Və vətəndir vəfanın vədəsində vəsfinin vəsiləsi və ağacdır ağır-ağır ağrıları ağlayan... - Yusif Mirzənin Laçın tabloları

Dünən danışdıq. Laçında idi. Köçünü salıb ata yurduna, 30 il həsrətini çəkdiyi obaları kətana köçürür. Hardan baxsaq, gözəl işdir, böyük işdir, mədəniyyətimiz və gələcəyimiz adına təqdir üstündə təqdiri haqq edən işdir. İşğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda bu günlərdə kağıza, kətana köçürülən hər bir rəsmdə şəhidlərimizin qanı, ordumuzun rəşadəti, Ali Baş Komandanımızın əzmi var. İşğaldan qurtuluş böyük bir mənzərədir, əslində. Yusif Mirzə o böyük mənzərəni hissə-hissə fırçasından keçirir. Bu gün də bir neçə tablosunu paylaşmışdı öz Facebook səhifəsində.

Kənardan baxanlar Laçının qırmızı damlı evlərini, qulağını qayaların dibindən doğma hənirtilərə verən boy-boy dağları, çiçəyi çırtlaya-çırtlaya buludların üstünə qədər uzanan yollar görəndə deyərlər ki, bu rəsmdə sakit və hüzurlu bir kənd mənzərəsi var, təbiət dilə-dişə yatmaz gözəlliyi ilə göz qamaşdırır, sadə və təravətli evlər bir dağ qəsəbəsinin fərəhini əks etdirir.

Kompozisiya gerçəkdən heyrətamizdir. Bu, həm təbiətin, həm işğaldan azad olunduqdan sonra Laçını əvvəlkindən də gözəl bərpa etdirən dövlət başçısının, həm də rəssamın əl işidir. Buludların yerdəyişməsini canlı və gözoxşayan rənglərlə kətana köçürmək, çəmənliklərlə evlərin damları arasındakı rəng kontrastını dinamik bir şəkildə fırçanın ucuna ötürmək peşəkarlıq məsələsidir.

Yusif Mirzənin, ölkəmizdə və dünyada sərgiyə qoyduğu neçə-neçə sənət əsəri ilə bizim Gəloxçu elinin rəsm duyumunu və qabiliyyətini isbatlamış fırça ustasının yaradıcılığını uzun illərdir diqqətdə saxlayıram. Bir neçə dəfə yazmışam, daha bir dəfə də öyünsəm, məni təvazökarlıqdan uzaqlaşmaqda suçlamayın, Yusifin mənim fikrimcə, şah əsəri- “Dəmirovlu pir məbədi” əsəri bizim evin divarlarını bəzəyir. Bəlkə də elə buna görədir ki, mənə elə gəlir Yusifin tablolarını imzasız, təqdimatsız da tanıyaram. İlk növbədə fırça zərbələrindən.

Yusifin əsərlərində ekspressionistlərə xas sərbəst və təsirli toxunuşlar var. Bu toxunuşlar sənətkarın duyğularını və daxili aləmini ifadə etməyə yönəlir.

Yusifin əsərlərində impressionistlərə xas işıq və rəng dəyişkənliyinin təsviri üçün istifadə olunan qısa və sürətli fırça zərbələri var. Sənətkar tablolarının müxtəlif parçalarında əsrarəngiz tonlar yaradır. Nəticədə sanki təbiət gözlərimizin önündə hərəkət edir, sərbəst bir şüur axını kimi azadlığa qovuşur.

Bəzən rənglər o qədər güclü, ziddiyyətli və qeyri-dəqiq olur ki, sənətkarı aparıb fovistlərin cərgəsinə qoymaq istəyirsən. Bəzən də kompozisiyalar elə simmetrik strukturlaşdırılır ki, post-impressionizmin havası adamı bir nöqtəyə kilidləyir.

