İlham Əliyevin ABŞ səfəri- Azərbaycan diplomatiyası üçün yeni mərhələ!

Prezident İlham Əliyevin ABŞ-a son səfəri Azərbaycan diplomatiyasının parlaq uğurları ilə yadda qaldı. Səfər çərçivəsində keçirilən çoxsaylı görüşlər Azərbaycanın dünya siyasətində artan rolunun və qlobal tərəfdaşlıq üçün cəlbedici mərkəzə çevrilməsinin təsdiqi kimi qiymətləndirilir.
Səfərin diqqətçəkən məqamlarından biri odur ki, görüşlər qarşı tərəfin təşəbbüsü ilə baş tuturdu. Bu fakt Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzunu bir daha nümayiş etdirir. Yəni artıq Azərbaycan tərəfdaşlıq axtaran deyil, tərəfdaşlığı arzulanan ölkədir. Bu, həm dövlətimizin siyasi çəkisini, həm də iqtisadi cazibəsini eyni anda göstərir.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın İlham Əliyev haqqında söylədiyi səmimi sözlər dünya mediasında da geniş yer aldı. İki lider arasında yaxşı münasibətlər həm də Vaşinqtonun siyasi dairələrində Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasına əlavə zəmin yaradır. Trampın fikirləri şəxsi kompliment kimi yozmaq olmaz. ABŞ prezidentinin cəmiyyətimizdə məmnunluqla qarşılanan ifadələri Azərbaycan liderinə qlobal miqyasda bəslənən ümid və etimadın ifadəsidir.

Səfər zamanı Finlandiya, Yunanıstan, Keniya, Portuqaliya və Bolqarıstan liderləri, eləcə də Avropa Şurasının baş katibi ilə görüşlər keçirildi. Burada bir məqam xüsusilə önəmlidir: bu dövlətlərin hamısı Azərbaycan-Ermənistan arasında Vaşinqtonda imzalanmış 2025-ci il sülh müqaviləsini “tarixi nailiyyət” kimi qiymətləndirdilər. Bu, Prezident İlham Əliyevin sülh gündəliyinə verdiyi önəmin və təşəbbüskar mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyini təsdiqləyir. Prezident İlham Əliyevin təşəbbüsü, ABŞ prezidenti Donald Trampın şahidliyi ilə paraflanan sülh müqaviləsi Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşdırıb. Bu reallıq Azərbaycanın bölgədə təkcə iqtisadi deyil, həm də təhlükəsizlik sisteminin təminatçısı rolunu daha da gücləndirir.

ABŞ-ın nəhəng investisiya şirkətləri – ExxonMobil, Chevron, BlackRock və digərləri ilə keçirilən görüşlər Azərbaycanın enerji və investisiya potensialına marağın açıq ifadəsi oldu. Burada iki istiqamət diqqətəlayiqdir: bir tərəfdən Azərbaycanın enerji təhlükəsizliyində Avropa üçün alternativ qaz mənbəyi kimi mövqeyi möhkəmlənir, digər tərəfdən isə qeyri-neft sektoruna yatırılacaq sərmayələr iqtisadi diversifikasiyanı sürətləndirir. Xüsusilə Portuqaliya və Bolqarıstanla aparılan danışıqlar Azərbaycanın qaz ixracını AB bazarı üçün əhəmiyyətli mənbəyə çevirir.

Xəzər Biznes Forumu çərçivəsində imzalanan 10 milyard dollarlıq investisiya müqavilələri Azərbaycanın iqtisadi modelinin transformasiya mərhələsini göstərir. Bu investisiyalar artıq təkcə enerji sahəsinə deyil, kənd təsərrüfatı, texnologiya, logistika və turizm sektorlarını da əhatə edir. Deməli, Azərbaycan regional enerji mərkəzindən qlobal iqtisadi mərkəzə doğru irəliləyir.

Bu səfər göstərdi ki, Azərbaycan artıq öz regionunda hadisələri izləyən deyil, onları formalaşdıran mərkəzdir. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz həm siyasi sabitlik, həm iqtisadi investisiya mühiti, həm də enerji təhlükəsizliyi baxımından qlobal gündəliyin vacib hissəsinə çevrilib. Bu, Azərbaycanın gələcək onilliklərdə də beynəlxalq proseslərdə söz sahibinə çevriləcəyini indidən təsdiqləyir.

Taleh ŞAHSUVARLI