Ərdoğan namizəd olmayacaq?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması Azərbaycan auditoriyasına yanlış təqdim olunur.

Macarıstandan Ankaraya dönərkən uçaqda jurnalistlərin suallarını cavablandıran Ərdoğan "yenidən namizəd olmaq kimi bir dərdim yox" deyib və yeni konstitusiya hazırlanmasının vacibliyindən danışıb.

Bu, bir PR texnologiyasıdır.

Yeni konstitusiya qəbul olunarsa, Ərdoğana namizəd olmaq üçün hansı perspektiv açacaq, bu ayrı mövzudur. Amma günü sabah seçki olsa, Ərdoğan deyəcək ki, mənim heç zaman mənsəb dərdim olmayıb, komandam, partiyam, seçicilərim məndən yenidən namizəd olmağı tələb edir. Bu, bir az da çevrəsini mobilizasiya etmək cəhdidir.

Erkən seçki keçirilməzsə və yeni konstitusiya qəbul olunmazsa, Ərdoğan namizəd ola bilmir.
Bəs, erkən seçki olarsa? Bu halda Ərdoğan seçkiyə ancaq qalib gələcəyinə tam əmin olarsa qatılacaq. İndiki halda əminliyi tam görünmür.

Erkən, yaxud vaxtında seçkilərdə Ərdoğan namizəd olmazsa, AKP mütləq bir namizəd çıxaracaq. Bu, Hakan Fidan, İbrahim Kalın, Səlcuq Bayraqdar, Süleyman Soylu və digər isimlər ola bilər. Amma bütün hallarda Ərdoğanın şəxsi adayı olacaq. Bu namizədlərin CXP-nin namizədinə qalib gəlmək şansı yüksək deyil.

Ümumiyyətlə, Türkiyə siyasətində bir "yazılmamış qanun" var. Bir öncəki liderin təqdimatı ilə hakimiyyət uğrunda mübarizəyə qatılanlar uğurlu olmur. Ərdoğan özü Nəcməddin Ərbəkana rəğmən partiya yaratmışdı. Bülent Ecevit CXP-yə İsmət İnönünün müxalifi kimi sədr olmuşdu. Deniz Baykal Ecevite, Özgür Özel Kamal Qılıncdaroğluna qarşı çıxmaqla liderliyini təsbit etdi. Tansu Çillər DYP-də Süleyman Dəmirəlin istəmədiyi namizəd idi, Baş nazir oldu. Misalları çoxaltmaq da olar, amma lüzum yoxdur.

Onu xatırlatmaqda yarar var ki, Türkiyənin mövcud seçki sistemi ilə qələbə üçün namizədlərin 50%-dən çox səs alması lazımdır. İndiki halda heç bir partiyanın bu qədər səsi yoxdur. Odur ki, namizədlərin seçki ittifaqına ehtiyac var. Ərdoğan namizəd olmazsa, AKP-MHP ittifaqının istənilən adayının bu qədər elektoral dəstək toplaya bilməsi olduqca müşkül məsələdir. Çünki Ərdoğanın klassik sağ mərkəzdən şəxsən aldığı 15 % civarında səsin böyük bir qismi CXP-yə və digər partiyalara yönələcək.

CXP-nin də Ərdoğanla, yaxud Ərdoğansız seçkiləri udacağı qəti məlum deyil. Hazırda Ərdoğan-İmamoğlu (əgər namizəd olarsa), Ərdoğan- Özəl, yaxud Yavaş rəqabəti üçün sosioloji proqnozlar təxminən eyni civarda- 40%-dən bir qədər yüksəkdir, amma hər biri üçün 50%-dən azdır. Ərdoğansız seçki isə yeni elektoral konyuktura yaradır. Bu konyuktura ilə bağlı hazırda görünən əsas işarə budur ki, Türkiyə prezidenti özündən sonra İmamoğlunu "xələf olaraq" görmək istəmir.

Bütün hallarda, Ərdoğan namizəd olmazsa belə, onun siyasi irsi və təsiri Türkiyə siyasətində onillərlə davam edəcək.

Taleh ŞAHSUVARLI