Fəqət bu gün mən Yusifin bir Laçın tablosundan danışacam. Məni dolu kimi tutan bax, bu əsərdən:

Evlərin deyil, 30 ilin həsrətinin üstünə çəkilib bu rənglər. Keçmişə olan dərin bağlılıqdakı darıxdırıcı və iztirablı köçkünlük havasını qayıdışın toxtaqlığı silkələyir. Eh, nə qədər gözəl günlər var bu tabloda. Xurcunun bir gözündə şirin və məsum xatirələr, o biri gözündə daşdan ağır vətəndən məhrum olunmuşlara vurulan qandal. Rəssam bu xatirələri əbədi saxlamaq və gələcək nəsillərə ötürmək istəyir. Bu, yenidən doğuş deyilmi? Yusifin bütün əsərlərində bir naivizm var. Bu tablosunda isə, elə bilirəm, lap çoxdur. Naivist rəssamlar sadə, belə demək mümkündürsə, uşaqsayağı formalar və parlaq rənglərdən istifadə edirlər. Yusifin Laçın tablolarındakı evlərin, təbiətin sadə formaları və parlaq rəngləri naivizmin təsirini göstərir.

Bəzən elementlər sıxlaşır, hər detal ayrıca diqqət cəlb edir. Amma bəlkə də rəssamın naivizmi deyil, uşaqlığında, yeniyetməliyində, gəncliyində qalmasıdır bu. Dərin psixoloji gərginlik və ciddi travma var bu tabloda. Hamımız bu vəziyyətdə deyilikmi? İntəhası, Yusif üzə vurur öz hiddətini, rənglərdən və formalardan dinamik və qeyri-sabit istifadə edərək 30 illik həsrət və məcburi köçkünlük həyatının izlərini əks etdirir kətanda. Fırça keçmişdə yaşanan travmaları və bu travmaların yaratdığı qayğıları rəssamın şüuraltından dartıb çıxarır. Qələbə ilə bitən mübarizə belədir, cəsarət verir, cəsarətlə keçmişlə üzləşir və gələcəyə ümidlə baxırsan.

Bəli, rəsmdəki yaradıcılıq və innovativlik rəssamın daxili enerjisini və optimistliyini əks etdirir. Bu, yaşadığı çətinliklərə rəğmən yaradıcı olma qabiliyyətini və həyat sevgisini göstərir. Hər sevgi kimi, bu sevginin də içində bir saflıq və səmimiyyət var. O səmimiyyəti imzasız da, təqdimatsız da yüz ağacdan tanıyıram. Yusifin Laçın tablolarında diqqətimi ən çox çəkən detallardan biri məhz ağaclardır. Əsasən yaşıl, sarı və qəhvəyi rənglərlə təsvir edir ağacları. Beləcə təbiətin müxtəlif fazaları və mövsümləri bir arada tutulur. Ağaclar mənzərənin müxtəlif yerlərində - həm ön planda, həm də arxa planda gözə dəyir. Bu, təbiətin genişliyini və rəssamın doğma təbiətə olan içdən heyranlığını vurğulayır. Ağacların formaları adətən stilizə edilir, yəni təbii və real deyil, bədii tərzdə təsvir olunur. Bu, rəssamın ağaclardan sadəcə təbiət elementi kimi deyil, eyni zamanda simvolik və estetik element kimi istifadə etdiyini göstərir. Yazda getmişdim Laçına. Dədə yurdum Qarıqışlaq akasiya çiçəyi qoxuyurdu, o boyda şənlik xarabaya dönüb akasiya salxımlarının ortasında bir ovuc qalmışdı. Sevmədim o akasiyaları da, çiçəyini də, salxımlarını da. İşğal bitirmişdi onları.

Torpaqlarımızı azad etmişik, işğalın kökünü kəsməmişik hələ - söhbət ağaca qarşı olmaqdan getmir. Söhbət ondan gedir ki, biz Laçında o akasiyaların yerinə yaxşı-yaxşı ağaclar əkməliyik, bəzən vətən elə bir ağacdır, bəzən qollu-budaqlı, bəzən gövdəsi qurumuş ağac. Bəli, hər ağac, torpağın ən dərin qatlarında gizlənən qədim hikmətin qapısıdır. Bu ağacların yarpaqları sanki mədfunların qəbir daşlarına adların yazıldığı əyri-üyrü hərflərdən ibarət qarışıq əlifbadır, rəssam Yusifin fırçası ilə yazılan şeirlərdə olduğu kimi, küləyin nəfəsi bu yarpaqların arasında dolaşaraq, zamanın ölümsüz nəbzini çatdırır bizə. Biz faniyik, ölümsüz olan Vətəndir. Və vətəndir vəfanın vədəsində vəsfinin vəsiləsi və ağacdır ağır-ağır ağrıları ağlayan...

Taleh ŞAHSUVARLI