HÜNDÜRLÜK! - Mirşahin yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nyu-Yorka səfəri, keçirdiyi çox vacib görüşlər, xüsusilə də onun BMT Baş Assambleyasının tribunasından dünyaya elan etdiyi Müstəqil Azərbaycan Platforması sosial medianın, düşmən qüvvələrə məxsus seqmentində antiazərbaycan isterikası ilə müşayiət olunur. Əslində hər bir azərbaycanlının fəxr etməli olduğu Tarixi Hadisə baş verib:

- Prezident İlham Əliyev BMT-nin tribunasından bütün dünyaya Zəfər Nitqi ilə müraciət edib!
Bu nə deməkdir: yəqin ilk növbədə o ki, ağlı başında olan hər kəs Azərbaycan Xalqının, Azərbaycan Dövlətinin tarixində Fövqəladə Müstəsna Yer tutan bu hadisəni ayıq başla anlamalı, bu Qürurverici Faktın yalnız indi və bugünə deyil, həm də sonrakı illər, əsrlər və minilliklər üçün də Yol Xəritəsi olduğunu dərk etməlidir; ətrafında, mənzilində, kəndində, şəhərində, ölkəsində olan hər kəsə bu Möhtəşəm Hadisənin mahiyyətini, məsuliyyətini izah etməli, başa salmalıdır! Sosial Medianın düşmən ideologiyasının əlinə işləyən (fərqi yoxdur, bilmədən, ya qəsdən) qüvvələri isə diqqəti bu əzəmətli hadisədən yayındırmaqdan, tarixi taleyimizin bu parlaq hadisəsini arxa plana atmaqdan ötrü sərəncamında olan internet resurslarından var gücü, bütün xəbisliyi ilə istifadə edir.

Kimdir bunlar:

-xaricdə mənzillənən “Azad Söz” (bədnam Tural Sadıqlı),
-“Azerfreedom” (bədnam Qurban Məmmədov),
-“Osmanqızı Tv” (bədnam Sevinc Osmanqızı),
-“Azərbaycan saatı”(bədnam Qənimət Zahid)…
-və onların baxışlarını Azərbaycanda bu, ya başqa şəkildə öz yerli platformalarında tirajlayan bəziləri.

Bu “telebudkaların” müştəriyə təklif və təqdim etdiyi məhsullar arasında nə Müqəddəs, fenomenal 27 sentyabra, nə 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün xalqın nümayiş etdirdiyi kütləvi qəhrəmanlığa, nə şəhidlərimizin, qazilərimizin fədakarlığına rast gəlmək mümkündür. Adını çəkdiyim tribunalarda yalnız böhtan, yalnız yalan, yalnız uydurma əhvalatlar tirajlanır. Məhz bu internet və yotube qara kütləsi dünyanın bu gün yeganə qalib dövləti olan Azərbaycanın imicini ləkələmək, onun liderini, xalqını gözdən salmaq, əldə etdiyi tarixi nailiyyəti şübhələndirmək məqsədi ilə səfərbər olub.

BMT-dən elan etdiyimiz Geosiyasi Proqramın hər müddəası, hər abzası əslində son dərəcə ciddi tapşırıqdır. Milli Mükəlləfiyyətdir! Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, hər bir soydaşımızın diqqətinə, təhtəlşüuruna hesablanmış məlumat bazasıdır! Həm də uzun illər işğalın, köçkünlüyün, məğlubiyyətin natamamlıq, əskiklik kompleksindən əziyyət çəkmiş Xalqın Bütövlüyə, Bütünlüyə, nəhayət Əbədi Qürura Qayıdışının Beynəlxalq Güclərə qəbul etdirilməsidir. Prezidentin Xocalıdan Nyu-Yorka, Nyu-Yorkdan Gəncə Memorial kompleksinə gedişləri Qlobus Boyda təqdimatdır, xalqın Yer Kürəsi boyda birliyinin rəmzidir. Sosial Media seqmentini İlham Əliyevin Nilayın əlindən tutaraq Gələcəyə aparması daha çox məşğul etməlidir. Çünki ilk növbədə məhz onların auditoriyasının belə tarix dərsinə ehtiyacı var! Yəni o qədər avamdırlar ki, 6 yaşlı Nilayın görə bildiyini onlar görmürlər!?!Görmürlərmi Prezident göründüyündən hündürdür?!! Ona görə də hər kəsi bu axşam saat 21-də yenidən Nyu-Yorka, BMT-yə Birləşmiş Millətlər Təşkilatına, Bütövləşmiş Millətimizin Tribunasına dəvət edirəm!

MİRŞAHİN