Ani, “Qərbi Azərbaycan” yoxdursa, soyadındakı “Bədəl” kimdir?- Ermənistan XİN sözçüsünə qısa cavab

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan Ermənistan Respublikasının ərazisində “Qərbi Azərbaycan” olmadığını bildirib.

“Qərbi Azərbaycan Azərbaycan Respublikasının qərb bölgələridir” - deyə o, Azərbaycan prezidenti İlham Əliyevin Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququndan bəhs edən fikirləri ilə bağlı “Armenpress” agentliyinin sorğusuna cavab verib.

Agentliyin məlumatına görə, Azərbaycanın bu cür bəyanatları Ermənistanda ərazi iddiası kimi qəbul olunur:

“Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin martında Türkiyə mətbuatına müsahibəsində dediyi kimi, Bakı Ermənistan Respublikasının suveren ərazisinin təxminən 60-70%-ni “Qərbi Azərbaycan” adlandırır.

Ermənistan XİN sözçüsü bildirir: “Belə bir məsələ Ermənistan tərəfi üçün müzakirə mövzusu deyil”.

Əvvəlcə, gəlin, prezident Əliyevin erməni mediasının üzərində dayandığı açıqlamasına baxaq.

İlham Əliyevin həmin fikirləri Azərbaycan mediasında geniş yer alıb və dövlət başçısı eynilə belə deyib:

“Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik. Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”.

Göründüyü kimi, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi və erməni mediası prezident İlham Əliyevin çıxışını təhrif edir, rəsmi Bakının mövqeyinin əsas məzmunundan diqqət yayındırır və Azərbaycanın təkliflərinə konkret cavab verməməyi üstün tutur.

Odur ki, məsələyə bir neçə rakursdan baxmaq lazımdır.

Tarixi rakurs belədir ki, bugünkü Ermənistan Respublikası Şimali Azərbaycan xanlıqlarının ərazisində təşəkkül tapıb. Rusiya imperiyasının Qafqazı işğal etməsindən sonra Azərbaycan xanlıqları ləğv edilib, müxtəlif inzibati bölgülər aparılıb, İrandan köçürülən ermənilər sayəsində hazırkı Ermənistan ərazisində demoqrafik tərkib dəyişdirilib. Bütün bunlara baxmayaraq istər çar, istərsə də sovetlər dövründə Ermənistanda yüzminlərlə azərbaycanlı yaşayıb. Sonuncu dəfə 1988-ci ildə onlar öz daimi yaşayış yerlərindən zorla qovulublar.

İndi Azərbaycan və prezident İlham Əliyev qərbi azərbaycanlıların öz dogma yurdlarına qayıdışının təmin edilməsi üçün siyasi perspektiv açır. Prezident İlham Əliyevin “Qərbi Azərbaycan” konsepsiyası, yuxarıda təqdim olunan bəyanatdan da göründüyü kimi, azərbaycanlı qaçqınlarının öz ata-baba torpaqlarına dönmə hüququ kimi beynəlxalq norma və prinsiplərə əsaslanər. Odur ki, qaçqınların qayıdış hüququnu Ermənistana qarşı ərazi iddiası kimi yozmaq, yumşaq desək, diplomatik həyasızlıqdır.

Azərbaycanın məsələyə hüquqi baxışı kifayət qədər əsaslı və güclüdür. Beynəlxalq hüquq, bəyannamələr, o cümlədən Cenevrə Konvensiyası qaçqınların öz yurdlarına qayıdışına, tarixi mədəni irslərinin qorunmasına, hər birinin insan haqq və azadlıqlarının təmin edilməsinə təminat verir. Ermənistandan tələb olunan beynəlxalq hüquq çərçivəsində qərbi azərbaycanlıların qayıdış hüququnu tanımaq və reallaşdırmaqdır. Qaçqınların dönüş hüququnu suverenliklə, ərazi bütövlüyü ilə qarışdırmaq və ya qarışdırmağa cəhd göstərmək, sadəcə olaraq, qərəz və savadsızlıqdır.

Çox təəsüflər olsun ki, Ani Bədəlyan kimi erməni diplomatları öz savadsızlıqlarını Azərbaycana düşmən mövqeyi nümayişi ilə pərdələyə bilirlər. Ona görə də, Anidən ilk növbədə bunu soruşmaq lazımdır: Əgər “Qərbi Azərbaycan” yoxdursa, soyadındakı “Bədəl” adını babalarına nə üçün qoyublar?

Beləliklə, Ermənistanın "Qərbi Azərbaycan" və “Qərbi Azərbaycanlılar” terminindən qıcıqlanmasına heç bir tarixi, siyasi, hüquqi əsas yoxdur. Görünən budur ki, Ermənistan siyasi elitası öz faşist streotiplərindən əl çəkmək, multikultural cəmiyyət qurmaq, digər xalqlarla birgə yaşamaq istəmir. Ermənilərin 21-ci yüzildə belə bir zehniyyətə malik olması isə bölgəyə heç də sülh və əməkdaşlıq perspektivi vəd etmir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru