- Redaktor masası
- 3 Oktyabr 14:26
- 13 439
Böyük işlərin sirri: İlham Əliyevə güvənmək!

Ovenes Kaçaznuninin "Daşnaksütyun partiyasının edəcəyi bir iş yoxdur" kitabını yəqin ki çoxunuz oxuyub. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Respublikasının öz dövlət suverenliyini bütün ərazilərində bərpa etməsi ilə bağlı xəbərlər fonunda neçə gündür bu kitabı xatırlayıram.
Kaçaznuninin tarixi xəbərdarlığının əksinə olaraq, 20-ci əsrin sonlarına doğru daşnak zehniyyəti bütün Ermənistana hakim olmuşdu. SSRİ-nin dağılmasından sonra Ermənistanın bütün tarixi faktiki olaraq daşnak tarixidir. Daşnak zehniyyətinin ən bariz çalışma düsturu odur ki, onlar etməli olduqlarını deyil, etməməli olduqlarını edirlər. Bu, dövlət identifikasiyası olmayan ermənilərin öz fantaziyalarını gerçəklik kimi görməsindən və milli identifikasiyalarının kökündə türkə nifrət amilinin dayanmasından qaynaqlanır. Məhz sözügedən fantaziya və nifrət sayəsində Ermənistan özünü də, bizi də, regionu da 30 il savaş şəraitində saxladı, geri saldı və sonda uduzdu.
Bizim qalib gəlməyimizin kökündə isə, zənnimcə, ilk növbədə dövlətçilik ənənəsi formalaşdırmağımız dayanır. Prezident Heydər Əliyevin ideoloji-siyasi platformasının hakimiyyətdə özünü qoruması və İlham Əliyevə qarşı "məxməri inqilab" layihələrinin puça çıxması ermənilərin qarşısına DÖVLƏT SİSTEMİ ilə çıxmağımıza rəvac verdi.
İlham Əliyev həm fitri istedadı və xarakteri, həm yüksək və müasir dünyagörüşü, həm də hakimiyyətin zirvəsində qazandığı təcrübə ilə erməni sisteminin zəif bəndlərini aşkarladı və neştəri birbaşa çibanın kökünə sapladı.
Əgər diqqət edirsinizsə, biz sadəcə bir döyüşdə qələbə qazanmadıq, lazımi məqamda döyüşü dayandıraraq vədəsi yetişəndə yenidən əks hücuma keçdik.
Əgər diqqət edirsinizsə, biz sadəcə döyüşdə qələbə qazanmadıq, Ermənistan cəmiyyətini sosial-psixoloji baxımdan tam çökdürdük, ictimai rəy yaradıcılarının və analitiklərinin əzbərlərini pozduq, idarəçilik mexanizmlərini çalışmaz hala gətirdik.
Əgər diqqət edirsinizsə, biz həm də dünyanın ermənilərə yanaşma paradiqmasını dəyişdik, ən azı "soyuq müharibə" çağından bəri diasporadan bəslənən Qərb siyasətçiləri, Vaspurakan ermənilərini İrandan Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının ərazisinə köçürərək Türkiyə ilə aramızda "bufer zona" yaratmış Rusiya, hər nə qədər ciddiyyətini itirsə belə BMT məhz Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməkdə haqlı olduğunu qeyd elədi.
Əgər diqqət edirsinizsə, biz ermənilərə "yeni genosid nağılı" uydurmalarına imkan vermədik. Mülki əhalinin burnunu qanatmadan, mülki infrostrukturlara toxunmadan, tarixi ədavətə yeni səhifələr açmadan daxil olduq Əsgərana, Ağdərəyə, Xankəndiyə...
Yeni reallıq bizə iki əsas mesaj verir:
- Ermənistanın edəcəyi bir iş yoxdur!
- İlham Əliyevin Qarabağın xilasından sonra da xalq üçün görəcəyi çox iş var!
Qarabağın azad edilməsindən də böyük işlər var!
İlham Əliyevə güvənirik!!!
İlham Əliyev ona bəslənən ümidləri heç zaman puça çıxarmadı, özünə güvəni heç zaman sarsıtmadı.
Şahidi olduğumuz böyük işlərin sirri budur.
Taleh ŞAHSUVARLI