- Redaktor masası
- 19 Sentyabr 08:00
- 7 622
İsrail hərb tarixini peycer partlayışları ilə dəyişdi: ALQORİTM SAVAŞLARI - ANALİZ
İsrailin “Hizbullah” üzvlərinin istifadə etdiyi simsiz rabitə vasitələrini- peycerləri partlatması ilə, əgər belə demək mümkünsə, hərb baxımından tarixi bir olaya şahid olduq. 2020-ci ildə Azərbaycan İkinci Qarabağ Savaşı ilə hərb tarixində yeni bir səhifə açmış, “ağıllı müharibə” apararaq öz suveren ərazilərini düşmən tapdağından xilas etmişdi. Cəmi 4 il sonra İsrail tətbiq etdiyi ən yeni texnologiyalarla nəinki “Hizbullah” kimi radikal dini ideologiya üzərində təşkilatlanmış silahlı gücü, bütün dünyanı heyrətə saldı.
İsrailin “Hizbullah”ın rabitə infrastrukturuna hədəflənmiş kiberhücumları və elektron müharibə taktikaları, heç şübhəsiz, müasir hərb texnologiyalarının sürətli inkişafını təmsil edir. Dəqiq bəlli olan budur ki, texnoloji üstünlük nəticəsində savaş tərəflərindən biri yalnızca düşmənin kommunikasiya şəbəkəsi izləmir, eyni zamanda zəruri bildiyi anda məhv edə bilər. “Hizbullah”ın istifadə etdiyi peycerlərin uzaqdan partladılması bu strategiyanın ən simvolik epizodlarından biridir.
Youtub üzərindən olayı təhlil edən hərbiçilərin və İT mütəxəssislərinin açıqlamalarını izləyirəm. Hadisəni şərh edənlər olayı birmənalı şəkildə “ən yeni nəsil savaş taktikası” adlandırır, dünyanın əlini üzündə qoymuş hadisəni müasir hərb texnologiyaları və alqoritmik müharibələrin inkişafında əhəmiyyətli addım kimi qiymətləndirirlər.
Məsələnin məğzi qısaca olaraq belədir: “Hizbullah” üzvləri ilə əlaqə saxlamaq üçün internet bağlantısı olmayan, radiodalğalarla işləyən peycerlərdən istifadə edirdi. İsrail ölçüsü 100 qramdan çox olmayan həmin cihazları uzaqdan komanda ilə partlatmağı bacardı.
Bu əməliyyatın əsas məqsədi ilk növbədə qarşı tərəfin kommunikasiya şəbəkələrini məhv etmək, informasiya axınını əngəlləmək, koordinasiyalarını pozmaq idi. Koordinasiya pozulmuş, əlaqəsi kəsilmiş heç bir hərbi birlik istər konvensional, istərsə də hibrid savaşda üstünlük qazana bilməz. Savaşda üstünlüyü qazandıran ən əsas amillərdən biri məhz informasiya, qarşı tərəflərin planlarını bilmək və ona uyğun hərəkət etməkdir. Bu baxımdan “Hizbullah”ın guya öz sirrlərini qorumaq üçün istifadə etdiyi peycerləri belə kontrolda saxlamaqla İsrail nümayiş etdirdi ki, malik olduğu kibermüdaxilə texnologiyaları ilə istənilən savaşda nəinki bir, hətta 100 addım öndədir. Bu öncüllük İsrailin dünya hərb tarixinə gətirdiyi alqortitma savaşları strategiyasına əsaslanır.
Müasir hərbi əməliyyatlar getdikcə daha çox rəqəmsal texnologiyaların və alqoritmlərin istifadəsinə əsaslanır. Alqoritma savaşı bu texnologiyalardan istifadə edərək düşmən hərəkətlərini təxmin etmək, strateji üstünlük qazanmaq və informasiya müharibəsində qələbə əldə etmək üçün tətbiq edilən yeni bir yanaşmadır.
Bu yanaşma ilk növbədə Süni İntellekt və “Böyük verilənlər” (Big data) bazasına əsaslanır. Müasir hərb texnologiyalarında böyük datalardan və Süni İntellektdən geniş şəkildə istifadə olunur. Döyüş meydanında toplanan məlumatlar, süni intellekt və alqoritmalar vasitəsilə təhlil edilir, hərbi əməliyyatların effektivliyini artırmaq məqsədi ilə istifadə olunur. Məsələn, pilotsuz uçuş aparatları (PUA) və dron texnologiyaları vasitəsilə çəkilən görüntülər təhlil edilərək hədəflər daha dəqiq müəyyən edilir və hücum strategiyaları inkişaf etdirilir.
Bu strategiyaları inkişaf etdirmək üçün alqoritmlərdən istifadə olunur. Alqoritmlər sayəsində komanda mərkəzləri döyüşlərlə bağlı daha sürətli və dəqiq qərarlar qəbul edə bilirlər. Süni İntellekt texnologiyaları düşmənin mövqelərini, hərəkətlərini təhlil edərək onlara uyğun cavab strategiyaları hazırlayır, komanda mərkəzləri əmrləri döyüşən qruplara ötürür. İsrailin timsalında yüksək texnoloji gücə malik bir ordu üçün bu, üzbəüz döyüşə girmədən tapşırıqların reallaşdırılması deməkdir.
Alqoritma savaşı təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsində öz əksini tapır. Müasir müharibələrdə məlumatın təhrif edilməsi, yalan xəbərlərin yayılması və rəqibin ictimai rəyi manipulyasiya etmək cəhdlərinin qarşısının alınmasında alqoritmik texnologiyaların rolu son dərəcə böyükdür.
Hələ ən qədim zamanlardan bəri düşməni haqsız çıxarmaq və ruhdan salmaq savaşların ana qanunlarından biridir. Günümüzdə düşmənə qarşı aparılan psixoloji hərəkatlar üçün sosial media platformaları önəmli rola malikdir. Müasir kiber müharibələrdə hərbi qüvvələr yalnız fiziki hədəfləri məhv etmir, həm də rəqibin informasiya sistemlərini pozmaqla onun siyasi və ictimai fikir strukturlarına zərər vurmağa çalışırlar. Bəli, rəqibin informasiya sistemlərini sındırmaq və onlara zərər vermək, müasir kiberhücum strategiyalarının əsas hədəflərindən biridir. Alqoritma savaşı bu cür hücumları optimallaşdırır və hərbi əməliyyatların effektivliyini artırır. Nəticədə müasir hərbi əməliyyatlar klassik tanklarla, toplarla, raketlərlə deyil, kiber sahədə və informasiya texnologiyalarından həm də həmin vasitələri sıradan çıxarmaqla aparılır.
Bütün bunlar hərbi gücün tezliklə alqoritm və süni intellektə tam inteqrasiyasa olunacağına inam yaradır. Bundan sonrakı müharibələrdə qələbə alqoritmik analizləri daha yaxşı aparan və süni intellekti daha yaxşı çalışan tərəfin olacaq.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru