Qarabağdan çıxan ermənilərə "məcburi köçkün" və "qaçqın" statusları verilə bilməz

Azərbaycanın apardığı anti-terror əməliyyatından sonra Xankəndi və çevrəsindən Ermənistana köçən şəxslərin sayı heç şübhəsiz ki, böyük ölçüdə şişirdilir. Bunun fərqində olmaq, əslində, elə dərin zəka istəmir. Laçın SNBM-dən 1 saatda nə qədər maşın keçə bilər? Bu maşınların (fərdi minik maşınları və avtobuslar) sərnişin tutum sayı nə qədərdir bəllidir.

Ancaq bir anlıq hesab edək ki, Qarabağdan Ermənistana İrəvanın iddia etdiyi sayaq 100 min nəfər keçib. Bu 100 min nəfərin nə qədəri başqa dövlətlərdən gətirilərək- Ermənistandan, Rusiyadan, Suriyadan, Livandan v s.- Qarabağa qanunsuz, müharibə cinayəti sayılan məskunlaşdırma siyasəti nəticəsində yerləşdirilmişdi?

Bu təbəqəni çıxdıqdan sonra Qarabağda sovet dövründə yaşamış və onların varislərinin məsələsinə yanaşmaq olar.

Qarabağ əsilli ermənilər Ermənistanda "məcburi köçkün" statusu daşıya bilməz. Çünki "məcburi köçkün" odur ki, hər hansı hadisə nəticəsində öz daimi yaşayış yerini tərk edir, ancaq ölkənin hüdudlarından qırağa çıxmır. Ermənistana Qarabağdan keçənlər başqa bir dövlətin - Azərbaycan Respublikasının hüdudlarından kənara çıxdıqlarından onlar kateqorik olaraq "məcburi köçkün" adlandırmaq mümkün deyil.

Fəqət həmin ermənilər "qaçqın" da sayıla bilməzlər. Bir ölkədən başqa bir ölkəyə keçmək hələ "qaçqın" sayılmaq üçün əsas deyil. Bunun üçün ən vacib şərt odur ki, ölkəsini tərk edənlərin daimi yaşayış yerində zülmə uğramaq təhlükəsi mövcud olsun.

Artıq bütün obyektiv beynəlxalq müşahidəçilər də təsdiq edir ki, Ermənistana adlayan ermənilərə qarşı keçid zamanı Azərbaycan tərəfindən heç bir mənfi rəftar göstərilməyib. Əksinə, onlara yolda qida verilib, tibbi dəstək göstərilib, yanacaqla təmin olunub və yüksək səviyyəli xidmət göstərilib.

Sual oluna bilər ki, Azərbaycan ermənilərin ərazisindən çıxmasında maraqlı deyildisə, nədən onlara bu qədər qayğı göstərirdi? Cavab sadədir. Heç bir dövlət insanların daimi yaşayış yeri seçmək azadlığına müdaxilə edə bilməz. Azərbaycan Respublikası onun vətəndaşlığını qəbul etməyən erməni mənşəli şəxsləri öz ərazisində zorla saxlaya bilməz. Azərbaycan Respublikası Qarabağda qalmaları üçün ermənilərə rəsmi qaydada dəfələrlə müraciət edərək hüquq və azadlıqlarına, vətəndaşlaşdırılmasına və ləyaqətli yaşamına təminat verib. Hər halda, Qarabağda qalan erməni mənşəli şəxslər var və hazırda onların vətəndaşlaşdırılması üçün sənədləşmə aparılır.

Sənədləşmə bitdikdən sonra onların qanunlarımız çərçivəsində yaşamı bir daha təsdiq edəcək ki, Azərbaycan Respublikası erməni mənşəli vətəndaşlarını digər vətəndaşlarından ayırmır, zülmə məruz qoymur. Əgər qalan ermənilərin yaşamına təminat verilirsə, inkişafına şərait yaradılırsa, hüquq və azadlıqlarına təhlükə yoxdursa, o cümlədən milli və dini azlıq olmalarından doğan hüquqları reallaşırsa, o zaman ölkəmizi tərk edənlərin "qaçqın" statusunda tanınmaları üçün zəruri olan şərtlərdən ən önəmlisi sıradan çıxır.

Bu baxımdan başqa bir əhəmiyyətli nüans Qarabağ ermənilərinin işğal dövründə Ermənistan tərəfindən vətəndaşlaşdırılmasıdır. Məlumdur ki, "DQR" tanınmırdı və xuntanın girovluğunda olan əhali xaricə çıxmaq üçün Ermənistan pasportlarından istifadə edirdi. Beynəlxalq hüquqa görə, əgər şəxs vətəndaşı olduğu ölkənin himayəsinə sığınıbsa, o, heç bir halda "qaçqın" hesab olunmayacaq.

Nəhayət, Ermənistana köç edən ermənilərin mühüm bir qismi qeyri-siyasi cinayətlər törədiblər - Qarabağın azərbaycanlı əhalisinə basqın ediblər, qarət, quldurluq, vətəndaşları azadlığından qanunsuz məhrum etmə, işkəncə vermə, öldürmə kimi ağır suçlar işləyiblər, mütəşəkkil cinayət dəstələrə, terror qruplarına və qanunsuz silahlı birləşmələrə qatılıblar. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu barədə cinayət işləri açıb, təşkilatçıları beynəlxalq axtarışa verib. Bu təbəqənin də "qaçqın" statusu alması beynəlxalq hüquqa ziddir.

Diqqətinizi daha bir məsələyə yönəltmək istəyirəm. Qarabağdan köçən ermənilərlə video çəkilişlər aparılıb və əksəriyyət Azərbaycanı tərk etmə səbəbi kimi qondarma rejimin "məmur"larının tapşırığını əsas göstərib. Bu müsahibələrlə KİV-dən tanışsınız. Xankəndidəki xuntanın Ermənistan tərəfindən yaradıldığı və İrəvandan idarə olunduğu heç kimə sirr deyil. Deməli, "köçün" əmri də Qarabağdakı ermənilərə İrəvandan verilib və bununla Ermənistan Azərbaycanı ittiham etmək, işğal siyasətinin doğurduğu hüquqi nəticələrdən yayınmaq üçün bəhanə yaratmaqla yanaşı, daxili demoqrafik problemlərini çözmək üçün daha bir müharibə cinayəti işləyib.

Taleh ŞAHSUVARLI