Arayiki tezliklə Bakıda görəcəyik: ya "boynunu büküb" gələcək, ya da çuvalda gətiriləcək

Dünən Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun qeyri-rəsmi formatda görüşüb.

Görüşün Moldavada, eyni zamanda qeyri-rəsmi formatda keçirilməsi əvvəlcədən o qənaət yaradırdı ki, danışıqlarda hər hansı sənəd imzalanmayacaq.

Azərbaycan və Ermənistan danışıqlarında əsas prioritet sülh sazişinin imzalanmasıdır. Bu cür mühüm sənəd heç şübhəsiz ki, ya Azərbaycan-Ermənistan sərhədinə yaxın bir ərazidə, bəlkə də paytaxtımızda, ya da dünyanın əsas diplomatik mərkəzlərindən birində imzalanacaq.

Bununla belə, Moldavadakı görüş həm mövqelərin yaxınlaşması və dəqiqləşdirilməsi, həm də Almaniya və Fransa liderlərinin masaya oturması baxımından diqqət çəkirdi.

Məlum olduğu kimi, Fransa prezidenti Emmanuel Makron Brüssel formatında keçirilən görüşlərə qatılmış, ancaq yumşaq desək, nadinclik etdiyindən sonrakı toplantılara onun girişinə Azərbaycan tərəfindən "stop" qoyulmuşdu. Lakin rəsmi Bakı, görünür Fransa prezidentindən diplomatik kanallarla "özümü yaxşı aparacam" vədi aldığından Kişineuda onun müzakirələrə qoşulmasına etiraz etməmiş, ancaq Almaniya kansleri də tarazlaşdırıcı fiqur kimi söhbətə cəlb etmişdi. Lakin Makron atalarımızın "qozbeli qəbir düzəldər" deyiminin nə qədər yerində olduğunu bir daha isbat etdi və görüş barədə rəsmi Bakını qıcıqlandıran açıqlama yaydı. Azərbaycan Xarici işlər nazirliyinin sözçünü Ayxan Hacızadə bildirdi ki, Fransa tərəfindən belə davranış sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev isə dünən Kişineu görüşü barədə qısa açıqlama yaymış və demişdi:

“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb”.

Görüşün məzmunu barədə əsas ipucunu da elə məhz bu paylaşım verir.

Hikmət Hacıyevin paylaşımını diplomatik dildən sadə dilə çevirəndə və bunun üstünə XİN sözçüsünün Fransa prezidentinin açıqlamasına etirazını gəldikdə məlum olur ki, Azərbaycan prezidenti İlham Əliyev Xankəndidəki cinayətkar çətə qalıqlarının likvidasiyası ilə bağlı qəti mövqe ifadə edib.

Lap bu yaxınlarda, Moldavaya yola düşməzdən öncə prezident Əliyev Laçın şəhərində yurdlarına dönən məcburi köçkünlərlə görüşdə Xankəndidəki seperatçı çətənin üzvlərinə amnistiya verilməsinin mümkünlüyü bildirmiş və onları qondarma parlamentdən, qeyri-legitim vəzifələrdən əl çəkib Azərbaycan konstitusiyasına tabe olmağa çağırmışdı. Dövlət başçımızın bu bəyanatı ABŞ tərəfindən də təqdir olunmuşdu. Lakin Azərbaycan prezidentinin bu çağırışı Xankəndi seperatçılarının isterikaya düşməsinə rəvac verdi.

Doğrusu, Arayik Arutyunyanın, yaxud Xankəndidə onun seperatçı komandasına daxil olan və ya olmayan hər hansı revanşist erməninin Azərbaycan prezidentinin mövqeyini necə şərh etməsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistanla şərti sərhədinin Laçın istiqamətindəki keçid zonasında buraxılış məntəqəsi quraşdırmaqla Xankəndidəki hərbi xuntanın boğazındakı ipi çəkməyə başlayıb. Xankəndiyə Ermənistandan hərbi təyinatlı mallar, canlı qüvvə keçirə bilməyən, Azərbaycanın təbii sərvətlərini talayaraq xarici bazarlara çıxarmaq imkanından məhrum olan hərbi xunta qalıqları Azərbaycan qarşısında uzun müddət davam gətirə bilməyəcək. Ancaq prezident İlham Əliyevin Laçındakı bəyanatından aydın görünür ki, rəsmi Bakı suveren ərazilərində qanunsuz silahlı birləşmələrin və cinayətkar seperatçı rejimin qalmasına göz yummaq fikrində deyil. Ona görə də ehtimal etmək olar ki, Şarl Mişel tərəfindən anonsu verilmiş və 21 iyulda Brüsseldə keçiriləcək növbəti görüşə qədər rəsmi Bakı Xankəndidən "təslim ol" çağırışına məqbul cavab gösləyir. Əgər bu cavab gəlməzsə, Brüssel görüşündə Azərbaycan tərəflərə yeni eskalasiyanın siqnalını verməli olacaq.

Bəli, bu günə qədər aparılan danışıqların nəticəsi o olub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü keçmiş DQMV daxil olmaqla tanıyıb və prezident Əliyevin sözlərini təkrarlayaraq "Qarabağ Azərbaycandır" deyib. Əgər artıq Ermənistan belə keçmiş DQMV Azərbaycan ərazisi olduğunu qəbul edirsə, o zaman Azərbaycanın öz suveren ərazisilərindəki qanunsuz rejimi hərbi güc tətbiq edərək likvidasiya etməsinə kim etiraz edə bilər? Kim bu məsələdə sülhpərvərlik nümayiş etdirmək istəyirsə, buyursun, iyulun 21-dək Arayik Arutyunyan başda olmaqla Xankəndidəki seperatçıların İlham Əliyevə əfv ərizəsi yazmasına töhfə versin.

Yəqin ki, bu təhlillə tanış olan oxucuda sual yaranacaq ki, bəs, Qarabağda "sülhməramlı" adlanan hərbi kontingenti olan Rusiya ərazilərimizdəki qanunsuz hərbi birləşmələrin və Xankəndidəki xuntanın likvidasiyasına imkan verəcəkmi?

Gəlin, 10 niyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata baxaq. Bəyanatın birinci maddəsində deyilir: "Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar".

Bu, o deməkdir ki, Azərbaycan torpaqlarında əlində silah olan erməni Ermənistan ordusunun mənsubudur. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda onun silahlı birləşməsi torpaqlarımızda nə gəzir? Yox, əgər Ermənistan iddia edirsə ki, silahlı birləşmələr ona aid deyil, deməli, qondarma "Artsax"a məxsus olan silahlı qruplar Üçtərəfli Bəyanatın müdafiəsi altında deyil və onların məhv edilməsinin qarşısını almaq RSK-nın missiyası ilə bir araya sığmır.

NƏTİCƏ: Tezliklə Arayik Arutyunyanı Bakıda görəcəyik. O, paytaxtımıza ya əfv ərizəsi yazaraq boynu bükük halda gələcək, ya da çuvalda gətiriləcək.

Taleh ŞAHSUVARLI