik.

Hərçənd bunların hamısı bir tarixi şəxsiyyətin bioqrafiyası və fəaliyyəti kimi araşdırma və müzakirə mövzusudur.

Biz nə deyirik?

Biz onu deyirik ki, Nərimanov Azərbaycanın tarixi şəxsiyyətlərindən biridir.

Sovet Azərbaycanına ilk dönəmdə rəhbərlik edib.

Fəqət sovet Azərbaycanına rəhbərlik etmək üçün bolşeviklər onu qeyri-siyasi sahədən seçib tarixi şəraitin önünə atmayıblar.

Nərimanov 28 aprel 1918-ci ildə Azərbaycanı işğal etməyə gələn və adına "11-ci Qızıl Ordu" deyilən rus işğalçılarının qatarına zorla mindirilməyib.

O, solçu və bolşevik olub.

Solçu olmaq, kommunist olmaq ideya məsələsidir.

Tədqiqatçı alim Firdovsiyyə Əhmədovanın solçuluq və kommunizm ideologiyasını Nəriman Nərimanovu məsum çıxarmaq üçün xırdalamasına da gərək yoxdur.

Əgər Nərimanov Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasi sistemində solçuluq, kommunistlik etsəydi, buna kimsənin etirazı ola bilməzdi.

Amma iş ondadır ki, Nərimanov sağ platformaya opponentlik etməyib, Azərbaycanın istiqlalına qənim kəsiib, Xalq Cümhuriyyətinin hökumətinə, siyasi proqramlarına qarşı deyil, varlığına, mövcudluğuna qarşı çıxıb.

Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyliyə yazdığı məktub ortadadır.

Bu gün AzNews.az analitik-informasiya portalı olaraq yaydıq, kim oxumayıbsa, tapıb bəhrələnə bilər.

Bu məktubunda Nərimanov Azərbaycanın istiqlalı uğrunda mücadilə aparan düşərgəyə təslimçilik aşılayır, köləlik təbliğ edir, milli dövlətçilikdən imtina edib bolşeviklərin əlaltısı olmağı təklif edir, bütün bunlarla da kifayətlənməyib "proletariat məhkəməsi" ilə təhdid edir.

Bəziləri sual verirlər: Nərimanov olmasaydı, Zəngəzur ermənilərə verilməyəcəkdimi?

Əlbəttə, veriləcəkdi!

Çünki işğalçı bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini yıxıb yerində kukla bir rejim düzəltmişdi.

O marionet rejimin başında Nərimanov da, Mirzə Davud Hüseynov da, bir başqası da dursaydı, Lenin Azərbaycan əraziləri hesabına Ermənistanın torpaqlarını genişlədəcəkdi.

Fəqət məsələ budur ki, Lenindən, bolşeviklərdən, Rusiyadan asılı Azərbaycan məhz Nərimanovun arzusu, siyasi qayəsi idi.

Müstəqil Azərbaycan dövlətinin sıradan çıxarılması, torpaqları, sərvətləri, əhalisi barəsində Rusiyadan fərman verilməsi Nərimanovun siyasi amalı və fəlsəfəsi idi.

Biz bu siyasi kimliyə, Azərbaycanın milli dövlət konsepsiyasına zidd olan köləlik yoluna qarşıyıq.

Deyirlər ki, Nərimanov aldanmışdı.

Nə aldanması, adamlar, adam az qala 20 il bolşevizm uğrunda mübarizə aparmışdı.

1918-ci ilin martında nədən barmağını dişləyib də Şaumyanların, Leninlərin Azərbaycana səadət deyil, bəla gətirdiyini anlamadı?

Budurmu onun siyasi mahiyyəti və uzaqgörənliyi?

Mənsub olduğun xalqın əlinə tarixi fürsət keçib, milli istiqlal elan olunub, ən ağır şərtlər altında dövlət quruculuğu həyata keçirilir, biliyindən, nüfuzundan istifadə edib fəhlə sinfini cümhuriyyətin müdafiəsinə cəlb etmək əvəzinə, Nəsib bəy Yusifbəyli kimi kişilərə "meşşan" deyib xalqı yenidən boyunduruq altına səsləyirsən.

Sonrakı peşimançılıq cümhuriyyəti bərpa edirmi?

Sonrakı peşimançılıq Zəngəzuru geri qaytarırmı?

Sonrakı peşimançılıq Stalin repressiyalarında məhv edilən Azərbaycan ziyalı nəslini, milli və vətənpərvər qüvvələrini, aristokratiyasını həyata döndərirmi?

Tarix heç zaman indiki zamana məxsus olmur. İndiki zamanda yaşanan proseslər o zaman tarixə dönür ki, nəticələr üzə çıxsın.

