Beynəlxalq hüquq uzmanı Həcər Qasımova ilə Sülh Sazişindən danışdıq

Dünən Azərbaycan və Ermənistan arasında paraflanmış Sülh Sazişinin mətni ilə bağlı hüquq üzrə fəlsəfə doktoru, BDU-da beynəlxalq hüquq üzrə çox dəyərli müəlliməm olmuş, Azərbaycanda beynəlxalq hüquq üzrə ən professional mütəxəssislərdən sayılan Həcər Qasımovanın rəyini qısaca öyrənmək fürsətim oldu. Bu gün Həcər xanımın açıqlamasını yayacağıq. Çox təşəkkür edirəm, məsələ ilə bağlı hüquqi şərh hazırlamaq üçün mənə də müəyyən istiqamətlər verdi.

Onun rəyi belə oldu ki, bu sənədə hər hansı şəkildə hüquqi, siyasi, sosioloji və s. müstəvidə irad bildirmək mümkün deyil. Ona görə ki, maddələrin hər birinin arxasında konkret beynəlxalq hüquq prinsipləri və normaları dayanır.

İndi diqqətinizi mən ona çəkim ki, bu prinsip və normalar bizsiz də vardı, Ermənistan da onlara əməl etməyi müxtəlif vaxtlarda və formalarda öz üzərinə götürmüşdü. Amma bizə münasibətdə həmin prinsip və normaların tam ziddinə hərəkət edirdi. Bu, sazişə ehtiyac da ondan yaranır. Biz sözügedən sazişi gələcəkdə imzalamaq üçün paraflamaqla Ermənistana diktə edirik ki, Azərbaycana qarşı ərazi iddialarından əl çəksin, seperatizm və revanşizmdən uzaq dursun, münaqişə vəziyyətini əməkdaşlıq və pozitiv rəqabətlə əvəzləsin, hər hansı üçüncü tərəfin dəstəyindən ölkəmizə qarşı istifadə etməsin.

Ona görə də Həcər xanımın o fikrini tamamilə dəstəkləyirəm ki, Azərbaycanın hərbi, diplomatik, siyasi qələbəsinin nəticəsi olaraq bu sənədin paraflanmasından və yaxın gələcəkdə imzalanmaq ehtimalından yox, imzalanmamasından ehtiyyatlanmaq lazımdır. Bu fikirdəyəm ki, Nikol Paşinyan dərhal ölkəsində konstitusiya islahatlarına getməli, sənədi bir an öncə imzalamalı, İran və Rusiya kimi qüvvələrin Cənubi Qafqazda sülh erasının başlamasına mane olmasına imkan verməməlidir.

Belə bir narahatlıq üçün əsaslarımız kifayət qədərdir. Ermənistan uzun illər ərzində bir terror dövləti olaraq fəaliyyət göstərib, o cümlədən daxili siyasi münasibətlərini terror aktları ilə ayırd edib. Ermənistan parlamentinə Vazgen Sərkisyanın, Karen Dəmirçiyanın öldürüldüyü silahlı basqını yada salaq. Daşnaksütyun və Azərbaycana, Türkiyəyə nifrət üzərində qurulmuş digər savaş partiyaları artıq Sülh Sazişinin mətninə kəskin etirazlar bildiriblər. Demək ki, kənardan aldıqları dəstəklə konstitusiya referendumu ərəfəsində Ermənistanı qarışdıra bilərlər.

Amma bu ssenarini puç etmək üçün Ermənistan rəhbərliyinin əlində kifayət qədər geniş resurslar da var.

Bu resurslardan birincisi müqavilə mətninin tam beynəlxalq prinsip və normalara uyğun olmasıdır. Nikol Paşinyan öz cəmiyyətinə izah etməlidir ki, illərlə beynəlxalq hüquqa qarşı çıxdığı üçün Ermənistan son nəticədə məyus olub, indi isə, beynəlxalq legitimlik müstəvisinə qayıdır. Azərbaycanla Sülh Sazişi Ermənistana hər şeydən öncə legitim dövlət statusu qazandırır.

