"Bunu kifayət qədər özümüz üçün yüksək kompliment kimi qəbul edə bilərik" "Bunu kifayət qədər özümüz üçün yüksək kompliment kimi qəbul edə bilərik"

Vüsal Məmmədov: "Prezident Azərbaycan mediasına güvənir" - MÜSAHİBƏ

"Bunu kifayət qədər özümüz üçün yüksək kompliment kimi qəbul edə bilərik"

AzNews.az "Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədovla müsahibəni təqdim edir:

- Şuşada keçirilən beynəlxalq forumda iştirak etdiniz. Təəssüratlarınız necədir?

- Keçirdiyim hiss bu idi ki, Şuşa artıq dünya mediasında aktual problemlərin qoyulduğu, müzakirə olunduğu və həll yollarının irəli sürüldüyü bir məkana çevrilir. Biz Şuşanı adətən Azərbaycan incəsənət, mədəniyyət paytaxtı kimi qəbul və təqdim ediriksə, artıq bu rola bir növ intellektual missiya da əlavə olunur. Düzdür, bizdə Bakı prosesi var, 10 ildən çoxdur davam edir. Bakıda keçirilən beynəlxalq forumlar çərçivəsində dünyanın qarşısında duran aktual məsələlər müzakirə edilir. İndi sanki Şuşa prosesi Bakı prosesinin balaca qardaşı kimi meydana çıxmışdı. Məndə belə bir hiss var idi ki, Bakı prosesinin balaca qardaşının yaranmasının şahidiyəm, o tarixin bir hissəsiyəm. Maraqlı bir hiss idi həqiqətən.

- Prezidentin brifinq zamanı verdiyi mesajlar barədə nə deyə bilərsiniz?

- Prezidentin brifinqi açıq, səmimi və cəsarətli ünsiyyət nümunəsi idi. Dövlət başçımız yeni başlayanda dedi ki, onun üçün burada geniş çıxış nəzərdə tutulsa da, bunu etmək istəməyib. Düşünüb ki, sual-cavab formatı daha yaxşı olar. O daha sonra sözü jurnalistlərə verdi. Jurnalistlər tam azad şəkildə, heç bir şəkildə heç kimlə razılaşdırılmadan müzakirəsiz şəkildə kimin ürəyindən nə sual keçdi hamısını prezidentə verdi. Prezident də səmimi şəkildə eyni açıqlıqla hamısını cavablandırdı. Prezidentin verdiyi mesajlar çox idi. Mətbuatla bağlı mesajı o oldu ki, jurnalistlərə necə işləməklə bağlı heç tövsiyə vermək istəmir, Azərbaycan dövləti belə yanaşmadan uzaqdır. Azərbaycan dövlətinin xətti budur ki, media tam azad olmalıdır. Prezident sağlamlaşma prosesini yüksək dəyərləndirdi. Sağlamlaşma deyəndə nəzərdə tutduğu medianın dövlət maraqlarının əleyhinə çıxmaması idi. Dövlət başçısı bildirdi ki, əsas odur ki, bu proses gedir. Mirşahin Ağayevin sualına cavab olaraq prezident dedi ki, özünüz hər şeyi yaxşı bilirsiniz, məncə, elə belə də davam edin. Bu onu göstərir ki, prezidentin Azərbaycan mediasına inamı var, Azərbaycan mediasına güvənir. Bunu kifayət qədər özümüz üçün yüksək kompliment kimi qəbul edə bilərik.

- Sizin fikrinizcə xaricdən gələn qonaqlar ölkələrinə hansı təəssüratlarla qayıtdılar?

- Bir insan xarici ölkədə necə qarşılana bilərsə, qonaq edilə bilərsə, onunla ən gözəl şəkildə necə ünsiyyət qurula, necə söhbət edilə bilərsə, bunların hamısını ən yüksək səviyyədə gördülər. Mən bunun tam şahidiyəm. Onlar dövlət orqanlarından qayğı gördülər, həmkarlarından və Azərbaycan xalqından sevgi gördülər. Əlbəttə ki, Şuşanın əslində hara olduğuna, nə olduğuna, necə bir yer olduğuna şəxsən şahid oldular. "Min eşitməkdənsə, bir görmək yaxşıdır" misalı burada yerinə düşür. Məncə, biz həmin qonaqların şəxsində dünyanın 49 ölkəsində Azərbaycanın çox yaxın dostunu və sözün yaxşı mənasında təbliğatçısını, nüfuz agentini qazandıq. Bu tədbirin bizə verdiyi nüfuz vacib qazanclardan biri idi.

- Son olaraq Prezident İlham Əliyev brifinqdə bildirdi ki, mina xəritələri Ermənistan tərəfinin əlində var, ancaq təhvil verilmir. Sizcə beynəlxalq təşkilatlar hansısa addım atacaqmı?

- Beynəlxalq təşkilatların sırf Ermənistana təzyiq istiqamətində hansısa addım atacağına təəssüf ki, inanmıram. Amma bu faktı açıq şəkildə dünya ictimaiyyətinə çatdırmaq, xüsusilə jurnalistlərə bəyan etmək Azərbaycanın özünə Ermənistana hansısa təzyiqləri etmək üçün mənəvi, siyasi və hüquqi əsas yaradacaq. Biz dünyanın köməyinə ümid olmadan da Ermənistana təzyiq etmək imkanındayıq, iqtidarındayıq. Əsas bunu saydığım kimi mənəvi, siyasi və hüquqi tərəflərdən əsaslandırmaqdır. Prezidentin mina xəritələri ilə bağlı bəyanatı bax bu əsasları Azərbaycan üçün təmin edəcək və bundan sonra biz daha aktiv şəkildə bu istiqamətdə Ermənistana təzyiq göstərə biləcəyik.

Rəşid Qarayev