Türkiyə seçkilərində Azərbaycan amili: Ərdoğan və Oğanı birləşdirən körpü

Dünən qardaş Türkiyədə tarixi seçim başa çatdı. Bu məqalənin yazıldığı dəqiqələrdə açıqlanmış son rəqəmlərə görə, prezidentliyə namizədlərdən Rəcəb Tayyib Ərdoğan 49,5, ana müxalifət lideri Kamal Qılıncdaroğlu 44,8, əslən azərbaycanlı olan milliyətçi Sinan Oğan 5,1 % səs toplayıb. Xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsləri tam sayılmadığından seçkinin ilk turda Ərdoğanın lehinə bitməsi nəzəri cəhətdən mümkün olsa da, praktiki olaraq Türkiyənin yeni prezidentinin müəyyənləşməsi üçün ikinci turun keçiriləcəyi gözlənilir. İkinci turda isə Ərdoğanın səslərin mütləq çoxunu, yəni 50 %-dən artığını əldə edəcəyi artıq şübhə doğurmur. Bu inam nədən yaranır?

Əvvəla, Ərdoğanla ən yaxın rəqibi Qılıncdaroğlu arasında son rəqəmlərə görə, aşağı-yuxarı 2 milyon yarım səs fərqi var. Qılıncdaroğlu seçkilərin ikinci turunda bu fərqi qapada bilməyəcək. İlk növbədə ona görə ki, dünən həm də parlament seçkiləri keçirildi və Ərdoğanın liderlik etdiyi Cümhur İttifaqı parlamentdə qanunların qəbulu üçün zəruri olan 301 səsdən bir qədər çox mandat qazandı. Müxalif Millət blokunun parlamentdə hətta etnik kürdlərin maraqlarını müdafiə edən YSP ilə birlikdə də azlıqda qalması fonunda elan etdiyi əsas seçki vədi- parlamentar idarçilik sisteminə qayıtmaq perspektivi öz əhəmiyyətini itirir. Digər tərəfdən, Kamal Qılıncdaroğlu namizədlərin müəyyənləşməsi ərəfəsində qazana biləcək fiqur hesab edilmirdi. Sonradan onun adı ətrafında çoxsaylı manipulyasiyalar aparılaraq Qılıncdaroğlunun seçkinin ilk turunda qələbə qazanacağı barədə müxalif kəsimdə ictimai rəy yaradıldı. Seçkilərin nəticələri bu rəyi darmadağın etdiyindən müxalif elektoratı növbəti turda mobilləşdirmək çətin olacaq. Nəhayət, kaset şantajına məruz qalaraq seçkilərdən çəkilmiş sosial demokrat lider Məhərrəm İncənin səslərinin də Kamal Qılıncdaroğluna gözləniləndən az getdiyi bəlli olur.

Türkiyədəki seçkinin taleyini həll edəcək iki əsas amil var. Bunlardan biri, nə qədər qəribə olsa da, səsvermə zamanı korlananan büllütenlərdir. Türkiyə Mərkəzi Seçki Komisiyyasının məlumatına görə, səsvermə zamanı 1 milyondan çox büllüten birdən çox namizədə səs verilməsi, əlavə işarələr qoyulması və s. bu kimi səbəblərdən keçərsiz sayılıb. Əgər bu büllütenlər namizədlərin əldə etdiyi nəticələrə uyğun şəkildə bölünmüş olsaydı, Rəcəb Tayyib Ərdoğan ilk turda qalib gəlmiş olacaqdı. Odur ki, büllüteni korlamış tərəfdarlarını da səsverməyə cəlb edərək hazırkı Türkiyə prezidentinin ikinci turda qalib gəlməsi üçün sosial baza mövcuddur.

14 may seçkilərinin siyasi gələcək açısından qazanan ismi heç şübhəsiz Sinan Oğandır. İğdır doğumlu Sinan Oğan MHP şinelindən çıxmış və böyük perespektiv vəd edən isimdir. Oğan hələ səsvermədən öncə elan edirdi ki, o seçkilərin ikinci turunun olacağını proqnozlaşdırır və öz siyasi hesablarını buna uyğun olaraq aparır. O, ikinci turda namizəd kimi iştirak etməyəcəyindən elektoratını prezident Ərdoğana yönləndirə biləcəyinin siqnallarını vermişdi. Bu nüans bizi vacib bir məsələnin üstünə aparır.