İkincisi, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinə sülhün əhəmiyyətini aşılamalıdır. Fərz edək ki, Sülh Sazişi bağlanmadı, bölgəyə barış yox, müharibə gəldi. Bu savaş nəticəsində yenə minlərlə azərbaycanlı öldürüldü, əlil edildi, Bakı öz iqtisadi resurslarını silahlanmaya xərclədi. Bu, Ermənistana nə vəd edir? İkinci Qarabağ savaşından sonra yaranan reallıqdan çıxış etsək, savaşda minlərlə azərbaycanlı şəhid olacaqsa, on minlərlə erməni həlak olacaq. Dünən müharibə bizim ərazimizdə gedirdisə, sabah savaş Zəngəzurda, Göyçədə, İrəvan ətrafında gedəcək. Bizim neftimiz vardı, Qarabağ savaşı boyu ölkəmizin iqtisadi dayanıqlılığını təmin etdik. Ermənistan əriklə, konyakla ərazisində hərbi əməliyyatlar getdiyi zaman iqtisadi müstəqilliyini qoruya biləcəkmi?

Üçüncüsü, geopolitik proseslər Ermənistanı sülhə məcbur edir. Ermənistana SSRİ-nin dağılmasından sonra "süni nəfəs" verən ölkələrdən biri məhz İran idi. İndi İran, yumşaq desək, öz gününə ağlayır. İrandan Ermənistana bir müddət neft, qaz, tələbat malları ixrac oluna, Tehran İrəvana Azərbaycana təzyiq dəstəyi verə bilər. Amma İsraillə 12 günlük savaşdan sonra ağlı başında olan hər kəsə bəllidir ki, İranın axırı hara gedir. Ermənistanın cəmi 4 qonşusu var, üçü türklərdir, o biri- Gürcüstan isə, Azərbaycan və Türkiyə ilə işbirliyindədir. Qarabağ sorununu çözmüş Azərbaycanla savaşa girmək heç bir halda Ermənistana fayda verməz. Xüsusən də, Rusiyanın Ukranya müharibəsində çökdüyü və dirçəlməsi yaxın zamanlarda mümkün görünməyən bir mərhələdə.

Dördüncüsü, Nikol Paşinyan artıq hakimiyyətdə "dünənki uşaq" deyil. 7 ildir Ermənistanın baş naziridir. Bu, ABŞ-da iki prezidentlik müddətindən cəmi bir il azdır. 7 il ərzində Ermənistanın dövlət təşkilatı Moskvaya bağlı Sərkisyan-Köçəryan cütlüyünün simpatizanlarından xeyli təmizlənib. Xüsusilə, Rusiyanın güc strukturları içərisindəki kolonunun deşifrə olunması diqqətəlayiqdir. Odur ki, "Qarabağ klanı" və digər revanşist qrupların əl-qolu Ermənistanı desentralizasiyaya sürükləmək, Nikolu hakimiyyətdən salmaq üçün o qədər də açıq və uzun deyil.

Nəhayət, bu sənəd, prezident İlham Əliyevin təbirincə desək, dünyanın ən qüdrətli ölkəsində, ən qüdrətli paytaxtında, ən qüdrətli ofisində paraflanıb. Sülh Sazişinin imzalanmasına nail olmaq ABŞ və Ağ ev üçün həm şərəf məsələsidir, həm də supergüc olmanın yaratdığı məsuliyyətdir. ABŞ və NATO bu işi əngəlləməyə qalxan hər kəsi ən sərt şəkildə cəzalandırar. Avropa İttifaqına daxil olan ölkələr- Fransa başda olmaqla bu zəmində Trampın çaldığı havanı oynamağa məcburdurlar.

Uzun sözü qısası, vəziyyət rusca deyil. Elə sənəd də üç dildə- Azərbaycan, erməni və ingilis dillərində imzalanıb.

Taleh Şahsuvarlı,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru