MİLLİ ZƏFƏR SEÇKİSİ- ANALİZ

Dünən bütün Azərbaycan yuxudan zəlzələ xəbəri ilə oyansa da, günün əsas xəbəri prezident İlham Əliyevin növbədənkənar prezident seçkiləri ilə bağlı imzaladığı sərəncam oldu. Bəli, yeni ilin ikinci ayında- fevralın 7-də Azərbaycan növbəti dəfə prezident seçmək üçün qutu başına gedəcək.

Bəribaşdan deyək ki, növbədənkənar prezident seçkiləri təyin etmək dövlət başçısının konstitutsion səlahiyyətlərindən biridir. Odur ki, təyin olunmuş seçkilərin qanuniliyi mübahisəsizdir və doğrusu, bu barədə əks fikirlər səsləndirməyə cəhd edənlər də demək olar ki, yoxdur. Lakin sərəncamın mürəkkəbi qurumamış AXCP sədri Əli Kərimli növbədənkənar prezident seçkilərinə qarşı çıxdı və ardınca Milli Şurada çətirinin altına yığdıqları da ona qoşuldu. İstənilən seçki leqal siyasi partiyalar üçün hakimiyyətə gəlmək şansı yaradır və adətən müxalif partiya üzvləri bu fürsəti səbirsizliklə gözləyirlər. Müxalif düşərgədə diqqəti cəlb edən ilkin tendensiya isə budur ki, deyəsən bu düşərgədə hakim partiyanın namizədi ilə yarışmağa cəsarət edən kimsə yoxdur. Daha pisi isə müxalif partiya üzvlərinin öz liderlərinin yaxasından yapışıb demoqogiyadan əl çəkməyə, ucuz və qərəzli ritorikalarına son qoyub “madam belə güclü lidersən, seçkiyə get, bizi hakimiyyətə gətir” deyə bilməməsi, illərcə müxalifət düşərgəsində eşələnməyin hesabını sora bilməmələridir. Bu, əsl siyasi acizlikdir və məğlubiyyətin bəribaşdan etirafıdır. Hər halda, siyasi partiyaların üzvlərinin reyestrinin aparılması açıq şəkildə üzə çıxardı ki, İlham Əliyevdən az qala hər gün seçki tələb edənlərin ciddi elektoral bazası yoxdur və növbədənkənar seçkilərin təyin edilməsi ilə onlar fakt qarşısında qalıblar. Çox sadə məntiq var.

Əvvəla, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə, növbəti və növbədənkənar prezident seçkiləri arasında hər hansı tətbiq fərqi yoxdur. Qaydalar, mexanizmlər, müddətlər eynidir.

İkincisi, seçkilərin vaxtından qabaq keçirilməsi bütün dünyada qəbul olunmuş praktikadır. Manipulyasiyaları və komplo nəzəriyyələri bir kənara qoyaq. Siyasi müşahidəçilərin artıq sıx-sıx dilə gətirdiyi kimi, 7 fevral seçkiləri müstəqil Azərbaycanın tarixində bütün ölkə ərazisində keçiriləcək ilk səsvermə olacaq. Deməli, növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir və məhz 44 günlük savaşdam sonra regionda yaranan reallığı qəbul etmək istəməyənlərin qarşısına Əliyevin xalqdan aldığı etimadı yeniləyərək çıxmaq planıdır. Belə ki, yeni prezident seçkiləri öz vaxtından aşağı-yuxarı bir il öncə baş tutacaq. İlham Əliyev səsverməni bir il öncəyə çəkməklə özünə və seçicilərinə inamını bir daha ifadə etdi.

Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalandıran Lider- Qalib xalqın Qalib Prezidenti nəinki Azərbaycan, hətta dünya demokratiyasının tarixində bənzərinə rast gəlinməyən bir şəkildə seçkiyə son dərəcə böyük reytinqlə gedir.

Bu nüfuz və yenilənən etimad isə Azərbaycanı həm yeni dünya düzənin quruculuğunda ön plana çıxaracaq, həm də ölkə daxilində sabitliyin qorunmasında və islahatların uğurla başa çatdırılmasında müstəsna tarixi rol oynayacaq.

Taleh ŞAHSUVARLI