Bu günün çağırışı - Mir Şahin yazır

“Toplum” yox, XALQ!
Müstəqil vətəndaş yox,
müstəqiı DÖVLƏT!

“Toplum TV” işi ilə bağlı sosial şəbəkələr vasitəsilə yayılan məlumatların cəmiyyətə dürüst izah edilməsini vacib hesab edirəm.

Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən dövlət suverenliyini tam təmin etməsinin ABŞ-ın müəyyən dairələrinin, Fransa və s. tək neokolonialist dövlətlərin, ümumiyyətlə Ermənistanın işğalçı mahiyyətinin, davranışının, xarakterinin yanında olan ölkələrin də məğlubiyyəti olduğu faktdır. Cəbhədə-açıq döyüşdə məğlub olanlar bunun əvəzini çıxmağın başqa yollarını axtarırlar. Bu zaman bel bağladıqları əsas qüvvələr isə Azərbaycanda saxladıqları “Troya atı”nın içinə yerləşdirdikləri “bizimkilər” olur. Onlar bu “atın” “qarnında” məqam gözləyir, uyğun tapşırıq alan kimi meydana çıxır və sahiblərinin əmrinin icrasına başlayırlar. Şəraitə uyğun olraq “Troya atı”nın içindəkilər dəyişirlər. İstifadə olunmuşlar gedir, təzələr gəlir...

Yəqin elə buna görə “Toplum” (və “Abzas”) işində mənim diqqətimi ilk növbədə- saxlanılanların gənc və əksəriyyətinin isə çooox gənc olması cəlb etdi. Deməli yeni yetkinləri, yeni ağlı kəsənləri, yeni təcrübəliləri aldatmaq, yoldan çıxarmaq SAHİBLƏRİ üçün daha mümkün deyil, ya da çox çətindir. Ona görə də artıq hədəfdə məsumluq dövrünü yaşayan, tora tez düşmə ehtimalı olan çooox gənclər və yeniyetmələrdir. Toplum TV-nin üzdə olan rəhbəri Xədicə İsmayılın hüquq-mühafizə orqanlarımızın apardığı əməliyyatdan AZ SONRA-(niyə “az sonra”-nı xüsusi qabardıram, çünki Xədicə İsmayılın kifayət qədər jurnalist təcrübəsi var və o hamını yalançı çıxarmağa iddialı açıqlama verməzdən qabaq, yəqin ki, bütün zəruri məlumatları toplamalı və yalnız bundan sonra mediaya danışmalı idi…) verdiyi açıqlamaya qulaq asdım və belə anladım ki, guya saxlanılan gənclərdə və çooox gənclərdə bu əməliyyatdan sonra öz vətənləri haqqında pis rəy yaranacaq. Buna səbəb isə heç demə…”Toplum TV”-nin ofisində aparılan axtarış, polis tərəfindən saxlanma və s. bir sözlə incik Xədicə “Toplum”unun qanunun məsuliyyət zonasında rastlaşdığı təbii proseslərmiş….
Vay, vay, vay…

Həyatda ilk addımlarını bir ovuc “toplumun” içində atan gənclər və çooox gənclər dövlətdən, onun qanunlardan bunu heç gözləməzmişlər...

Amma əbəs yerə.

Qanun hamı üçün qanundur.
Və əslində isə bu gün “Toplum”, dünən “Abzas” gənclərinin və çooox gənclərinin məyusluq, xəyal qırıqlığı səbəbi şəxsən Xədicə İsmayıl və onun kimilər olmalıdır.
O məsum uşaqları yalana, böhtana, qaralamaya öyrətdiklərinə görə.
Öz Vətəninə, öz Azərbaycanına, öz Qələbəsinə nifrət aşıladığına görə.
…Xatırlayıram: “Abzas” ətrafında əməliyyat aparılırdı, saxlanmışlar var idi. Amma proses bitməmişdi, həbslər hələ olacaqdı, bax o zaman bir video yayılmışdı: burda “Abzas”-ın çooox gənc bir xanım əməkdaşı
həbsxanaya tədarük görür, çantasını hazırlayırdı, fonundakı divarda isə belə bir şüar asılmışdı: “Yanlış yoldayım! Ama yol nasıl güzel”.
… Bəli, çox təəssüf ki yanlış yollar əksər hallarda gözəl görünür. Əslində gözəl olmasa da.
…Gerçək gözəl yol isə işğaldan azad edilmiş Qarabağa, Şuşaya, Xankəndiyə, Xocalıya… aparandır.
-Bəs onda Xədicə İsmayıl niyə özünü Göyçək Fatmaları kifirləşdirən napak qarı kimi aparır? O gənclər axı
Xədicəyə, Xədicəkimilərə inanıb “gözəl”, amma YANLIŞ yola düşürlər…
-Bu hadisə ilə “Azərbaycanda müstəqil media qapadılır!”, “tənqidçi media susdurulur” kimi bəyanatlar verməyə Xədicə İsmayılın vətəndaş əxlaqı necə yol verir?

-Kimdir müstəqil?
-Pulunu xaricin şübhə dolu ciblərindən alan, o qüvvələrin iradəsindən tam asılı olan “çərpələng media”? Asılı: qulbeçə, kəniz, qaravaş xislətli “media”dır müstəqil “media”?
- Kimdir tənqidçi media?
- Böhtançı, iftiraçı, qarayaxmaçı mediadı onun gerçək adı.

“Toplum”, “Abzas” və s . bu kimi platformalar özünü Azərbaycanın düşməni olan dövlətlərlə bir yerdə görür, onların vətənimizə qarşı apardığı informasiya müharibəsində müttəfiq kimi iştirak edirlər.

…Azərbaycan bir müharibədə mükəmməl qələbə qazandı. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi! İndi isə başqa bir müharibəyə cəlb edilmişik. Beynəlxalq mütəşəkkil qüvvələrin-ABŞ, Fransa kimi dövlətlərin, AŞPA və Avropa İttifaqı kimi qurumların Azərbaycana elan etdiyi informasiya müharibəsinə. Bu müharibədən də qalib çıxacağıq. BUNU ETMƏYƏ SADƏCƏ BORCLUYUQ! Milli Azərbaycan mediası bu müharibədə Qarabağı azad edənlərin səviyyəsində olmağı bacarmalıdır. Ən yüksəkdə. Şuşa Zirvəsində olmağı bacarmalıdır. Media adı altında şübhəli, hətta cinayət fəaliyyəti ilə məşğul olanlar isə təbii ki aşkar edilməli, qanun ayağına gətirilməlidir. Azad Media Azad Şuşadır! Azad Media Azad Xankəndidir! Azad Media Azad Laçındır! Azad Media Azad Kəlbəcərdir… Azad Media Azad etdiyimiz hər qarışdır.

İndi isə şüuru işğal altında olan bir vətəndaş toplusu üzərində Azadlıq əməliyyatı aparılır. Onların da Azad olan günü olacaq. Şəxsən mənə və bizə başqa “azadlıq” lazım deyil. Azərbaycanın AZADLIĞI olan yerdə!

Mirşahin Ağayev