Zəngəzurun verilməsi, Mustafa Kamal Atatürkün sayəsində son anda xilas edilsə də, Naxçıvanın Ermənistanın "ayrılmaz parçası" kimi tanınması, Qarabağa İrandan köçürülmüş ermənilərinə "milli müqəddarat haqqı" verilməsinin Nərimanov tərəfindən bəyan olunması NƏTİCƏ idi. Bu nəticənin ortaya çıxmasındakı roluna görə Azərbaycanın milli-elmi məfkurə sahibləri, xüsusən də Topçubaşov işığından güc alanlar heç zaman Nərimanovu qəbul etməyəcək, onun milli dövlətimizə tarixi xəyanətlərinə haqq qazandırılmasına imkan verməyəcəklər.

Azərbaycan torpaqlarının bir qarışını belə erməniyə ərmağan etmişlərin bizim düşüncə sistemimizdə müsbət yeri yoxdur.

Ancaq çox təəssüf ki, məsələ bu qədər də sadə deyil.

Sosial şəbəkələrdə gedən müzakirələr göstərir ki, Nərimanovun Azərbaycan ərazilərini düşmənə peşkəş çəkməsinə "tarixi şərait" bəhanəsi ilə haqq qazandırmaq istəyənlər ilk növbədə özünü "Məmməd Əmin Rəsulzadə yolunun yolçusu" adlandıranlardır.

Sən demə bunlar zaman tunelinin "Nərimanov" stansiyasına qədər müsavatçı, həmin stansiyadan sonra neobolşevik imişlər.

Demişik, dəfələrlə yazmışıq, bu həmin qaragüruhdur ki, heç zaman Məmməd Əmin Rəsulzadəni, Xalq Cümhuriyyətini doğru-dürüst öyrənməyiblər və araşdırmayıblar. Onların Rəsulzadəçiliyi də, cümhuriyyətçiliyi də, müsavatçılığı da saxtadır.

Tarixi Müsavat sol mərkəzçi partiya olduğu halda, yaxasını cıranların hamısı sağçıdır.

Rəsulzadə konfedaralist olsa da, hər biri unitaristdir.

Amma bütün bunlar toya getməli imiş.

Artıq aydın olur ki, Cümhuriyyətlə bağlı əlamətdar günlərdə Rəsulzadənin portreti arxasında gizlənənlər ilk fürsətdə elə Müsavatın ilk başqanının milli istiqlala xəyanətdə ittiham etdiyi Nərimanovun pərəstişkarları imişlər.

Məşhur bir cəbhəçi vardı, Ülvü Həkimov, belələrinə "sezonşiklər" deyirdi... Bu cür "sezonşiklər"ə görə, "tarixi şərait"dən asılılığı bəhanə edib millətə, dövlətə qarşı hər cür fəaliyyəti sığortalaya bilərsən.

Paradiqmanı düz müəyyən etmək lazımdır.

Paradiqma düz müəyyən ediləndə bütün daşlar yerinə oturur və kimsə haqsız ittihama məruz qalmır, əsl qiymətini alır.

1917-ci ilin payızında Azərbaycandakı (indi deyəcəklər ki, o zaman "Azərbaycan" termini işlənmirdi, xeyr işlənirdi!- T.Ş) Milli Komitələr Müəssislər Məclisi çağırmaq barədə qəbul etmişdi. O qərarla birlikdə iki yol meydana çıxmışdı: Ya Azərbaycan Rusiyadan bağımsız olacaq, ya da yenidən Rusiyanın müstəmləkəsinə çevriləcək.

Ə.M.Topçubaçov müstəqillik yolunu seçmiş, hələ Qafqaz Müsəlmanları Qurultayında KADET-lərdən ayrılmışdı. Çünki KADET-lər Rusiyanın unitarlığına tərəfdar çıxıb milli muxtariyyət haqlarını tanımaq istəmirdilər.

Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov və dövrün bir çox samballı isimləri də milli istiqlal xəttini tutmuşdular.

Ən müxtəlif siyasi cərəyanlar, axınlar Milli Şurada birləşərək 28 may 1918-ci ildə Azərbaycanın istiqlalını elan etdilər.

Bu milli platformaya qarşı çıxan anti-Azərbaycan düşərgəsi isə Şaumyanlardan, Orconikidzelərdən, Məşədi Əzizbəyovlardan, Nəriman Nərimanovlardan, Əliheydər Qarayevlərdən ibarət idi.

Nəriman Nərimanovun milli-elmi düşüncədəki yeri də elə onların yanıdır.

Elə heykəllərinin də!

Taleh ŞAHSUVARLI

Close menu