Kamal Qılıncdaroğlu dəfələrlə Ərdoğana məğlub olmuş və bir siyasətçi tipi olaraq qeyri-xarizmatik liderdir. Onun xarizmatik Ərdoğana qarşı növbəti dəfə uduzacağını elə öz İttifaq üzvləri- İYİ partiyanın lideri Meral Akşener də ciddi şübhə edirdi. Düzdür, sonra Akşener birtəhər masaya qaytarıldı və Qılıncdaroğlu öz dəstəkçilərinin sayını artırmaq üçün ləğv edilmiş HDP ilə də anlaşmaya getdi. Ancaq nə İYİ partiyadan, nə mühafizakar kəsimin AKP-dən uzaqlaşdırılmış Davudoğlu və Babacan kimi nümayəndələrindən, "Səadət" ldieri Təməl Qaramollaoğlundan, nə də kürd seçicilərdən aldığı səslər Qılıncdaroğlunu favorit etmədi. Türkiyə seçicisinin elektoral diferensasiyasını və davranışlarını təhlil edəndə məlum our ki, səsvermənin nəticələrini milliyətçi kəsim həll edir. Bu da özünü xüsusilə onda biruzə verir ki, Türkiyənin xarici siyasəti sosial-iqtisadi məsələlər qədər seçicilər üçün səsvermə motivinə dönür. Kamal Qılıncdaroğlu bu baxımdan seçicilər tərəfindən Türkiyənin milli maraqlarını dünyanın supergücləri qarşısında müdafiə edə biləcək bir lider kimi qarşılanmadı və özəlliklə onun Azərbaycanı görməzlikdən gəlməsi, Zəngəzur dəhlizinə alternativ layihələr irəli sürməsi sandıqdan təpki aldı. Bu faktlar ona dəlalət edir ki, Türkiyə seçiciləri Ərdoğanın Qarabağ məsələsində tutduğu prinsipial mövqeyi dəstəkləməklə yanaşı, ana müxalifət liderinin Azərbaycanda qıcıq doğuran bəyanatlara da gərəkən qiyməti veriblər. Azərbaycanla münasibətlərin Türkiyə seçicisi üçün xüsusi önəm daşıması Sinan Oğan tərəfdarlarının ikinci turda sərgiləyəcəyi davranışlara da yaxından təsir edəcək. Bu amil ilk növbədə Sinan Oğanın özünü Ərdoğana yönəltməklə bərabər, onlar arasındakı münasibətlərin səmimiliyi və davamlılığına da təminat verəcək.

Bütün hallarda, seçkilər Türkiyədə Ərdoğanın avtoritar rejim yaratması barədə Qərb propoqandasını darmadağın etdi.

"Avtoritar ölkədə" prezident 50 faizi adlamaq üçün tərəfdarlarına gecə-gündüz təlimat verir.

"Avtoritar ölkədə" Ankara, İstanbul, İzmir və digər böyük şəhərlərin bələdiyyə başqanı müxalifət partiyasındandır.

"Avtoritar ölkədə" prezident seçkilərində müxalifətin əsas blokunun 6 partiyasından 4-ü Ərdoğanın komandasında və ya dəstəkçiləri arasında olub, aralarında keçmiş baş bakan, bakan var.

"Avtoritar ölkədə" onlarla kanal, agentlik və qəzet birbaşa müxalifət liderinin lehinə propoqanda aparır.

"Avtoritar ölkədə" ana müxalifət partiyası bütün səsvermə məntəqələrində təmsil olunur, müşahidə aparır.

"Avtoritar ölkədə" keçirilən seçkilərdə hakim partiya parlamentdə referendum və konstitusiya dəyişikliyi üçün yetərli səsə malik olmur.

"Avtoritar ölkədə" müxalifət namizədinin mitinqləri dolub daşır...

Avtoritar ölkədə "seçilməsəniz nə edəcəksiniz" sualına prezident "saçma soru" deyərək milli iradəyə kölgə salınmayacağını bəyan edir.

Allah xatirinə, belə avtoritarizm olar?

Bu günlərdə Sabah qəzetində Saleh Tuna çox gözəl bir yazı yazmış və Bay Kamalı Zelenskinin Türkiyə versiyası adlandırmışdı.

Bəli, Qərb Türkiyədə iqtidara Zelenski modelini gətirmək istəyirdi.

Plan baş tutmadı.

Ərdoğan qalib gəldi.

Ərdoğanla birlikdə Azərbaycan da qalib gəldi.

Taleh ŞAHSUVARLI