- Redaktor masası
- 29 Noyabr 13:59
- 6 344
COP29-da qəbul edilən qərarlar dövlətimizin növbəti uğuru kimi qiymətləndirilə bilər -ŞƏRH
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malik respublikamız COP29-un da müvəffəqiyyətlə başa çatdırılmasına nail oldu. Prezidentin qeyd etdiyi kimi, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu və Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı dosent Zaur Əliyev söyləyib.
Dosent bildirib ki, COP29-un nəticəsi olaraq qəbul edilmiş qərarlar ətraf mühitin qorunması baxımından bütün dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın COP29 Sədrliyi olaraq həyata keçirdiyi fəaliyyət nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir. Bakı Maliyyə Məqsədi və 6-cı maddə ilə birlikdə investisiyaları inkişaf etməkdə olan dünyaya yönləndirməklə qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək.
Mühüm qərarlar sırasında hər il inkişaf etməkdə olan dövlətlərə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunması xüsusi yer tutur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir.
Ətraf mühitin daha çox çirkləndiyi, bəşəriyyətin təhlükə altında olduğu bir dönəmdə bu cür uğurlu beynəlxalq nəticələrə gətirib çıxaran tədbirə ev sahibliyinin ölkəmiz tərəfindən edilməsi ilə “Yaşıl dünya naminə həmrəylik ili”ndə Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdi.
“BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab etməsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirməsi COP29-un uğurla yekunlaşdığının bariz göstəricilərindəndir”, - deyə alim vurğulayıb.
Zaur Əliyev qeyd edib ki, COP29-un uğurlu nəticələrindən biri də iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü və iqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı Rəhbər Prinsiplərinin qəbul edilməsi oldu.
Qeyd olunanlar Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərinə xidmət edir. Təsadüfi deyil ki, bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Z.Əliyev bildirib ki, COP29 çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsi də bir sıra tədbirlər keçirib: “COP29-un mahiyyəti və məqsədləri barədə aydın təsəvvür formalaşdırılması məqsədilə Hüquq fakültəsində bir sıra tədbirlər və təlimlər təşkil edilib. Bunların sırasında COP29 barədə infosessiya, “Tələbədən tələbəyə” layihəsi çərçivəsində COP29-a həsr olunmuş “Ətraf mühit və insan hüquqları” mövzusunda təlimlər xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, fakültədə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Tərəflər Konfransı (COP) barədə” məlumat kitabçası hazırlanıb və çap edilib. Eyni zamanda, fakültə tələbələrinə COP29 çərçivəsində könüllü qismində iştirak üçün dəstək verilib. Ümumilikdə COP29-da Hüquq fakültəsindən 37 tələbə, o cümlədən 35 könüllü və 2 tələbə isə ştat işçisi qismində iştirak edib”.
Hüquq fakültəsinin dekanı vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi nəticəsində COP29-un Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsi bu tədbirin BMT tarixində ən möhtəşəm beynəlxalq forumlardan biri kimi yadda qalmasına səbəb oldu və bəşəriyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsində yeni mərhələnin başlanğıcı oldu. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-da bəşəriyyətin gələcəyi naminə qəbul edilən qərarlar Azərbaycan Prezidentinin rəhbərliyi ilə dövlətimizin növbəti uğuru kimi qiymətləndirilə bilər.